Gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiya edilməsi KOB-ların ixrac potensialını gücləndirəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri-neft-qaz məhsulları üzrə ixracın dəstəklənməsi istiqamətində əlavə tədbirləri nəzərdə tutan Fərman imzalayıb. Sənəd “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi” ilə bağlı mövcud hüquqi mexanizmlərin davamı olaraq, yerli məhsulların xarici bazarlara çıxışını təşviq edən yeni maliyyə kompensasiyası alətini müəyyən edir.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, qəbul olunan Fərman qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin ixrac imkanlarının genişləndirilməsi və onların üzləşdiyi maliyyə yükünün azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, əsas məqsəd KOB subyektlərini qlobal rəqabətə daha hazırlıqlı etmək, ixrac prosedurlarını sadələşdirmək və sərhədkeçmə xərclərinin dövlət tərəfindən qarşılanması vasitəsilə Azərbaycan məhsullarının xarici bazarlardakı rəqabət qabiliyyətini artırmaqdır.
A.Qədəşov qeyd edib ki, Fərmanın ən mühüm yeniliklərindən biri “ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi” mexanizminin tətbiqidir. Yeni mexanizmə əsasən, mikro, kiçik və orta sahibkarlar Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edərkən gömrük rəsmiləşdirilməsi üzrə ödədikləri yığımların kompensasiyasını dövlət büdcəsi hesabına ala biləcəklər. Bu yanaşma ixrac prosesində yaranan inzibati xərclərin optimallaşdırılmasına və qənaət edilən vəsaitlərin istehsalın genişləndirilməsinə yönəldilməsinə imkan yaradacaq.
Onun sözlərinə görə, sənəddə sahibkarların iqtisadi maraqlarının qorunmasına xidmət edən mühüm təminat mexanizmi də nəzərdə tutulub. Belə ki, kompensasiya dəstəyinin tətbiq ediləcəyi 5 illik dövrdə qeyri-neft-qaz məhsullarının ixracı zamanı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə yığımların artırılması qadağan edilir. Bu yanaşma KOB subyektləri üçün ixrac xərclərinin proqnozlaşdırıla bilənliyini təmin etməklə yanaşı, əlavə maliyyə risklərinin qarşısını alacaq.
Fərmanın digər mühüm istiqaməti isə icra prosesində şəffaflığın və hesabatlılığın gücləndirilməsidir. A.Qədəşov vurğulayıb ki, kompensasiyanın yalnız mənşə sertifikatı ilə Azərbaycan məhsulu kimi təsdiqlənmiş və faktiki ixrac edilmiş mallara görə ödənilməsi dövlət vəsaitlərinin ünvanlı istifadəsini təmin edəcək. Eyni zamanda, ödənişlərin hər rübün yekununda sahibkarların müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi və bir gömrük bəyannaməsi üzrə dəstək məbləğinə yuxarı həddin müəyyənləşdirilməsi dövlət büdcəsinin səmərəli idarə olunmasına əlavə zəmanət yaradır.
Qeyd edək ki, 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək və 5 il müddətində tətbiq olunacaq Fərman yalnız inzibati xərclərin kompensasiyası ilə məhdudlaşmır. Sənəd, eyni zamanda, mikro, kiçik və orta sahibkarlığın ixrac potensialının gücləndirilməsinə, yerli istehsalın təşviqinə və Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxışını asanlaşdıran dayanıqlı iqtisadi dəyər zəncirinin formalaşmasına mühüm töhfə verəcək.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025