Vüsal Qasımlı Koreya Respublikasının Azərbaycandakı səfiri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqunu qəbul edib.
Tərəflər Azərbaycan–Koreya iqtisadi münasibətlərinin inkişaf perspektivləri, Orta Dəhlizin qlobal təchizat zəncirlərində artan strateji əhəmiyyəti, süni intellekt və verilənlərə əsaslanan idarəetmə, regional data strategiyası, yaşıl nəqliyyat dəhlizləri və bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Vüsal Qasımlı Orta Dəhlizin yalnız Asiya ilə Avropanı birləşdirən tranzit marşrutu deyil, həm də ticarət, investisiya, istehsal, enerji və regional inteqrasiyanı təşviq edən çoxşaxəli iqtisadi platforma olduğunu bildirib. Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturu ölkənin dəhlizin əsas qovşaqlarından biri kimi rolunu gücləndirir.
Həmçinin Koreyanın qabaqcıl texnoloji imkanları və ağıllı logistika sahəsində təcrübəsi ilə Azərbaycanın regional bağlantı potensialının uzlaşdırılmasının yeni əməkdaşlıq imkanları yarada biləcəyi qeyd olunub. Liman və dəmir yolu infrastrukturunun rəqəmsallaşdırılması, intellektual logistika sistemləri, yüklərin real vaxt rejimində izlənilməsi və kağızsız ticarət mexanizmlərinin inkişaf perspektivləri nəzərdən keçirilib.
Süni intellektin, böyükhəcmli verilənlərin təhlilinin və proqnozlaşdırma modellərinin yük axınlarının optimallaşdırılmasına, logistika risklərinin əvvəlcədən müəyyənləşdirilməsinə və sərhədkeçmə prosedurlarının sürətləndirilməsinə imkan verdiyi vurğulanıb. Tərəflər, həmçinin yaşıl logistika, karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrindən istifadə və yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Sonda iki ölkənin analitik mərkəzləri və tədqiqat institutları arasında birgə araşdırmaların aparılması, ekspert mübadiləsinin təşkili və müvafiq istiqamətlər üzrə ortaq tədbirlərin keçirilməsi imkanları nəzərdən keçirilib.
Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri və missiya rəhbərinin müavini Kim Changsoo, İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli və Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Mehrəliyeva iştirak ediblər.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar