Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq mühiti
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq mühiti
Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə öz vəsaitləri hesabına, heç bir beynəlxalq maliyyə institutundan borclanmadan böyük miqyaslı bərpa-tikinti layihələri həyata keçirir. Müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərə bərpa işləri üçün dövlət büdcəsindən transfertlər ilbəil artılıır. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidən qurma işləri üçün 2021-ci ildə 2,2 milyard , 2022-ci ildə 2,7 miyard manat vəsait ayrılmışdır. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox yəni 3 milyard manat nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılmasında özəl sahibkarlar əhəmiyyətli rol oynayır. Dövlət həmin ərazilərdə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılmasını prioritet istiqamətlərdən biri kimi götürmüşdür. Bu məqsədlə artıq əsas addımlardan biri olan Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 16 noyabr 2022-ci il tarixdə qəbul olunmuşdur. Proqramın əsas hədəf göstəricilərindən biri kimi iqtisadiyyatın yenidən qurulması üçün - yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması əsas olaraq göstərilmişdir. Dövlət proqramının əsas məqsədlərinin 2-ci hissəsində -Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək olduğu qeyd edilmişdir.
Biznes müraciətləri
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətini təşviq etmək üçün hökumət artıq bir sıra mühüm addımlar atmışdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına əsasən 01.01.2023-ci il tarixinə qədər işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün agentliyə 1339 müraciət daxil olub. Müraciətlərin əhəmiyyətli hissəsi yəni 873-ü yerli, 466-sı isə 37 ölkəni əhatə edən xarici müraciətlərdir. Türkiyə, Rusiya, Qazaxıstan və Macarıstandan olan sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda investisiya qoymağa xüsusən maraqlıdırlar. Dövlət tərəfindən müəyyənləşmiş sahibkarlığa dəstək mexanizmləri qısa müddətdə bu ərazilərdə biznes fəaliyyəti ilə məşğul olaq istəyən hüquqi və fiziki şəxslərin sayını artıracaq.
Təhlükəsizliyin təmini
Dövlətin planlı və mərhələli şəkildə apardığı bərpa prosesinin ilk mərhələsi olan ərazilərin minalardan təmizlənməsi zəfər əldə edildikdən dərhal sonra başlanılmışdır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına əsasən 2020-2022-ci illərdə 57,6 min ha ərazi minalardan təmizlənmişdir. Həmçinin qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nının birinci prioritetinin birinci istiqaməti 2022-2026 –ci illər ərzində işğaldan azad olunmuş 280 min ha ərazinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsini nəzərdə tutur. Bununla həmin ərazilər bütövlükdə tam təhlükəsiz yaşayış və sosial-iqtisadi həyatın bərpası üçün uyğun olacaq.
Müasir fiziki infrastruktur
Həmin ərazilərdə investisiya mühitinin qurulması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulmuşdur. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin olunmuşdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə artıq qoşulmuşdur.
Nəqliyyat infrastukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastukturu ilə birləşdirilir. Region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər ‒ Çaylı ‒ Suqovuşan ‒ Talış, Əhmədbəyli ‒ Füzuli ‒ Şuşa avtomobil yolunun (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi artıq başa çatdırılıb. Digər avtomobil yollarının tikinti və bərpası 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının, subartezian quyularının, hidroqovşaqların və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Post konflikt ərazilərində artıq iki beynəlxalq hava limanı fəaliyyət göstərir. Cənab prezidentin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində üçüncü hava limanı olan Laçın hava limanının tikintisi iki il ərzində başa çatdırılacaq anonsu verilmişdir.
Vergi güzəştləri
Sahibkarlar üçün iqtisadi baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq çox səmərəlidir. Təkcə ona görə yox ki, orada qurulan infrastruktur müasir dövrün son tələblərinə cavab verməklə ən müasir texnologiyalar vasitəsilə həyata keçirilir, həm də həmin ərazilərdə dövlət sahibkarlıq mühitinin canlanması üçün kifayət qədər güclü iqtisadi stimullardan istifadə edir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununa əsasən Vergi məcəlləsinə yeni “XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” əlavə olunmuşdur. Əlavə olunmuş müddəalar həmin ərazilərdə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş güzəştləri əhatə edir. Bu güzəştlərə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir. Digər əsas müddəa həmin ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarını (payçılarını) dividend gəlirlərinə görə 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsidir. Əlavə olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azad edilir.
Digər tərəfdən geniş turizm potensialına malik həmin ərazilərə turist axınını stimullaşdırmaq məqsədilə ora səfər edən fiziki şəxslər mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödədikləri ƏDV-nin 30 faizi, nağd qaydada ödədikləri ƏDV-nin 5 faizini geri ala bilərlər.
Sosial sığorta güzəştləri
Dövlət azad olunmuş ərazilərdə iqtisadi və sosial həyatı canlandırmaq məqsədilə təkcə vergi güzəştləri ilə kifayətlənməyib, sosial sığorta sahəsində də bir sıra əhəmiyyətli stimullaşdırıcı tədbirlərin tətbiqinə başlamışdır. Belə ki, 27 dekabr 2022-ci il tarixli 766-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliklər işğaldan azad olunmuş ərazilərdə qeyri-neft sektorunda fəaliyyət göstərən sığortaedənlər və sığortaolunanlara yönəlik güzəştləri əhatə edir. Qeyd olunan sığortaedənlərin ödədiyi məcburi dövlər sosial sığorta haqqı əhatə etdiyi dövrdən asılı olaraq dəyişən nisbətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 100 faizi dövlət tərəfindən subsidiyalaşdırılır. Yəni həmin fiziki şəxslər ödədikləri məcburi dövlət sosial sığorta ödənişlərini dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər.
Zəmanətli kredit
Bundan əlavə sahibkarlıq fəaliyyəti üçün qoyulan investisiyanın əsas hissəsini təşkil edən kreditlərlə bağlı dövlət dəstəyi də artıq müəyyənləşdirilib. Azad olunmuş ərazilərdə fəaliyyət göstətən sahibkarlara kreditlər verilməsini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” və ona əlavə olunmuş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə ÇƏRÇİVƏ ZƏMANƏT SAZİŞİ” qəbul olunmuşdur. Qəbul olunmuş qayda Qarabağ və Şərqi Zəngəzur regionunda fəaliyyət göstərən biznes subyektlərinə verilən kreditlər üçün dövlət zəmanəti və alınan kreditlərin faizlərinin subsidiyalaşdırılması şərtlərini müəyyən edir. Dövlət zəmanəti ilə alınmış kreditlərdə zamin rolunu Azərbaycan Respublikası Maliyyə Nazirliyi oynayır.
Sənaye parkları
Prezident İlham Əliyev «Ağdam» Sənaye Parkı və «Araz Vadisi İqtisadi Zonası»nın təməlini qoymuşdur. Bu sənaye parkları yaxın zamanlarda fəaliyyətə başlayacaq. İlkin investisiya olaraq ora 40 milyon manat yaxın vəsait ayrılıb. «Ağdam» Sənaye Parkında müxtəlif çeşidli xüsusi və fərdi geyimlər, sintetik xalça, polimer məhsulları, prefabrik dəmir-beton məmulatlarının, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin istehsalı nəzərdə tutulub. Sənaye parkında mindən çıox yeni iş yerinin yaradılması gözlənilir. Park Ağdam ərazisində işğaldan əvvəl də sənaye zonası kimi istifadə olunan yerdə tikilir. Sənaye parkının ümumi ərazisi 190 hektar sahəni əhatə edir. Park Ağdam rayonunun əsas nəqliyyat- kommunikasiya qovşağının kəsişməsində yerləşir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastur və kommunla xidmətlər dövlət tərəfindən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur.
Cəbrayıl ərazisində tikilən «Araz Vadisi İqtisadi Zonası» 200 hektar ərazinin əhatə edir. Bu sənaye parkı Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Sənaye parkı kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalarını ayrılıb. Sənaye zonası tam fəaliyyətə başladıqdan sonra orada logistika və anbar kompleksləri, TIR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələri fəaliyyət göstərəcək. Bu sənaye parkında dağ-mədən məhsulları və bitkiçilik məhsullarının da istehsalı nəzərdə tutulur.
Yaradılmış sənaye parklarının işğaldan azad edilmiş ərazilərdə qeyri neft sektorunun inkişafı ilə bərabər, ölkənin qeyri-neft məhsulları ixracında əhəmiyyətli rol oynayacaqları proqnozlaşdırılır.
Nəticə
Bütün bu sadaladıqlarımız Qarabağ və Şərqi Zəngəzur regionunda əlverişli investisiya mühiti yaratmaqla həmin regiona investisiya axınına və sahibkarlığın inkişafına səbəb olacaq. Bu isə öz növbəsində həmin ərazilərin qısa samanda sosial-iqtisadi inkişafına gətirib çıxartmaqla, ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin edəcək.
Ekspert yazıları
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
2024-cü ilin birinci yarısı üçün Türk Dövlətlərinin İqtisadi Görünüşü: Artım, Ticarət və İnvestisiya Trendləri
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“ŞƏT plyus” toplantısı türk dövlətləri arasında iqtisadi əməkdaşlığı artıracaq
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises