İİTKM “Nəqliyyat icmalı”nı nəşr etdi

İİTKM “Nəqliyyat icmalı”nı nəşr etdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Nəqliyyat icmalı”nın 2026-cı il buraxılışı dərc olunub.

Azərbaycan və ingilis dillərində hazırlanan nəşrdə nəqliyyat sektoru və nəqliyyat növləri üzrə göstəricilər, tranzit yükdaşımaların nəqliyyat növləri və əsas nəqliyyat dəhlizləri üzrə dinamikası, eləcə də infrastruktur quruculuğu istiqamətində həyata keçirilən və hədəflənən layihələr öz əksini tapıb. İcmalda nəqliyyat sektorunun makroiqtisadi göstəricilərdə xüsusi çəkisi, nəqliyyat xidmətlərinin idxal və ixrac göstəriciləri, avtomobil, dəmir yolu, hava, metro, dəniz və boru kəməri nəqliyyat növləri üzrə sərnişin və yük daşınmaları və dövriyyəsi, bu sahədən əldə edilən gəlirlər üzrə 2024-2025-ci illərin göstəriciləri müqayisəli şəkildə təqdim olunub.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının ideya müəllifi olduğu icmalda ayrı-ayrı nəqliyyat növlərinin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə də yer verilib. Xüsusilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət proqramı” çərçivəsində görülən işlərin nəticələri, rəqəmsallaşma, mikromobillik, tramvay  xətləri ilə bağlı məlumatlar icmalda əksini tapıb. 

“Nəqliyyat icmalı” Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət proqramı” və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin nəticələrinin təbliği və icrasına dəstək məqsədilə hazırlanıb.

“Nəqliyyat icmalı-2026” İİTKM-in şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov və sektor müdiri, iqtisad üzrə fəlsəfə doktoru Arzu Süleymanov tərəfindən hazırlanıb. Məsləhətçi nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev, qrafik dizayner Elvira Zeynalovadır.

“Nəqliyyat icmalı-2026” ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: "Nəqliyyat İcmalı"na keçid