İqtisadi islahatlar: Təhlil, idarəetmə, monitorinq, qiymətləndirmə və kommunikasiya

İqtisadi islahatlar: Təhlil, idarəetmə, monitorinq, qiymətləndirmə və kommunikasiya

Trend İnformasiya Agentliyi "İqtisadi islahatlar: Təhlil, idarəetmə, monitorinq, qiymətləndirmə və kommunikasiya" başlıqlı məqalə hazırlayıb.
Məqalədə İİTKM-in bütün sahələr üzrə fəaliyyəti tam əks olunub:

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini əsas missiya kimi yerinə yetirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət başçısı İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Fəaliyyətə başladığı gündən rəqabət qabiliyyətli sosial bazar modelinin qurulması istiqamətində iqtisadi islahatlara töhfə verməyə çalışan İİTKM, bu gün publik hüquqi şəxs kimi fəaliyyətini uğurla davam etdirir.

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə vətəndaş rifahının yüksəlməsi istiqamətində həyata keçirilən islahatların davamı kimi formalaşan İİTKM fəaliyyət göstərdiyi müddətdə 50-yə qədər strategiya, proqram, fəaliyyət planı, konsepsiya, strateji yol xəritələri, texniki-iqtisadi əsaslandırma və digər sənədlərin hazırlanmasına töhfə verib, habelə Qarabağın reinteqrasiyası üçün lazım olan iqtisadi əsaslandırma prosesində iştirak edib, islahat gündəliyinin formalaşmasına dəstək olub. Mərkəzin təhlil imkanlarını artırmaq üçün “EconLAB” iqtisadi təhlil laboratoriyasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və SECO-nun dəstəyilə maliyyə proqramlaşdırılması, ümumi tarazlıq, xərclər-buraxılış, ORANİ, mikrosimulyasiya, Xarici Sektorun Qiymətləndirilməsi (EBA-lite) kimi modellər yaradılıb.

Ümumilikdə, Azərbaycanda yaradılan çevik strateji idarəetmə sisteminin mühüm tərkib hissəsi olan İİTKM-in iqtisadi islahat­ların hazırlanması, qəbulu, həyata keçirilməsi, monitorinqi, qiymətləndiriməsi və kommuni­kasiyası sahələrində 2022-ci il üzrə fəaliyyətini də uğurlu saymaq olar.

Monitoring.az – Monitorinq və qiymətləndirmə İİTKM-in əsas fəaliyyət istiqamətidir

İİTKM hazırda “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” və “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsini həyata keçirir. Eyni zamanda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinq və qiymətləndirməsi də Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM tərəfindən aparılır. Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı ilə 2017-2020-ci illər üzrə 12 Strateji Yol Xəritəsi ilə bağlı ümumilikdə 60 monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb.

“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ı əsasında 5 monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb. O cümlədən, “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın 5, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” üzrə 3, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” üzrə 2 və “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” üzrə 3 monitorinq və qiymətləndirmə hesabatı tərtib olunub.

İİTKM-nin hesabatlarından aydın olur ki, Mərkəz tərəfindən strategiyaların, dövlət proqramlarının, tədbir və tapşırıqların icra vəziyyətinin monitorinq və qiymətləndirilməsi üzrə ümumilikdə 78 hesabat hazırlanaraq, təqdim edilib.

İİTKM “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirəcək.

Azranking.az - İİTKM beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşmasında fəal iştirak edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyətində də yaxından iştirak edir. Mərkəz tərəfindən, açıqlanan beynəlxalq reytinqlər, hesabatlar və indekslər üzrə periodik monitorinqlər aparılır, tanınmış reytinq agentliklərinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun rüblük və ya illik açıqlanan iqtisadi hesabatlarının təhlili əsasında ölkənin əldə etdiyi nailiyyətlərin kommunikasiyası təmin edilir.

Eyni zamanda, İİTKM Azərbaycanda Beynəlxalq Biznes və Reytinqlər üzrə Komissiyanın işçi qruplarının mütəmadi olaraq müzakirələr apardığı bir platformaya çevrilib. Komissiyada dövlət və özəl sektora aid 50-dən çox qurumun təmsil olunduğunu, eləcə də bu qurumları təmsil edən 300-dən çox nümayəndənin iştirak etdiyini nəzərə alsaq, monitorinq, qiymətləndirmə və koordinasiya sahəsində Mərkəzin uğurlu bir HUB olduğunu görərik.

Təkcə 2022-ci ildə İİTKM-in operatoru olduğu Azranking.az platformasında Azərbaycanda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın 23 işçi qrupunun 77 görüşü keçirilib. İşçi qruplar Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə təkmilləşdirmənin həyata keçirilməsi üçün 15 yol xəritəsi qəbul edib. Azranking.az platformasının fəaliyyəti ictimai iştirakçılıq, açıq hökumət, çevik və əlverişli idarəetmə prinsiplərinə əsaslanır.

İqtisadi islahatların çevik kommunikasiyası

Müasir dünyada dəyişikliklərin, sanki işıq sürətilə baş verməsi kommunikasiya fəaliyyətini daha da zəruri edir ki, ölkəmizdə də iqtisadi sferada İİTKM çevik kommunikasiya funksiyasını həyata keçirir. Başqa sözlə desək, iqtisadi kommunikasiya siyasəti də İİTKM-in əsas fəaliyyət istiqamətlərindən biridir. İqtisadi siyasət və islahat tədbirləri barədə ictimai məlumatlandırma məqsədilə həm KİV-də, həm də müxtəlif yerli və xarici tədbirlərdə İİTKM-in əməkdaşlarının mütəmadi çıxışları olur, müxtəlif icmal və jurnallar çap edilir ki, burada da başlıca məqsəd dövlətin iqtisadi siyasətinin nəticələrinin təbliği, cəmiyyətin həyata keçirilən sosial-iqtisadi siyasət barədə məlumatlandırılmasıdır. Bu məqsədlə, yalnız 2022-ci ildə 213 sayda press-reliz (xəbər) KİV, sosial şəbəkə səhifələri vasitəsilə və rəsmi sayt üzərindən yayımlanıb, o cümlədən 2022-ci ildə “İxrac icmalı”nın 12 sayı, “İslahat icmalı”nın 10 sayı, “Video icmal”ın 1 buraxılışı, “Türk İqtisadi İcmalı”nın 3 sayı, “İqtisadi İslahatlar” jurnalının 3 sayı və “Həftəlik icmal”ın 45 sayı nəşr edilərək, elektron və kağız formatda müvafiq şəkildə yayımlanıb. Onu da qeyd edək ki, əksər nəşrlər Azərbaycan və ingilis dillərində olduğu halda, “Türk iqtisadi icmalı” Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə paylanmaqla - 8 dildə nəşr olunur.

Yeri gəlmişkən, bu günlərdə “Türk iqtisadi icmalı” Türk Dövlətləri Təşkilatının Baş katibi tərəfindən də yüksək qiymətləndirilərək, İİTKM-nin fəaliyyəti digər Türk dövlətlərinə nümunə kimi göstərilib ki, bunu da 2023-cü ilin ilk önəmli uğuru kimi qiymətləndirmək olar.

İİTKM - də müxtəlif mövzularda araşdırmaların nəticələri kitab şəklində də çap edilir ki, bu da ictimaiyyət tərəfindən olduqca maraqla qarşılanır. Məsələn, 2022-ci ildə İİTKM-də aparılan araşdırmaların nəticəsi kimi “Yaşıl iqtisadiyyat” və “Yeni Qarabağnamə” adlı monoqrafiyalar nəşr edilib. Hər iki kitabın müxtəlif ali təhsil ocaqlarında, dövlət qurumlarında təqdimatları keçirilib, kitablar müvafiq istiqamətlər üzrə zəngin və dəyərli mənbə kimi böyük maraqla qarşılanıb.

Mərkəzin əməkdaşlarının da təmsil olunduğu müəlliflər qrupu “Türk dövlətləri iqtisadiyyatı”, “İslam maliyyə sistemi və Azərbaycanda perspektivləri”, “İqtisadi artım - İnnovasiya və Startaplar” adlı kitablar üzərində işləyirlər.

Müasir çağırışlardan irəli gələn konseptual yanaşmanı tətbiq edən Beyin Mərkəzi

Mərkəzin fəaliyyətində dövlətin həyata keçirdiyi iqtisadi siyasətin nəticələrinin cəmiyyətdə təbliği, makro və mikroiqtisadi səviyyədə maliyyə proqramlaşdırılması modelində və digər ekonometrik modellərdə təhlil və tədqiqatlar xüsusi yer tutur. Qeyd edilən istiqamətlərdə hər il genişmiqyaslı araşdırmalar aparılır, nəticələri televiziya, KİV-lər, sosial şəbəkə səhifələri vasitəsilə cəmiyyətə çatdırılır. Bu il də , ilk dəfə olaraq coğrafi informasiya sisteminin məlumatları əsasında Ermənistanın ərazi yüksəklik modeli qurulub və Zəngəzur dəhlizinin vacibliyi elmi əsaslandırılıb. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda post-konflikt quruculuğu klasterial yanaşma əsas götürülməklə elmi təhlil edilib.

Azərbaycanda dairəvi iqtisadiyyat, onun önəmi və gələcək perspektivləri ilə bağlı ölkədə cari vəziyyət araşdırılıb. Nəticələr Almaniyanın Brandenburq Texnologiya Universiteti və İqtisadiy-yatda Material Axınlarının İdarəedilməsi İnstitutunun birgə təşkil etdiyi “Dairəvi iqtisadiyyat” həftəsində təqdim edilib.

Qravitasiya modelindən istifadə etməklə türk dövlətlərinin ticarət əlaqələrinə təsir edən önəmli amillər müəyyən edilib və bu sahədə potensial əməkdaşlıq imkanları araşdırılıb. Bundan əlavə, qraflar nəzəriyyəsindən istifadə edilməklə türk dövlətləri arasında birbaşa xarici investisiyaların şəbəkə analizləri aparılıb.

Ümumi tarazlıq modelindən istifadə edilməklə COVİD-19 pandemiyasının turizm sektoruna və iqtisadiyyata dinamik təsirləri araşdırılıb və araşdırmanın elmi-praktik nəticələri Fransada keçirilən beynəlxalq konfransda təqdim edilib.

Bununla yanaşı, zaman sıralarının ekonometriyası metodundan istifadə etməklə, Azərbaycanda qadınların əmək bazarında iştirakına neft sektorunun inkişafının təsirləri araşdırılıb. Tədqiqatın nəticəsi Yaponiyanın Tokyo Universitetində keçirilən “Asiya və Avstraliya Əmək İqtisadiyyatı Cəmiyyəti 2022” adlı elmi konfransda təqdim edilib.

“Enterprise Azerbaijan” - ölkə daxilində vahid innovasiya və startap məkanına çevrilir

 

 

İİTKM-in nəzdində fəaliyyət göstərən www.enterprıseazerbaıjan.com portalında layihə və ideyalar 3 dildə (ingilis dili və rus dili) yerləşdirilir. Yəni portala 3 dildə də müraciət etmək imkanları mövcuddur və daxil olan hər bir müraciət qeydə alınaraq cavablandırılır. 2022-ci il ərzində portala 59 yeni layihə yerləşdirilmiş və eyni zamanda, hesabat ilində portalın nəzdində inkubasiya və akselerasiya mərkəzi olan Enterprise Akvariumu yaradılmışdır. “Alma consulting”, “Interno” və “Bonpini”, “Ecoprint”, “Bippy”, “Recycled Art”, “GreenBomb”, “Biobot”, “Entor”, “Designyourself”, “Plasket” və başqalarına Mərkəz tərəfindən, beynəlxalq səviyyəli mentorların vasitəsilə ilə, biznes planların tərtib olunması, marketing məsələləri, müştəri kütləsinin düzgün təyin olunması və beynəlxalq əməkdaşlıqların qurulmasında mütamadi köməklik göstərilir.

Onu da qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən “Özünüməşğulluq proqramı” çərçivəsində www.enterpriseazerbaijan.com portalına müraciət edən startaplar arasından “İnterno”, “Bonpini”, “HealWith” layihələri dəstəklənmiş və onlara aktivlər təqdim etmişdir. Portalın “Ecoprint”, “RecycledArt” və “Biobot” layihələri “Teknofest Azərbaycan” festivalı çərcivəsində müsabiqənin “Video hesabat” mərhələsinə vəsiqə qazanmış, “Ecoprint” və “Biobot” layihələri Teknofest müsabiqəsinin növbəti mərhələsində yarım final mərhələsini qazanıblar. Xüsusi qeyd olunmalıdır ki, “Teknofest Azərbaycan” çərçivəsində keçirilən “Yaşıl texnologiyalar” müsabiqəsinin C kateqoriyası üzrə III yerin qalibi www.enterpriseazerbaijan.com portalının “Ecoprint” layihəsi olub.

Britaniya Şurasının (British Council) təşəbbüsü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (EnterpriseAzerbaijan portalı), İngiltərənin Newcastle Universi-tetiylə əməkdaşlıq çərçivəsində, “Böyük İdeya yarışı 2022” (“Big Idea Challenge 2022”) layihəsi həyata keçirilib. Yarışmaya qatılmaq istəyən startaplar və ideya sahibləri öz müraciətlərini portala yönləndirərək iştirak ediblər. İl ərzində, Mərkəzə layihə sahibləri tərəfindən 30-a yaxın müraciət daxil olub və müraciətlər sırasından ilkin olaraq 15 layihə, sonrakı mərhələlərdə təqdimatların hazırlanması istiqamətində göstərdikləri aktivliyə görə isə 9 layihə seçilib. Ssenari və təqdimatların hazırlanmasına dəstək göstərilib və sonda layihələrin videoçarxları hazırlanaraq müsabiqənin beynəlxalq bazasına daxil edilib.

2022-ci ildə önəmli hadisələrdən biri də odur ki, www.enterpriseazerbaijan.com portalı və Nevado Universiteti Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır. Anlaşmaya əsasən yaradılan “StartUp School” layihəsi 2022-ci ilin noyabr ayından fəaliyyətə başlayıb. Xarici mentorların da yaxından iştirak edəcəyi “Enterprise StartUp School” layihəsinin əsas məqsədi ölkədə sahibkarlıq ruhunu və mədəniyyətini, innovasiyaları inkişaf etdirmək üçün Azərbaycan gənclərini akademik biliklərlə təmin etmək, sahibkarlıq və biznesin idarə edilməsi istiqamətində startapların yaradılmasıdır. Bu istiqamətdə, artıq 2023-cü ilin fevral ayından müraciətlərin qəbuluna başlanacaqdır və ABŞ, Türkiyə, İsrail və Azərbay-candan olan mentorların qatıldığı layihə 2 ay müddətində (mart və aprel) onlayn formada davam edəcəkdir.

Qlobal məkana çıxış – Rəqəmsal Ticarət Qovşağı

İİTKM-nin nəzdində fəaliyyət göstərən Rəqəmsal Ticarət Qovşağı (DTH) 2022-ci ildə qeyri-rezidentlərin həm korporativ, həm də fərdi hesablarının açılmasını təmin etmək məqsədilə Mərkəzi Bankın Bank Market tətbiqinə inteqrasiya işlərini yekunlaşdırıb. Artıq Bank Market çətiri altında birləşən bütün banklarda VİN (virtual identifikasiya nömrəsi) vasitəsilə bank hesablarının açılması texniki olaraq həyata keçirilə bilər. Yeni funksionallığın təqdimatı isə, 100-dən çox maliyyə ekspertinin iştirak etdiyi, “Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” adlı konfrans çərçivəsində həyata keçirilib.

Bundan başqa, DTH üçüncü tərəf şirkətlər vasitəsilə mobil və elektron imza sahiblərinə hüquq, vergi və audit xidmətlərinin göstərilməsi üçün də müvafiq əməkdaşlıq platforması yaradıb. Qeyri-rezident şirkətlərə əməkdaşların cəlb olunması, əmək münasibətlərinin tənzimlənməsi və digər sosial xidmətlərdən istifadə edə bilmələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə layihəyə başlanılıb, hüquqi əsaslandırılmalar tamamlanıb və inteqrasiya istiqamətində texniki işlərin həyata keçirilməsi davam etdirilir. Qovşaqda qeyri-rezidentlərə mobil rezidentliyin verilməsi istiqamətində də işlər aparılır.

Onu da qeyd edək ki, İİTKM-nin icraçı direktoru BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) Azərbaycan üzrə yerli koordinatoru seçilib. Mərkəzin Dövlət Gömrük Komitəsi ilə birgə çıxış etdiyi UN ESCAP 53 daimi və 9 müşahidəçi üzv dövlətdən ibarət ən böyük regional hökumətlərarası platforma hesab olunur. UN ESCAP tərəfindən hazırda “Transsərhəd kağızsız ticarətə Azərbaycanın hazırlıq dərəcəsinin yoxlanılması” layihəsi həyata keçirilir. Mərkəzin operatoru olduğu DTH-da transsərhəd əməliyyatlarında rəqəmsallaşmanın təmin olunması və müvafiq infrastrukturun yaxşılaşdırılması baxımından layihənin həyata keçirilməsində aktiv iştirak edir.

“BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi

İİTKM-nin nəzdində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2022-ci il ərzində hüquqi və fiziki şəxslər tərəfindən 1848 dəfə müraciət edilib. İxraca dəstək mərkəzi tərəfindən 2211 ədəd fitosanitar sertifikatı, 1198 ədəd mənşə sertifikatı, 163 ədəd baytarlıq sertifikatı, 153 ədəd CİTES sertifikatı, 1 ədəd mədəni sərvətin mühafizəsi şəhadətnaməsi olmaqla ümumilikdə 3726 ədəd sertifikat verilib. O cümlədən, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə, 2022-ci il ərzində 269,7 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. Qiymətli külçələr, pambıq mahlıcı, pambıq çiyidi, nar, alma, albalı şirələri, qarışıq şirələr, nar konsentrantı, narşərab, çaxır və s. müxtəlif növ qeyri-neft məhsullarını əhatə edən ixrac prosesləri ötən il ərzində İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə və Qazaxıstanı əhatə edib.

www.azexport.az internet portalı üzərindən ixracın genişləndirilməsi addımları

Ümumilikdə, 2022-ci il ərzində www.azexport.az internet portalına daxil olan ixrac sifarişlərinin dəyəri 464,2 milyon ABŞ dolları təşkil edib. Ən yüksək göstərici 52.3 milyon dollar ilə may ayında, ən aşağı göstərici isə 28.2 milyon manatla iyun ayında qeydə alınıb. Portal beynəlxalq əməkdaşlığı inkişaf etdirmək istiqamətində davamlı fəaliyyət göstərir ki, burada da məqsəd icrac coğrafiyasının genişləndirilməsidir. Bu məqsədlə müxtəlif ölkələrin müvafiq qurumları ilə əlaqələr yaradılır, eləcə də paralel olaraq portala müraciət imkanları barədə yerli sahibkarların maarifləndirilməsi işləri aparılır. Müxtəlif rayonlarda sahibkarlarla portalla bağlı görüşlər keçirilib və portalın imkanları iş adamlarına izah edlibdir.

2022-ci il ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəripək” MMC tərəfindən “Made in Azerbaijan” brendi adı altında istehsal olunan kəlağayı məhsulları, “ABAD” publik hüquqi şəxsi ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri portal vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub. Portal tərəfindən Şərq Tərəfdaşlığı regionunda kiçik və orta biznesin inkişafına dəstək göstərilməsi və ticarət əlaqələrinin gücləndirilməsi məqsədilə “Ticarətə Yardım Masası” platforması formalaşdırılıb.

Mərkəz 2022-ci ilin noyabr ayına kimi 633 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim edib. Nəticədə, Azərbaycan istehsalı olan bir sıra məhsulların Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Vyetnam, Filippin və s. ölkələrə çıxışı asanlaşıb.

www.azexport.az internet portalı elektron ticarətin inkişafı istiqamətində də davamlı işlər aparır, bu məqsədlə müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Məsələn, portal “International Consortium of E-Commerce Development (ICED)” beynəlxalq konsorsiumu ilə yaxından əməkdaşlıq edir ki, burada da məqsəd üzv ölkələrdə e-ticarətin inkişaf etdirilməsidir. O cümlədən, Portal ABŞ-ın Vaşinqton Ştatının Vinətçi (Wenatchee) şəhərində keçirilən Azərbaycan Kənd Təsərrüfatı Ticarət Missiyası tədbirində təqdim olunyb, “Şimal-Qərb Bağçılıq Sərgisi 2022”-də təmsil olunub. İl ərzində portalın nümayəndəsi Amazon elektron ticarət platformasının baş ofisində, ABŞ, Türkiyə və s. ölkələrdə silsilə görüşlər keçirərək, elektron ticarətin inkişafı, Azərbaycan məhsullarının ixrac imkanları, ixrac proseslərinin asanlaşdırılması istiqamətində müxtəlif müzakirələr aparıblar.

İİTKM-nin beynəlxalq əməkdaşlıq istiqamətləri

İİTKM bir sıra beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir. Burada da məqsəd, həm beynəlxalq təşkilatların açıqlama və hesabatlarında ölkəmizlə bağlı həqiqətlərin əks olunması, həm də açıqlanmış indikatorlar, reytinqlər, hesabatlarla bağlı Azərbaycan dövlətinin perspektivlərini, uğurlarını təhlil edərək cəmiyyətə çatdırmaq, eləcə də mövcud problemlərin həlli yollarını göstərməkdir. Təbii ki, iki və çoxtərəfli əməkdaşlıqların formalaşdırılması həm də qabaqcıl təcrübə bölgüsü baxımından da əhəmiyyətlidir. İl ərzində İİTKM-də İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti xanım Manuela Traldi, Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə Sazişi üzrə missiyası çərçivəsində Azərbaycanda səfərdə olan Orta Şərq və Mərkəzi Asiya departamentinin iqtisadçısı Qustavo Ramiresi, Dünya Bankının Özəl Sektor üzrə baş mütəxəssisi İfeyinva Onugha, Dünya Bankının Baş Maliyyə və Özəl Sektor üzrə mütəxəssisi Ramil Məhərrəmov, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya Departamentinin rəhbəri Uilyam Tompsonun başçılıq etdiyi nümayəndə heyəti və s. ilə görüşlər keçirilib. Görüş zamanı iqtisadi və ticarət əlaqələrinin inkişafı, tərəflər arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətlər, ölkələr arasında biznes forumları, seminarlar və digər işgüzar görüşlər, eyni zamanda yüksək səviyyəli yerli və xarici ekspertlərin dəstəyi ilə şirkətlərin xarici bazarlara daxil olması üçün fərdi layihələr müzakirə olunub. Mərkəzin əməkdaşları müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq tədbirlərdə təmsil olunur, təcrübə toplayır, ölkəmizdə həyata keçirilən islahatların daha çevik və səmərəli şəkildə koordinasiyası üçün bilik və bacarıqlarını artırırlar.

“İslahat könüllüləri” - könüllülük hərəkatının fəal üzvləri

Mərkəzin qarşısında qoyulan vəzifələrin keyfiyyətli icrasında “İslahat könüllüləri”nin iştirakı xüsusi qeyd etmək lazımdır. “İslahat könüllüləri” 2022-ci ildə Azərbaycan gənclərinin bilik və bacarıqlarını artırmaq, təcrübə qazanmaq, Mərkəz tərəfindən təşkil edilən tədbir, təlim və layihələrdə iştirak, iqtisadi təcrübəli simalarla ünsiyyətdə olmaq, ölkəmizin iqtisadi inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərini davam etdiriblər. Könüllülərin fəaliyyətinin stimullaşdırılması və könüllülüyün təşviq olunması məqsədilə Mərkəz tərəfindən volunteer.ereforms.gov.az saytı yaradılıb. 2002-ci il ərzində 102 nəfər “İslahat könüllüsü” fəaliyyətə başlayıb, 70 nəfər könüllü fəaliyyətini uğurla yekunlaşdıraraq sertifikat, 40-dan çox tələbə həm də təşəkkürnamə ilə təltif olunub. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara dair könüllülər tərəfindən 10-larla məqalə hazırlanıb və təqdimatlar edilib. Ümumilikdə isə, Mərkəzin fəaliyyəti dövründə könüllülük proqramına müraciət edən gənclərdən 417 nəfər uğurla başa vuraraq müvafiq sertifikat alıb və ya təşəkkürnamə ilə təltif olunub. Müxtəlif tanınmış şəxslərlə könüllülərin görüşləri təşkil edilib, eləcə də “İslahat könüllüləri”nin sosial şəbəkə səhifələri hazırlanaraq gənclərin istifadəsinə verilib. Ənənəvi olaraq keçirilən Könüllülərin V Həmrəylik Forumunda 2022-ci il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənən “İslahat könüllüləri”nin 2 üzvü “Fəal könüllü” nominasiyası üzrə mükafatlandırılıb.

Beləliklə, bir beyin mərkəzi kimi ölkəmizdə və regionda özünəməxsus mövqeyi olan İİTKM-nin yaranması və özünün də bu islahat prosesinə qoşulması onu göstərir ki, Azərbaycanda dövlət idarəetməsinin səmərəliliyi təmin olunub. İİTKM-in uğurlarının da səbəbi məhz effektiv menecment, rəqəmsal həllər, insan kapitalı və dövlətçiliyə bağlılıqdır. Dəhlizlərdə, iş otaqlarında və iclas zallarında rastlaşdığımız əməkdaşların işgüzarlığı və ruh yüksəkliyi, eləcə də rəsmi internet saytı və sosial şəbəkə ünvanlarında davamlı olaraq ətraflı informasiyaların yayımlanması, Mərkəz əməkdaşlarının televiziya vasitəsilə mütəmadi olaraq ölkədə və dünyada baş verən sosial-iqtisadi proseslərə yanaşmalar sərgiləməsi qaynar iş həyatının bariz nümunəsidir. Sevindirici haldır ki, İİTKM-də nüfuzlu xarici universitetləri bitirən məzunlar, elmlər və fəlsəfə doktorları, magistrantlar yüksək peşəkarlıq və vətənpərvərliklə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara öz töhfələrini verməyə çalışır, dövlətimiz tərəfindən qəbul edilən proqram və strategiyaların daha uğurlu şəkildə icrasına nail olmaqla nəticə əsaslı fəaliyyət göstərirlər.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R