Qlobal iqtisadiyyat sınaq qarşısında olarkən Azərbaycan sabitlik mərhələsinə daxil olur

Qlobal iqtisadiyyat sınaq qarşısında olarkən Azərbaycan sabitlik mərhələsinə daxil olur

Birləşmiş Millətlər Təşkilatının “World Economic Situation and Prospects 2026” hesabatı açıqlanıb. Hesabatı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli bildirib ki, qlobal iqtisadiyyat bir neçə il ard-arda yaşanan ağır sarsıntılardan sonra nəhayət müəyyən mənada nəfəs almağa başlayıb, lakin bu nəfəs hələ də dərin və rahat deyil.

Hesabat göstərir ki, qlobal iqtisadiyyat pandemiya, müharibələr, enerji böhranı və ticarət münaqişələri kimi ciddi şoklara baxmayaraq müəyyən dayanıqlılıq nümayiş etdirib. Bununla belə, ticarət gərginlikləri, fiskal məhdudiyyətlər və davam edən qeyri-müəyyənliklər dünya iqtisadiyyatının orta və uzunmüddətli perspektivlərini hələ də kövrək saxlayır.

BMT-nin proqnozlarına əsasən, qlobal iqtisadi artım 2026-cı ildə 2,7 faizə enəcək, 2027-ci ildə isə 2,9 faizə qədər bərpa olunacaq. Lakin bu göstəricilər hələ də pandemiyadan əvvəlki 3,2 faizlik normal artım səviyyəsindən xeyli aşağıdır. Onun sözlərinə görə, inflyasiyanın zəifləməsi və monetar siyasətin yumşaldılması iqtisadi aktivliyi müəyyən qədər dəstəkləsə də, zəif investisiya mühiti və dərin struktur problemlər artımın qarşısını kəsən əsas amillər olaraq qalır.

Rəşad Nəcəfli vurğulayıb ki, bugünkü qlobal iqtisadi mənzərə vahid deyil. ABŞ və Asiyanın bəzi hissələrində daxili tələbin güclü qalması və dövlət dəstəyi iqtisadi fəallığı qoruyur, Avropada isə artım zəif olaraq qalır. Bir çox inkişaf etməkdə olan ölkələrdə isə yüksək borc yükü və iqlim şokları iqtisadi imkanları ciddi şəkildə məhdudlaşdırır. Əgər qlobal səviyyədə daha güclü siyasət koordinasiyası təmin olunmasa, mövcud təzyiqlər dünya iqtisadiyyatını uzun müddət “aşağı artım tələsinə” salmaq riski yaradır. Fiskal imkanların daralması, inflyasiyanın regionlar üzrə qeyri-bərabər azalması və çoxtərəfli əməkdaşlığın zəifləməsi xüsusilə inkişaf etməkdə olan və iqlim risklərinə həssas ölkələr üçün Dayanıqlı İnkişaf Məqsədlərini daha da uzaqlaşdırır.

2025-ci ildə qlobal ticarət gözləniləndən daha yaxşı nəticə göstərib. Bunun əsas səbəbi yüksək tariflərdən əvvəl edilən qabaqlayıcı ixrac tədarükləri və xidmət ixracının güclü qalması olub. Lakin 2026-cı ildə bu müvəqqəti effektlər zəifləyəcək və qlobal ticarətin artım tempi yenidən aşağı düşəcək. Ticarət maneələri və siyasət qeyri-müəyyənliyi investisiya mühitini də boğur və nəticədə dünya üzrə investisiya fəallığı hələ də zəif qalır ki, bu da gələcək artım üçün ən təhlükəli siqnallardan biri hesab olunur.

Qlobal inflyasiyanın 2025-ci ildə 3,4 faizdən 2026-cı ildə 3,1 faizə enəcəyi proqnozlaşdırılır, lakin bu statistika hələlik sadə vətəndaşın gündəlik həyatında tam hiss olunmur. Ərzaq, enerji və mənzil xərcləri xüsusilə aşağı gəlirli ailələr üçün ağır yük olaraq qalır və sosial bərabərsizliyi daha da dərinləşdirir.

Maliyyə bazarlarında vəziyyət müəyyən qədər sakitləşib. Faizlərin enməsi və bazarlarda əhval-ruhiyyənin yaxşılaşması kapital axınlarını qismən canlandırıb. Bununla yanaşı, xüsusilə süni intellekt sektorunda aktivlərin həddindən artıq şişməsi, borclanma xərclərinin hələ də yüksək qalması və bir çox inkişaf etməkdə olan ölkələrin ağır borc yükü altında qalması qlobal maliyyə sabitliyi üçün səssiz, lakin ciddi risklər yaradır.

Rəşad Nəcəfli qeyd edib ki, məhz belə mürəkkəb və riskli qlobal mənzərədə Azərbaycanın mövqeyi xüsusi diqqət çəkir. BMT və Dünya Bankının son qiymətləndirmələrinə əsasən, Azərbaycan artıq yuxarı-orta gəlirli ölkələr qrupunda mövqeyini möhkəmləndirib. Bu fakt ölkənin aşağı və orta gəlir tələsini geridə qoyduğunu və iqtisadi potensial baxımından Türkiyə, Çin, Malayziya və Qazaxıstan kimi ölkələrlə eyni kateqoriyada yer aldığını göstərir.

Azərbaycan eyni zamanda rəsmi olaraq enerji ixrac edən keçid iqtisadiyyatı kimi tanınır və bu status ölkəyə güclü tədiyə balansı, möhkəm fiskal baza, iri infrastruktur və bərpa layihələrini maliyyələşdirmək imkanı yaradır. Daha da önəmlisi odur ki, Azərbaycanın makroiqtisadi sabitliyi konkret rəqəmlərlə təsdiqlənir. Belə ki, inflyasiya 2022-ci ildə 13,9 faiz olduğu halda, 2024-cü ildə 5,6 faizə enib və 2026–2027-ci illər üçün təxminən 3,5 faiz səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır. Real effektiv məzənnə son illərdə kəskin möhkəmlənmə mərhələsindən sonra artıq sabitləşmə mərhələsinə keçib. ÜDM-in artım trayektoriyası isə pandemiya ilindəki 4,2 faizlik daralmadan 2021-ci ildə 5,6 faizlik bərpaya və 2024-cü ildə 4,1 faizlik artıma qədər yüksəlib.

Rəşad Nəcəflinin fikrincə, bütün bunlar Azərbaycanın qlobal şoklardan bir çox ölkələrlə müqayisədə daha sürətli və daha nəzarətli şəkildə çıxdığını göstərir. Ən vacibi isə odur ki, ölkə artıq “böhranla mübarizə” mərhələsində deyil. Azərbaycan indi sabitlikdən tarazlığa, tarazlıqdan isə davamlı inkişafa keçid mərhələsindədir ki, bu da bir çox inkişaf etməkdə olan ölkənin hələ çata bilmədiyi strateji mərhələ hesab olunur və Azərbaycanın növbəti illərdə iqtisadi keyfiyyətcə yüksəlişi üçün möhkəm baza formalaşdırdığını göstərir.

Mənbə: https://unctad.org/publication/world-economic-situation-and-prospects-2026