“Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” çərçivəsində üç panel keçirilib

“Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” çərçivəsində üç panel keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” çərçivəsində regional inteqrasiya, ticarət-iqtisadi əməkdaşlıq, innovasiya və iqtisadi transformasiya məsələlərinə həsr olunmuş üç panel təşkil edilib.

Konfransın “Regional inteqrasiya və infrastruktur əsaslı inkişafın sürətləndirilməsində Orta Dəhlizin rolu” mövzusunda keçirilən ilk panelinə Milli Məclisin deputatı, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə moderatorluq edib.

Paneldə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramazan Erdağ, Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəliyinin rəhbəri Balázs Hendrich, İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Yaşar Sarı, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Regional Araşdırmalar Mərkəzinin direktoru Adilbek Yermekbaev, Türkiyənin İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin (TESAM) prezidenti İlyas Bozkurt və Şimali Kiprin Tanıtım Platformasının rəhbəri Okyay Sadıkoğlu çıxış ediblər.

Müzakirələrdə Orta Dəhlizin Türk dövlətləri arasında regional və beynəlxalq bağlantıların gücləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və infrastruktur əsaslı inkişafın sürətləndirilməsində rolu diqqət mərkəzində olub. Nəqliyyat və logistika infrastrukturunun inkişafı, sərhədlərarası logistika və gömrük prosedurlarının uyğunlaşdırılması, regional dəyər zəncirlərinin formalaşdırılması və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, Orta Dəhlizin geoiqtisadi dayanıqlılıq və iqtisadi şaxələndirmə baxımından əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

 “TDT-yə üzv dövlətlər arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: mövcud trendlər və istifadə olunmamış imkanlar” mövzusunda ikinci panelə Türkiyənin Özbəkistandakı səfirliyinin Kommunikasiya müşaviri Mehmet Yüce moderatorluq edib.

Paneldə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov, Qazaxıstanın Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universitetinin Avrasiya Araşdırmaları İnstitutunun direktoru Suat Beylur, Özbəkistanın “Proqressiv İslahatlar Mərkəzi”nin həmtəsisçisi Mirşohid Aslanov, Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun direktor müavini Timur Abylaev, Türkiyənin “Alternativ Tədqiqatlar Mərkəzi”nin prezidenti, Türk Dünyası Yörük Türkmen Birliyinin baş katibi Cemal Akkuş və Macarıstanın Ludovika Türk Araşdırmaları Mərkəzinin rəhbəri László Vasa çıxış ediblər.

Panel iştirakçıları TDT-yə üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və mövcud iqtisadi potensialdan daha səmərəli istifadə imkanlarını müzakirə ediblər. Müzakirələr zamanı ticarət siyasətlərinin və gömrük prosedurlarının uyğunlaşdırılması, daxili iqtisadi maneələrin azaldılması, iqtisadiyyatların şaxələndirilməsi və innovasiyaya əsaslanan inkişafın təşviqi məsələlərinə toxunulub.

Konfrans çərçivəsində “Dayanıqlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya” mövzusunda üçüncü panel də keçirilib.

Panelə Milli Məclisin deputatı, Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov moderatorluq edib. Müzakirələrdə Türkiyənin “Beynəlxalq iqtisadi-siyasi araşdırmalar mərkəzi”nin sədri Recep Yorulmaz, Özbəkistanın Mərkəzi Asiya üzrə Beynəlxalq İnstitutunun nümayəndəsi Azamat Toşev, İİTKM-in Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri İlyas Hüseynov, Qazaxıstanın Beynəlxalq Elm və Texnologiya Mərkəzinin əməkdaşı Dana Yessenzhanova, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin şöbə müdiri Fazliddin Nasriddinov, Macarıstanın Danube İnstitutunun Türk-Qərb Əlaqələri Təşəbbüsünün rəhbəri İbrahim Məmmədov və Şimali Kipr Türk Respublikasının Azərbaycan Diaspor Mərkəzinin sədri Raul Dinyev çıxış ediblər.

Paneldə Türk dövlətlərində dayanıqlı iqtisadi inkişafın təmin edilməsində innovasiyaların rolu, rəqəmsal ticarət və vahid rəqəmsal iqtisadi ekosistemin formalaşdırılması, süni intellektin iqtisadi transformasiyaya təsiri, rəqəmsal infrastrukturun və məlumatların idarə olunması mexanizmlərinin inkişafı müzakirə olunub.

Beləliklə, konfrans çərçivəsində keçirilən üç paneldə Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın nəqliyyat-logistika, ticarət, investisiya, rəqəmsallaşma, innovasiya və insan kapitalı istiqamətlərində inkişaf perspektivləri geniş müzakirə olunub. Sessiyalar milli analitik mərkəzlər arasında təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, birgə tədqiqat imkanlarının artırılması və Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından fikir mübadiləsi platforması rolunu oynayıb.

“Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” çərçivəsində üç panel keçirilib