IV Şuşa Qlobal Media Forumu: strateji kommunikasiyanın institusional inkişafında yeni mərhələ

IV Şuşa Qlobal Media Forumu: strateji kommunikasiyanın institusional inkişafında yeni mərhələ

IV Şuşa Qlobal Media Forumu müasir qlobal informasiya mühitində strateji kommunikasiyanın dövlət idarəçiliyinin ayrılmaz komponentinə çevrildiyini bir daha nümayiş etdirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova AZƏRTAC-a şərhində bildirib ki, əgər əvvəlki dövrlərdə geosiyasi üstünlük əsasən hərbi, iqtisadi və demoqrafik göstəricilərlə müəyyən edilirdisə, müasir mərhələdə informasiya idarəçiliyi strateji kommunikasiya və institusional etimad dövlətlərin beynəlxalq mövqeyini formalaşdıran fundamental amillərdən birinə çevrilib. Onun sözlərinə görə, bu baxımdan IV Şuşa Qlobal Media Forumu yalnız media sahəsinə həsr edilmiş beynəlxalq tədbir deyil, qlobal informasiya idarəçiliyi şəraitində dövlətlərin kommunikasiya potensialının nümayiş etdirildiyi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırıldığı institusional platforma kimi qiymətləndirilməlidir.

Zənurə Talıbova qeyd edib ki, müasir siyasi kommunikasiya nəzəriyyəsində dövlətin beynəlxalq legitimliyi yalnız qəbul etdiyi qərarların məzmunu ilə deyil, həmin qərarların müxtəlif auditoriyalar qarşısında necə əsaslandırılması, hansı kommunikasiya kanalları vasitəsilə təqdim edilməsi və ictimai etimadın necə idarə olunması ilə ölçülür.

“Bu baxımdan Şuşa Qlobal Media Forumu klassik konfrans modelindən fərqlənərək dövlət, beynəlxalq media, ekspert icması və analitik mərkəzlər arasında çoxtərəfli kommunikasiya mühitini formalaşdırır. Belə platformalar siyasi qərarların izahını birtərəfli informasiya ötürülməsi çərçivəsindən çıxararaq qarşılıqlı dialoq və institusional qarşılıqlı fəaliyyət modelinə transformasiya edir ki, bu da müasir idarəetmə konsepsiyalarının əsas xüsusiyyətlərindən biri hesab olunur.

Forumun digər mühüm xüsusiyyəti onun dövlətlərin yumşaq güc resurslarının institusionallaşdırılması baxımından yaratdığı imkanlarla bağlıdır. Beynəlxalq münasibətlər nəzəriyyəsində yumşaq güc təkcə mədəni və humanitar potensialla məhdudlaşmır, eyni zamanda, dövlətlərin beynəlxalq ictimaiyyətlə açıq kommunikasiya qurmaq, şəffaf dialoq mühiti yaratmaq və müxtəlif maraqlı tərəfləri vahid müzakirə platformasında bir araya gətirmək bacarığını da ehtiva edir. Bu kontekstdə Şuşa Qlobal Media Forumu kommunikasiya diplomatiyasının funksional elementinə çevrilərək beynəlxalq media institutları ilə davamlı əlaqələrin qurulmasına, peşəkar şəbəkələrin genişlənməsinə və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafına xidmət edən institusional vasitə kimi çıxış edir”, - deyə o bildirib.

İİTKM-in şöbə müdiri vurğulayıb ki, qlobal informasiya ekosistemində etimad böhranının dərinləşməsi strateji kommunikasiyanın məzmununa yeni tələblər formalaşdırır: “Rəqəmsal platformaların alqoritmik strukturu, süni intellekt texnologiyalarının sürətli inkişafı və informasiya axınlarının intensivliyi dövlətlərin kommunikasiya siyasətini yalnız operativlik deyil, həm də etibarlılıq, hesabatlılıq və institusional davamlılıq prinsipləri üzərində qurmasını zəruri edir. Bu baxımdan Şuşa Qlobal Media Forumu qlobal informasiya idarəçiliyinin yeni çağırışları fonunda müxtəlif aktorlar arasında peşəkar dialoqun təşkili və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mühüm epistemik platforma rolunu oynayır. Forumun əsas dəyəri yalnız konkret mövzuların müzakirəsi deyil, müxtəlif ölkələrdən olan media subyektləri arasında ortaq kommunikasiya standartlarının və qarşılıqlı etimad mühitinin inkişafına töhfə verməsidir.

Nəticə etibarilə, IV Şuşa Qlobal Media Forumu müasir beynəlxalq münasibətlərdə strateji kommunikasiyanın institusional inkişafını əks etdirən mühüm qlobal platforma kimi xarakterizə oluna bilər. Onun əhəmiyyəti tədbirin coğrafiyası və iştirakçı sayı ilə məhdudlaşmır. Forum dövlət idarəçiliyində kommunikasiya siyasətinin transformasiyasını, beynəlxalq dialoqun yeni formatlarını və institusional etimadın formalaşdırılması mexanizmlərini praktik müstəvidə nümayiş etdirir. Bu xüsusiyyətlər Şuşa Qlobal Media Forumunu qlobal kommunikasiya arxitekturasında yalnız fikir mübadiləsi məkanı deyil, həm də beynəlxalq əməkdaşlığın, strateji kommunikasiyanın və institusional dayanıqlığın inkişafına töhfə verən analitik platforma kimi səciyyələndirməyə əsas verir”.