İİTKM-in əməkdaşlarının  məqaləsi “Scopus” və  “Web  of Science” bazasında indeksləşən  jurnalda nəşr olunub

İİTKM-in əməkdaşlarının məqaləsi “Scopus” və “Web of Science” bazasında indeksləşən jurnalda nəşr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşlarının yazdığı “Exploring the Nexus between Emissions, Economic Growth, and Employment: Evidence from Azerbaijan” (“Emissiyalar, iqtisadi artım və məşğulluq arasındakı əlaqələrin araşdırılması: Azərbaycanın nümunəsi”) adlı məqalə Xorvatiyanın nüfuzlu “Economic Thought and Practice jurnalında "Online First" formatında nəşr olunub. Sözügedən jurnal “Scopus” və  “Web  of Science (WoS)” bazasında indeksləşdirilir və il ərzində dünya üzrə qəbul etdiyi məqalələrdən yalnız  30 ən yüksək keyfiyyətli məqaləni nəşr edir.

İİTKM-in icraçı direktorunun müavini, i.e.d. Ramil Hüseyn, Strateji planlaşdırma şöbəsinin müdiri, i.e.d. Aqil Əsədov, Dövlət proqramları şöbəsinin müdiri, i.ü.f.d. Lətif Zeynallı  və Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini, i.ü.f.d. Əbdülrəhim Dadaşovun  həmmüəllif olduğu məqalədə ölkəmiz üçün aktual olan mövzu araşdırılıb. Azərbaycan yaşıl inkişaf istiqamətində mühüm addımlar ataraq, bərpa olunan enerji sahəsində irihəcmli günəş və külək layihələrini reallaşdırır. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaradılan “yaşıl enerji zonaları” ölkəmizin qlobal enerji keçidində strateji oyunçu kimi rolunu gücləndirir. Azərbaycan 2030-cu ilə qədər enerji istehsalının 30%-ni bərpa olunan mənbələrdən təmin etməyi hədəfləyir.

Məqalədə Azərbaycanın yaşıl iqtisadiyyata keçidi kontekstində CO₂ emissiyaları, iqtisadi artım və məşğulluq arasındakı qarşılıqlı əlaqələr empirik olaraq araşdırılıb. Tədqiqat nəticələri göstərir ki, iqtisadi artım və məşğulluq arasında güclü ikitərəfli əlaqə mövcuddur, yəni, iqtisadi artımı təşviq edən siyasətlər birbaşa olaraq əmək bazarını da stimullaşdırır. Eyni zamanda, CO₂ emissiyaları ilə məşğulluq arasında müəyyən olunan birtərəfli əlaqə ətraf mühit faktorlarının işçi qüvvəsinin dinamikasına təsirini açıq şəkildə göstərir. Bu nəticələr əsasında vurğulanır ki, aşağı karbonlu, innovasiyaya əsaslanan iqtisadi modelə keçid Azərbaycan üçün inklüziv iqtisadi artımın təmin edilməsinə,  “yaşıl iş yerləri”nin yaradılmasına, qlobal iqlim məqsədlərinin həyata keçirilməsinə töhfə verə bilər.

Məqalədə əksini tapan məsələlər 2025-ci ilin noyabrında Braziliyanın Belém şəhərində keçiriləcək COP30 iqlim sammiti çərçivəsində də əsas müzakirə mövzusu olacaq.  

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://hrcak.srce.hr/336254