Rəqəmsal iqtisadiyyat dərsliyi ilə bağlı şərh "Xalq qəzeti"ndə

Rəqəmsal iqtisadiyyat dərsliyi ilə bağlı şərh "Xalq qəzeti"ndə

Postpandemiya dövründə iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası Azərbaycan Respublikasının qarşısında duran prioritet məsələlərdən birinə çevrilib. “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezidentin fərmanında göstərildiyi kimi, iqtisadiyyatın və dövlət idarəetməsinin səmərəliliyinin, informasiya təhlükəsizliyinin və vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli məlumatlar” (Big Data), “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) kimi rəqəmsal təşəbbüslər həyata keçirilir. Bütün bu təşəbbüslər rəqəmsal iqtisadiyyatın formalaşmasının əsas şərtləridir. 

Milli Aviasiya Akademiyası ilə İqtisadi İslahatla­rın Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə nəşr etdirdiyi və Elm və Təhsil Nazirliyinin əmri ilə çap hüququ (qrif) verilmiş “Rəqəmsal iqtisadiyyat” kitabı bu sahədə ilk fundamental dərslikdir. Giriş hissə­sini İİTKM-in icraçı direktoru, Dövlət İdarəçilik Aka­demiyasının professoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının yazdığı və 6 müəllifin birgə ərsəyə gətirdiyi “Rəqəmsal iqtisadiyyat” rəqəmsallaşmanın mahiyyəti­ni və onun iqtisadi inkişafa təsirini dərindən araşdıran yenilikçi bir kitabdır. Rəqəmsal iqtisadiyyatın müxtəlif aspektlərinə xüsusi diqqət yetirməklə kitab rəqəmsal iq­tisadiyyatın nəzəri əsaslarının, gələcək inkişaf perspek­tivlərinin, həlli zəruri olan kibertəhlükəsizlik problem­lərinin, rəqəmsallaşmanın sektoral təsirlərinin, elektron ticarətin, rəqəmsal transformasiyanın və rəqəmsal hö­kumətin idarə edilməsinin dərin təhlilini təklif edir.

Kitabda rəqəmsal iqtisadiyyat insanlar, şirkətlər, cihazlar, məlumatlar və proseslər arasında gündəlik milyardlarla onlayn bağlantıdan qaynaqlanan iqtisadi fəaliyyətlərin toplusu kimi izah olunur. Qeyd edilir ki, rəqəmsal iqtisadiyyat rəqəmsal texnologiyalara fokus­lanan, yəni rəqəmsal və kompüter texnologiyalarına əsaslanan iqtisadiyyatdır. Dərslikdə ənənəvi iqtisadiy­yatla rəqəmsal iqtisadiyyat arasındakı fərq nümunələrlə izah olunmaqla göstərilir ki, artıq rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyata dərindən nüfuz etdiyi üçün onlar arasındakı sərhədi müəyyənləşdirmək çətinləşib. 

Kitabın birinci fəslində rəqəmsallaşmanın iqtisadi inkişafda əsas rolu araşdırılır. Bu fəsildə rəqəmsal iqti­sadiyyatın nəzəri əsasları hərtərəfli təhlil olunur və onun ümumi sistemə təsirlərini başa düşmək üçün möhkəm zəmin yaradılır. Bundan əlavə, müəlliflər ölkələrin, o cümlədən Azərbaycanın inkişafında rəqəmsallaşmanın roluna diqqət yetirərək, problemə makro səviyyəli pers­pektiv təqdim edirlər.

Dərsliyin ikinci fəslində müəlliflər rəqəmsal iqtisa­diyyatın müxtəlif infrastruktur komponentlərini təsnif etməklə oxuculara rəqəmsal sistemləri və şəbəkələri qorumaq üçün tələb olunan məsələlər və ehtiyat təd­birləri haqqında daha dərindən anlayış əldə etməyə kömək edirlər. Rəqəmsal əsrdə ən aktual problemlərdən olan kibertəhlükəsizlik haqqında geniş izah verilmək­lə, rəqəmsal iqtisadiyyatda kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı metod və risklər barədə məlumatlar hərtərəfli nəzərdən keçirilir.

Kitabın üçüncü fəslində rəqəmsallaşmanın iqtisa­diyyatın müəyyən sektorlarına nə dərəcədə nüfuz et­məsi araşdırılır. Müəlliflər rəqəmsallaşmanın müxtəlif sənaye sahələrinə təsirinin hərtərəfli icmalını təqdim edərək, bu sektorlardakı əsas tendensiyaları işıqlandı­rırlar. Müəlliflərin elektron pul kisələri, alternativ ma­liyyə alətləri, kriptovalyutalar, blokçeyn texnologiyası və məsləhət botları daxil olmaqla, “FinTek” və onun alt komponentlərinin ətraflı izahı xüsusi maraq doğurur. Bu fəsildə geniş yer verilən blokçeyn texnologiyala­rı zəncirvari əlaqələndirilən bloklar vasitəsilə aparılan əməliyyatlar sistemi kimi göstərilir. Müəlliflər blokçeyn texnologiyalarının müasir iqtisadiyyata müsbət təsirləri ilə bərabər, onların yaratdığı riskləri də ətraflı izah edir­lər. 

Rəqəmsal iqtisadiyyatın əsas elementlərindən biri də elektron ticarətdir. Müəlliflər elektron ticarətə in­formasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı və müəyyən xidmətlərin göstərilməsi üzrə fəaliyyətlərin həyata keçirilməsi tərifini verirlər. Dərs­likdə bütöv bir fəsil (IV) elektron ticarətin tarixinə və hazırkı vəziyyətinə həsr olunub. Kitabda əsas fikir­lərdən biri elektron ticarətin rəqəmsal iqtisadiyyatın inkişafının aparıcı qüvvəsi kimi tanınması ilə bağlı­dır. Elektron ticarətin transformativ təbiətini araşdıran müəlliflər onun biznes modellərinə, istehlakçı davranış­larına və qlobal ticarətə təsirini vurğulayırlar, həmçinin Azərbaycanda elektron ticarətin vəziyyəti və elektron ticarətlə bağlı mövcud qanunvericilik haqqında geniş izah verirlər. 

Müəlliflər beşinci fəsildə rəqəmsal transformasiyanı rəqəmsal texnologiyaların inteqrasiyasını və buna uy­ğun olaraq iş təcrübəsi və mədəniyyətinin dəyişməsi ilə sosial və sektoral ehtiyaclar üçün asan həll yollarının yaradılmasını nəzərdə tutan anlayış kimi təqdim edirlər. Burada rəqəmsal transformasiyanın hərəkətverici qüv­vələri kimi vətəndaşların prosesə cəlbi, dövlət qulluqçu­larının texnoloji təchizatının gücləndirilməsi, hökumət əməliyyatlarının optimallaşdırılması və xidmətlərin transformasiyası sadalanır.

Kitabda xüsusilə vurğulanır ki, Azərbaycanda elekt­ron hökumətin formalaşdırılması Ulu Öndər HeydərƏliyevin 2003-cüildə imzaladığı “Azərbaycan Res­publikasının inkişafı naminə informasiya-kommuni­kasiya texnologiyaları üzrə Milli Strategiya” ilə baş­layıb. Dərslikdə Azərbaycan elektron hökumət portalı, my.gov.az elektron xidmətlər sistemi, Dövlət Nəzarəti İnformasiya Sistemi, Elektron Kənd Təsərrüfatı İnfor­masiya Sistemi, Rəqəmsal Ticarət Qovşağı, dövlət sa­tınalmaları üçün elektron satınalma platforması, dövlət statistik məlumatlarının əldə edilməsi üçün e-sənəd dövriyyəsi sistemi, elektron məhkəmə sistemi, elektron səhiyyə xidməti, elektron təhsil, elektron sosial xidmət­lər, əmlak və torpaqların elektron kadastrı və s. dövlət proqramlarının, strateji yol xəritələrinin, tədbirlər plan­larının, iqtisadi yönümlütəşviq layihələrinin, habelə sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin monitorinqini və qiymətləndiril­məsini həyata keçirmək üçün İqtisadi İslahatların Təh­lili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılmış monitoring.az portalının istifadəyə verilməsi rəqəm­sallaşma sahəsində aparılan uğurlu siyasət nümunələri kimi göstərilib. 

Dərslik Azərbaycanda rəqəmsal hökumət üçün idarəetmə və institusional çərçivənin təhlili və qiy­mətləndirilməsi ilə yekunlaşır. Bu fəsildə bir ölkənin rəqəmsal idarəetmənin tətbiqi sayəsində inkişafının maraqlı nümunəsi təqdim edilməklə yanaşı, rəqəmsal­laşma strategiyaları və siyasətlərinin uğurla həyata keçi­rilməsinin vacibliyi qeyd olunur. Ölkədə təqdim olunan rəqəmsal dövlət xidmətləri haqqında məlumat verilir və ölkənin rəqəmsallaşma səviyyəsi statistik məlumatlar göstərilməklə geniş şərh edilir.

Müəlliflər “Rəqəmsal iqtisadiyyat” kitabı ilə oxucu­lara müasir dövrün rəqəmsal mənzərəsini və onun iqti­sadi inkişafa təsirini dərindən başa düşməyi təklif edən mükəmməl və əhatəli iş hazırlayıblar. Rəqəmsallaşma, kibertəhlükəsizlik, onun sənayeyə təsirləri, e-ticarət, rəqəmsal transformasiya və rəqəmsal hökumət kimi əsas mövzuları təhlil edən dərslik həm tələbələr, ma­gistrantlar və siyasətçilər, həm də biznes liderləri üçün əvəzolunmaz mənbə rolunu oynayır.

Məhiş ƏHMƏDOV,
iqtisad elmləri doktoru, professor

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R