İİTKM-ə turizm üzrə Dövlət Proqramının monitorinqi ilə bağlı yeni vəzifələr həvalə edilib

İİTKM-ə turizm üzrə Dövlət Proqramının monitorinqi ilə bağlı yeni vəzifələr həvalə edilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.

28 avqust 2026-cı il tarixli 639s nömrəli Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi ilə bağlı bir sıra mühüm vəzifələr həvalə edilib.

Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi operatoru olduğu “e-monitorinq” portalı çərçivəsində “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun yaradılmasını iki ay müddətində təmin edəcək. 2027-ci ildən başlayaraq Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi həmin Modul vasitəsilə həyata keçiriləcək.

Modulda Dövlət Proqramı üzrə icraçı orqanlar (qurumlar), şəhər və rayonlar, icra müddətləri, layihələr və digər zəruri göstəricilər təsnifatlaşdırılacaq, mövcud vəziyyət barədə məlumatların əks olunması və hesabatlılığın aparılması üçün müvafiq bölmələr yaradılacaq. Eyni zamanda, tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə aidiyyəti icraçı orqanların operatoru olduqları müvafiq elektron informasiya sistemlərinin və portalların “e-monitorinq” portalına inteqrasiyası istiqamətində zəruri tədbirlər görüləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dövlət Proqramının icrasının monitorinqinin nəticələri barədə məlumatları 2027-ci ildən başlayaraq ildə bir dəfə, aprelin 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək. Dövlət Proqramının yekun qiymətləndirilməsinin nəticələrinə dair məlumatların isə 2031-ci il iyunun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur.

Sərəncamla Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas və digər icraçı orqanların da monitorinq və hesabatlılıqla bağlı vəzifələri müəyyənləşdirilib. İcraçı qurumlar nəticə indikatorları üzrə hədəf göstəricilərini və onların illər üzrə bölgüsünü müəyyən edərək iki ay müddətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim edəcəklər.

Bununla yanaşı, 2027-ci ildən etibarən Dövlət Proqramı çərçivəsində layihələrin icrası ilə bağlı məlumatlar rübdə bir dəfə, rübdən sonrakı ayın 15-dək, tədbirlər üzrə ilin yekunlarına dair hesabatlar isə hər il fevralın 25-dək “Layihə idarəetməsi” modulunda yerləşdirilərək İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim ediləcək.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı məlumatların, o cümlədən layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsində və özəl sektorda nəzərdə tutulmuş, ayrılmış və istifadə edilmiş vəsaitlər, növbəti illər üçün maliyyə tələbatı, həmçinin beynəlxalq maliyyə institutlarının kredit vəsaitləri barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin edəcəklər.

Beləliklə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dövlət Proqramının icrası üzrə rəqəmsal monitorinq, hesabatlılıq və nəticələrin qiymətləndirilməsi prosesinin həyata keçirilməsini təmin edəcək.

Ətraflı: https://nk.gov.az/az/senedler/serencamlar/azerbaycan-respublikasinda-turizmin-inkisafina-dai-9734