İİTKM ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

İİTKM ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə İslam İnkişaf Bankının (İİB) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə Azərbaycanın iqtisadi islahat gündəliyi, rəqabət qabiliyyətinin artırılması, məhsuldarlığın yüksəldilməsi, eləcə də dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə İslam İnkişaf Bankının iqtisadçısı Dr. Cem Tintin təmsil etdiyi qurum ilə Azərbaycan Respublikası arasında 2027–2031-ci illəri əhatə edən proqram yanaşması çərçivəsində uzunmüddətli tərəfdaşlığın daha da gücləndirilməsi məqsədilə hazırlanan Tərəfdaşlıq Strategiyası barədə təqdimatla çıxış edib. O bildirib ki, İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı 2026-cı il 16–19 iyun tarixlərində Bakıda keçirilib. Həmçinin qeyd olunub ki, İİB ilə Azərbaycan arasında əməkdaşlığın 2027–2031-ci illərdə daha da dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atılır.

İİTKM-in sektor müdiri Elşən Yusifli Mərkəzin fəaliyyəti, eləcə də monitorinq və qiymətləndirmə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, İİTKM cari ildə 20-dən çox İslam ölkəsindən nüfuzlu beyin mərkəzlərini təmsil edən 47 müəllifin iştirakı ilə hazırlanmış “İslam ölkələrinin iqtisadi potensialı” adlı iki cildlik tədqiqat əsərini ərsəyə gətirib. Əsər Böyük Britaniyanın nüfuzlu “Emerald” nəşriyyatı tərəfindən çap olunub. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının baş redaktorluğu ilə nəşr edilən kitab “Scopus” beynəlxalq elmi bazasında indeksləşdirilib.

Təqdimatdan sonra İİB nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Görüş zamanı tərəflər kadr potensialının gücləndirilməsi, rəqəmsallaşma, süni intellekt və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq bu sahələrdə birgə fəaliyyətin inkişaf etdirilməsi barədə ortaq mövqedən çıxış ediblər.