Orta Dəhliz və rəqəmsal inteqrasiya: IV Şuşa Qlobal Media Forumunun strateji baxışları

Orta Dəhliz və rəqəmsal inteqrasiya: IV Şuşa Qlobal Media Forumunun strateji baxışları

Dördüncü Şuşa Qlobal Media Forumu media nümayəndələrinin bir araya gəldiyi platforma olmaqla yanaşı, həm də Azərbaycanın yeni qlobal çağırışlara cavab verən strateji baxışlarının dünyaya bəyan edildiyi mühüm tribuna kimi yadda qaldı. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin yeni dünya nizamındakı rolunu, habelə qlobal miqyasda formalaşan geoiqtisadi reallıqlara adaptasiya modelini dəqiq müəyyən edir.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində müşahidə edilən mürəkkəb geosiyasi mənzərə, müxtəlif regionlarda cərəyan edən kəskin siyasi-hərbi qütbləşmələr və ənənəvi təchizat zəncirlərində yaranan qırılmalar fonunda Azərbaycanın formalaşdırdığı təhlükəsiz, dayanıqlı tranzit infrastrukturu həyati əhəmiyyət kəsb edir. Şərqi Avropada və həmçinin Yaxın Şərqdə ənənəvi logistika marşrutlarının risk altına düşməsi, Qərb ilə Şərq arasında fasiləsiz ticarət əlaqələrinin qorunmasında Orta Dəhlizin strateji çəkisini bir daha sübuta yetirir.

Digər tərəfdən, bu qlobal nizamda Azərbaycan-Çin münasibətləri xüsusi bir mərhələyə qədəm qoyub. Cənab Prezidentin 2025-ci ildə Çinə həyata keçirdiyi səfər və "hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın imzalanması hər iki dövlət arasında bütün sahələrdə, xüsusilə də iqtisadi müstəvidə qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşmasına təkan verdi.

Cari ilin yanvar-may aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 1,83 milyard dollara çatıb. Bu müddət ərzində ölkəmizdən Çinə ixrac 48,75 milyon dollar, Çindən idxalın dəyəri isə 1,78 milyard dollar təşkil edib. Xüsusilə vurğulamaq lazımdır ki, cari ilin göstəricilərinə əsasən, Azərbaycan Respublikasına idxal olunmuş məhsulların ümumi dəyərinin 26,15 faizi məhz Çinin payına düşüb və bu ölkə idxal tərəfdaşlarımız arasında birinciliyi ələ alıb. İdxalda Çinin bu cür geniş yer tutması sadəcə kəmiyyət artımı deyil, bilavasitə ölkəmizin sürətli texnoloji inkişaf kursu ilə bağlıdır. Qeyri-neft sektorunun, aqrar-sənaye kompleksinin və rəqəmsal infrastrukturun modernləşdirilməsi üçün zəruri olan ən qabaqcıl texnoloji avadanlıqlar, innovativ həllər və xammal məhz bu ikitərəfli əlaqələrin dərinləşməsi hesabına təmin edilir ki, bu da dövlətlərarası ticarət tərəfdaşlığının strateji əhəmiyyətini bir daha nümayiş etdirir.

Ayxan Qədəşov qeyd edib ki, Azərbaycan sadəcə tranzit ölkə kimi deyil, eyni zamanda böyük Çin bazarında fəal ixracatçı kimi mövqeyini möhkəmləndirir. Bu prosesdə "Azexport.az" portalı qeyri-neft məhsullarımızın, xüsusilə yüksək keyfiyyətli qida və aqrar sənaye məhsullarımızın Çin bazarında tanıdılmasında əhəmiyyətli rol oynayır. Yerli məhsullarımızın Çindəki beynəlxalq sərgilərdə və qlobal rəqəmsal “B2B” platformalarda fasiləsiz nümayişi ticarət əlaqələrinin beynəlxalq standartlara cavab verəcək şəkildə qurulmasını təmin edir.

Bununla paralel olaraq, Mərkəzi Asiya ölkələri ilə ənənəvi tarixi əməkdaşlığımız artıq rəqəmsal müstəviyə keçid edir. Biz Orta Dəhlizi yalnız fiziki dəmir yolu və liman infrastrukturu kimi deyil, müasir biznes prosesləri, “ERP” və “CRM” sistemlərinin sinxronlaşdırıldığı innovativ "Rəqəmsal Ticarət Dəhlizi" kimi xarakterizə edirik. Bu rəqəmsal transformasiya prosesində Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində reallaşdırılan layihələr müstəsna əhəmiyyətə malikdir. "Azexport" portalının da icraçısı olduğu "Digital Agro Data" və "OTS Made" layihələri, region ölkələri arasında qlobal elektron ticarətə çıxışı asanlaşdırmaqla yanaşı, vahid standartların formalaşdırılmasında əvəzsiz rol oynayır. Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə bu cür innovativ ixrac mexanizmlərinin tətbiqi, rəqəmsallaşma və düzgün tranzit siyasəti ölkə iqtisadiyyatının rəqabətədavamlılığının artırılmasına və uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi inkişafa öz strateji töhfəsini verəcək.