TDAM rəhbəri: “Türk Dünyası Həftəsi” ortaq elmi və strateji əməkdaşlığın simvoludur
Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” təkcə tarixi yubiley deyil, həm də türk xalqlarının ortaq elmi, mədəni və strateji əməkdaşlığının yeni mərhələsini simvolizə edir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı əsasında keçirilən yubiley tədbirləri 1926-cı ildə Bakıda təşkil olunan Birinci Türkoloji Qurultayın tarixi irsinin yenidən beynəlxalq elmi gündəmə gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Birinci Türkoloji Qurultay yalnız elmi tədbir deyildi. Bu qurultay türk xalqlarının ortaq dil, əlifba, tarix, mədəniyyət və kimlik məsələləri ətrafında fikir birliyinin formalaşmasına xidmət edən mühüm intellektual platforma idi. Aradan yüz il keçməsinə baxmayaraq, həmin qurultayın irəli sürdüyü ideyalar bu gün də öz aktuallığını qoruyur”, – deyə İ.Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının son illərdə həyata keçirdiyi inteqrasiya siyasəti, ortaq türk əlifbası istiqamətində görülən işlər, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsi Birinci Türkoloji Qurultayın müəyyən etdiyi strateji hədəflərin müasir dövrdə davamı kimi qiymətləndirilə bilər.
TDAM rəhbəri bildirib ki, Prezident İlham Əliyevin Türk Dünyası Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, Birinci Türkoloji Qurultayın qərarları türk xalqlarının elmi-mədəni həmrəyliyinin qorunmasında mühüm rol oynayıb və müstəqillik dövründə türk dünyasının mənəvi dirçəlişinə güclü təkan verib.
İ.Hüseynov qeyd edib ki, hazırda Türk dünyası siyasi, iqtisadi, nəqliyyat, enerji, rəqəmsallaşma və humanitar əməkdaşlıq istiqamətlərində yeni inkişaf mərhələsinə qədəm qoyur. Belə bir dövrdə Bakıda keçirilən Türk Dünyası Həftəsi ortaq elmi düşüncənin inkişafına, türkologiya sahəsində yeni tədqiqatların təşviqinə və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcək.
“Azərbaycan tarixən türk dünyasının intellektual mərkəzlərindən biri olub. Bu gün də ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin təşviqində fəal rol oynayır. Birinci Türkoloji Qurultayın 100 illiyinin məhz Bakıda beynəlxalq səviyyədə qeyd olunması Azərbaycanın Türk dünyasının elmi və mədəni inteqrasiyasında aparıcı mövqeyini bir daha nümayiş etdirir”, – deyə İlyas Hüseynov əlavə edib.
TDAM rəhbəri hesab edir ki, Türk Dünyası Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfranslar, elmi müzakirələr və mədəni tədbirlər türkologiyanın inkişafına yeni impuls verəcək, türk xalqları arasında elmi-humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.
Rəsmi açılış mərasimində türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edir.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır