Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı” Azərbaycanda rəqabət siyasətinin hüquqi çərçivədən praktiki icra və nəticəyönümlü idarəetmə mərhələsinə keçidini nəzərdə tutur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı bildirib ki, 2023-cü ildə Rəqabət Məcəlləsinin qəbul olunmasından sonra hazırlanmış Milli Fəaliyyət Planı bazarların diaqnostikası, rəqabətli neytrallığın təmin edilməsi, xüsusi tənzimlənən sahələrin mərhələli şəkildə rəqabətli bazar modelinə keçidi, elmi-analitik potensialın gücləndirilməsi və institusional əməkdaşlığın inkişafı üzrə konkret fəaliyyət çərçivəsi yaradır. Sənəddə bazarlara giriş imkanlarının genişləndirilməsi, özəl investisiyaların stimullaşdırılması və dayanıqlı iqtisadi artımın dəstəklənməsi məqsədilə kompleks tədbirlər müəyyənləşdirilib.
İİTKM-in şöbə müdiri qeyd edib ki, beynəlxalq təcrübədə rəqabət siyasətinin səmərəliliyinin artırılması məqsədilə inhisarçı davranışların müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi ilə yanaşı, bazarda rəqabətə təsir göstərə bilən hüquqi, inzibati, struktur və texnoloji faktorların əvvəlcədən müəyyənləşdirilməsinə və onların təsirinin qiymətləndirilməsinə də xüsusi diqqət yetirilir. Belə ki, OECD-nin “Competition Assessment Toolkit” metodologiyası qanunların, lisenziya və icazə prosedurlarının bazar iştirakçılarının sayına, fəaliyyət imkanlarına, rəqabət aparmaq motivasiyasına və istehlakçı seçiminə təsirini qiymətləndirməyə imkan verir. “Competitive Neutrality Toolkit” isə dövlətin mülkiyyətçi, tənzimləyici və ya bazar iştirakçısı kimi fəaliyyəti nəticəsində dövlət və özəl müəssisələr üçün bərabər fəaliyyət şəraitinin təşviqinə yönəlir. OECD ölkələrində dövlət və özəl müəssisələr üçün bərabər rəqabət şəraitinin təmin edilməsi ilə yanaşı, dövlət satınalmalarında mümkün kartel sövdələşmələri xüsusi risk indikatorları əsasında izlənilir.
Lətif Zeynallı bildirib ki, rəqəmsal bazarların sürətli inkişafı ənənəvi antinhisar alətlərinin qabaqlayıcı və bazarın xüsusiyyətlərinə uyğun tənzimləmə mexanizmləri ilə tamamlanmasını zəruri edir. Bu məqsədlə Avropa İttifaqında “Digital Markets Act” əsasında böyük rəqəmsal platformalar üçün öz xidmətlərinə əsassız üstünlük verilməsinin qarşısının alınması, biznes istifadəçilərinin məlumatlara çıxışının təmin edilməsi və istehlakçı seçimlərinin genişləndirilməsi üzrə qabaqlayıcı öhdəliklər müəyyənləşdirilib. Böyük Britaniyada isə “Digital Markets, Competition and Consumers Act” və “Digital Markets Competition Regime” çərçivəsində strateji bazar gücünə malik rəqəmsal şirkətlər üçün konkret bazarın xüsusiyyətlərinə uyğun fərdi davranış tələbləri tətbiq edilir. Beynəlxalq təcrübə göstərir ki, rəqabətin inkişafı son nəticədə bazara yeni iştirakçıların daxil olmasını asanlaşdırır, müəssisələri xərcləri azaltmağa və innovasiyalar tətbiq etməyə təşviq edir, istehlakçılar üçün qiymət, keyfiyyət və seçim imkanlarını yaxşılaşdırır. Bu baxımdan, Milli Fəaliyyət Planının iqtisadi təsiri tənzimləmə maneələrinin azalması, rəqabət təzyiqinin güclənməsi, məhsuldarlığın yüksəlməsi, özəl investisiyaların artması və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi kanalları vasitəsilə formalaşa bilər.
Lətif Zeynallı əlavə edib ki, Milli Fəaliyyət Planında müəyyən olunmuş 3 prioritet istiqamət rəqabət siyasətinin müxtəlif elementlərini vahid çərçivədə birləşdirir. “Rəqabətin inkişafı üzrə tənzimləmə və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” prioritet istiqaməti bazarlardakı mövcud vəziyyətin daha dəqiq diaqnostikasına və qərarların əsaslandırılmış təhlillər əsasında qəbuluna imkan yaradacaq. “Rəqabət sahəsində elmi-analitik potensialın və rəqabət mədəniyyətinin inkişaf etdirilməsi” istiqaməti müasir metodologiyaların tətbiqini, müvafiq sahədə bilik və peşə səriştələrinin inkişaf etdirilməsini, eləcə də bazar iştirakçıları və istehlakçıların məlumatlılıq səviyyəsinin yüksəldilməsini dəstəkləyəcək. “Rəqabət sahəsində əməkdaşlığın və institusional imkanların genişləndirilməsi” istiqaməti isə dövlət qurumları, sahibkarlar, ali təhsil müəssisələri və beynəlxalq tərəfdaşlar arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsinə xidmət edəcək. Bu istiqamətlərin qarşılıqlı şəkildə həyata keçirilməsi rəqabət siyasətinin institusional dayanıqlılığının artırılmasına, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına, nəticədə isə dayanıqlı iqtisadi artımın dəstəklənməsinə töhfə verəcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır