Günay Quliyeva: "Ermənistanın Azərbaycana vurduğu ziyan- reparasiya, restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və təkrarlamamaq zəmanəti"

Günay Quliyeva: "Ermənistanın Azərbaycana vurduğu ziyan- reparasiya, restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və təkrarlamamaq zəmanəti"

I. Post-konflikt dövründə kompensasiya öhdəliklərinin hüquqi əsasları

Son bir neçə onillik, insan hüquqları və humanitar hüququn ciddi şəkildə pozulmasına görə dövlətlərin məsuliyyət anlayışında əhəmiyyətli irəliləyişlərlə seçilir. Artıq beynəlxalq hüququn insan inkişafı istiqamətində çoxdan gözlənilən addımlar atılıb. Bunlara  insan haqqlarının müdafiə qurumları  və beynəlxalq cinayətkarlıq məhkəmələrin və həqiqət-ədalət komissiyalarının qurulması  və s. aiddir. Beynəlxalq hüquqda silahlı münaqişə qurbanlarına ədalətin təmin edilməsi üçün  təcavüzkar dövlətin qarşısında üç fərqli komponent tələb olunur: hüquqi məsuliyyət, həqiqətlərin etirafı və zərərin ödənilməsi. Bu komponentlər insan hüquqları və humanitar hüquq kimi ümumi beynəlxalq hüquq sahələrində, beynəlxalq təşkilatlar, habelə ilk növbədə BMT tərəfindən həyata keçirilən münaqişədən sonrakı siyasət təşəbbüslərində öz əksini tapmışdır.

2005 -ci ildə, təxminən on beş il davam edən danışıqlardan sonra, BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı "Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar" adlı qətnamə ilə bir daha təsdiq olunmuşdur. Bu qətnamənin "Vurulmuş zərərin ödənilməsi" adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər.

Dünyada baş verən hərbi münaqişələrdən sonra vurulan ziyanı ödəmək üçün ölkələr qarşısında öhdəlik yaradan bir sıra digər  hüquqi aktlar  da var. Belə ki, 16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, 14 may 1954-cü il tarixli "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası, 19 dekabr 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir.

2005-ci ilin avqustunda BMT alt komissiyası olan İnsan Hüquqları Komissiyası özbaşına və ya qanunsuz olaraq öz əmlakından didərgin salınmış şəxslərin mülkiyyətinin geri qaytarılması ilə bağlı hüquqi və texniki məsələlər üzrə təlimatları rəsmən təsdiq edib. Bu qaydalar Pinheiro Prinsipləri adlanır. Qaçqınların və məcburi köçkünlərin mənzil və əmlakının bərpası üzrə xüsusi məruzəçi Paulo Pinheironun şərəfinə adlandırılan Pinheiro Prinsipləri, mülkiyyətin bərpası proseslərinin qurulması və həyata keçirilməsi üçün hüquqi, inzibati və icra qaydaları təklif edir. Müharibədən sonra bu işin çətin olduğunu qəbul edən Prinsiplər, dövlətlərin Bosniyadakı restitüsiya yanaşmasını nümunə götürərək, sülh müqavilələrinə mülkiyyətin qaytarılması prosedurlarını daxil etməyi tövsiyə edir. Pinheiro Prinsipləri, restitusiyanın "praktiki olaraq mümkün olmadığı" zaman və ya zərərçəkmiş tərəf bilə -bilə və könüllü olaraq geri ödəmə əvəzinə kompensasiya istədikdə kompensasiyaya icazə verir. BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinə əlavənin 36-cı maddəsinə əsasən, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə kompensasiya yolu ilə ödəməyə borcludur. 

Beynəlxalq Təzminat Komissiyalarının yaradılmasının zəruriliyi

Azərbaycan-Ermənistan arasındakı hərbi münaqişə artıq başa çatdığından, BMT-nin təcili olaraq məcburi köçkünlərin əmlakına dəymiş  maddi ziyanla bağlı iddiaları nəzərdən keçirmək üçün təzminat komissiyası yaratması vacib məsələlərdəndir. 

Körfəz müharibəsi zamanı (İraq-Küveyt arasında 17 yanvar 1991-28 fevral 1991) tərəflərin bir birinə vurduğu ziyanın ödənilməsi üçün BMT tərəfindən komissiya yaradılmışdır. Beləliklə, Azərbaycana Ermənistanın vurduğu maddi ziyanın miqyasını və potensial iddiaçıların sayının bir milyonu keçdiyini nəzərə alaraq, hərbi təcavüz  nəticəsində yaranan həm əmlak, həm də infrastruktur iddiaları üçün BMT-nin İraq və Küveyt Təzminat Komissiyasına bənzər beynəlxalq komissiya yaradılması zəruridir. İraq və Küveyt Təzminat Komissiyasının iddiası ilə İraq 1990-1991-ci illərdə Küveyt iqtisadiyyatına və vətəndaşlarına vurduğu ziyana görə 50 milyard dollardan çox təzminat ödədi.

Dünyada post-müharibə dövründə reparasiya və restitusiya təcrübələri

Dünya tarixində baş vermis müharibələrdən sonra  kompensasiya, reparasiya və digər təzminat növləri ilə bağlı müxtəlif təcrübələr olmuşdur. 

Fransa-Prussiya müharibəsindən sonra, Frankfurt müqaviləsinin şərtlərinə görə (10 may 1871) Fransa 5 il ərzində 5 milyard qızıl frank müharibə təzminatı ödəmək məcburiyyətində qalmışdı. Təzminatın maraqlı tərəflərində biri bu idi ki, bu məbləğ 1807 -ci ildə Napoleonun Prussiyaya qoyduğu təzminata tam bərabər idi. 1873 -cü ilin sentyabrında təzminatın son hissəsi ödənilənə qədər, Alman qoşunlarının bir hissəsi Fransada qalmışdı.

I dünya müharibəsindən sonra bağlanan Versal müqaviləsi yalnız Almaniyanı müharibədə günahlandırmaqla kifayətlənməyərək, eyni zamanda onu  132 milyard qızıl marka və ya bu gün dəyəri ilə təxminən 269 milyard dollar məbləğində maliyyə ödənilməsini tələbi qarşısında qoydu. Bu təzminat ödənişi 92 il çəkdi. ABŞ Almaniyaya təzminatı ödəmək üçün borc verib və təzminatı toplayan ölkələr bu pulları ABŞ-a olan kreditlərini ödəmək üçün istifadə etmişdilər. Nəticədə bu kompensasiyadan ən çox qazanan ölkə ABŞ oldu.

İkinci dünya müharibəsindən sonrakı dövrdə də fərqli təzminat nümunələri olub. Sovet İttifaqı, Oder-Neisse'nin şərqindəki Alman ərazilərini ilhaq etdi və 12 milyon Almanı qovdu.

Fransa, kömür yataqlarından istifadə etmək və bəlkə də daimi olaraq Fransaya birləşdirmək niyyəti ilə 1947-1956 -cı illərdə Saar protektoratına nəzarəti öz üzərinə götürüb. Saar ərazisində yerləşən həmin mədənlər Birinci Dünya Müharibəsinin sonundan 1935 -ci ilə qədər Fransanın nəzarətində idi. Fransa yalnız 1 Yanvar 1957 -ci ildə Saar bölgəsindəki nəzarətindən əl çəkməli oldu.

Hollandiya 1949-cu ildə təxminən 69 km2 Alman ərazisini özünə birləşdirdi və həmin ərazilər yalnız 1957-ci ildə Qərbi Almaniya Hökumətinə geri verildi. 8 Aprel 1960-cı ildə Laheydə edilən Hollandiya-Almaniya müqaviləsinə əsasən Qərbi Almaniya Hollandiyaya 280 milyon Alman markası ödəməyi qəbul etdikdən sonra torpaq geri qaytarıldı.

İkinci dünya müharibəsində sonra Müttəfiqlər, təxminən 10 milyard (1948) dollar dəyərindən çox Alman patentinə, müəllif hüquqlarına və ticarət nişanlarına əl qoydular.

Milyonlarla alman, düşərgələrdə, mədənçilikdə, məhsul yığımında və ya sənayedə müttəfiqlər üçün çalışmaq üçün bir neçə il məcburi əməyə məcbur edildi.

Müharibədən sonra Yunanıstan, Müttəfiqlərarası Təminat Agentliyi tərəfindən tətbiq olunan 1946-cı il Paris Reparasiya Müqaviləsi çərçivəsində Almaniyanın Müttəfiqlərə ödədiyi təzminatdan payını aldı. Yunanıstan təxminən 25 milyard dollar dəyərində pul və sənaye malları şəklində təzminat alıb.

Maraqlı təcrübələrdən olan Morgenthau Planı, İkinci Dünya Müharibəsindən sonra Almaniyanın silah sənayesini ləğv edərək və hərbi gücün əsasını təşkil edən digər əsas sənayeləri çıxararaq və ya məhv etməklə Almaniyanın müharibə qabiliyyətini ortadan qaldırmaq üçün bir təklif idi. Bura Rurdakı bütün sənaye müəssisələrinin və avadanlıqlarının çıxarılması və ya məhv edilməsi daxil idi. Bunlar ilk dəfə Amerika Birləşmiş Ştatlarının Maliyyə Naziri Henri Morgentaunun 1944-cü ildə Almaniya üçün təklif olunan Post-Teslim Proqramı adlı bir memorandumunda öz əksini tapmışdır. Morgentau planı, 10 iyul 1947 -ci ilə qədər Müttəfiqlərinin planlaşdırmasına müəyyən təsir göstərsə də, qəbul edilmədi.

Potsdam konfransında, Müttəfiqlər Almaniyanın həyat səviyyəsinin, müharibə etdiyi Avropa qonşularının orta həyat səviyyəsini keçməməsi şərtini qoydular. Almaniyanın həyat şəraiti 1932 -ci ildə mövcud olan həyat standartına endirildi. 1946 -cı ildə imzalanan ilk "sənaye səviyyəsi" planında, Almaniya ağır sənayesinin 1500 istehsal fabrikinin bağlanması ilə 1938 -ci ilin səviyyəsinin 50% -ə endiriləcəyi ifadə edildi.

1951-ci ildə İsrail hakimiyyəti, Almaniyaya təzminat üçün iddia qaldırdı. Hesablamalara görə, kompensasiya adambaşına 3000 ABŞ dolları (2020 -ci ildə 29.900 dollar) olduğundan Almaniyanın onlara 1.5 milyard dollar (2020 -ci ildə 15 milyard dollara bərabər) borcu var idi. İsrail hökuməti Nasistlərin 6 milyard dollarlıq yəhudi mülkünü qarət etdiklərini də hesablasalar da, ancaq almanların heç bir maddi təzminatla yəhudilərə etdiklərinin əvəzini çıxara bilməyəcəklərini vurğulamışdılar.

Almaniyanın təslim olmasından başlayaraq sonrakı iki il ərzində Amerika Birləşmiş Ştatları, Almaniyanın bütün texnoloji və elmi nou-hauları, bütün patentləri və bir çox aparıcı elm adamını (Paperclip Əməliyyatı olaraq da bilinir) toplamaq üçün güclü bir proqram həyata keçirdi. Tarixçi John Gimbel, "Elm, Texnologiya və Reparasiyalar: Müharibədən Sonrakı Almaniyada İstismar və Talan" kitabında, "intellektual təzminatların" (Alman alimlərinə istinad edərək) təxminən 10 milyard dollar məbləğində olduğunu iddia edir.

Körfəz müharibəsindən sonra İraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 687 saylı Qətnaməsini qəbul etdi. Birləşmiş Millətlər Təşkilatının Kompensasiya Komissiyası (BMTKK) yaradıldı və komissiya qarşısında  hökumətlər, şirkətlər və şəxslər tərəfindən 350 milyard ABŞ dolları məbləğində iddia qaldırıldı. Komissiya təxminən 1.5 milyon müvəffəqiyyətli iddiaçının 52.4 milyard dollar təzminat tələbini qəbul etdi və ödədi;  bu təzminatın 2019 -cu ilin iyul ayına qədər 48,7 milyard dolları ödənildi və Küveytə ödəniləcək yalnız 3,7 milyard dollar qaldı. BMTKK dövlətlərin və təşkilatların və ya korporasiyaların (hüquqi şəxslərin) iddialarına görə fərdlərin iddialarına üstünlük verilməsinin "beynəlxalq iddiaların həll edilməsi təcrübəsinin təkamülündə əhəmiyyətli bir addım olduğunu" bildirib.

Ermənistanın mövcud iqtisadi durumunda kompensasiya formaları

2000-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan İnkişafı Hesabatında Ermənistanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı nəticəsində Azərbaycana vurulan ümumi iqtisadi zərərin təxminən 53,5 milyard dollar olduğu göstərilir.  Hal hazırda aparılan araşdırmalar göstərir ki, vurulan ziyan 2000-ci ildəki hesablamalardan əhəmiyyətli dərəcədə çoxdur. Bununla bağlı Hökumət tərəfindən yerli və beynəlxalq ekspertlərin iştirak etdiyi komissiya yaradılmışdır.

30 illik işğal nəticəsində Ermənistanın Azərbaycana vurduğu ziyanın dəqiq məbləği komissiya tərəfindən  hesablandıqdan sonra beynəlxalq məhkəmələrdə Ermənistan qarşısında təzminatın tam ödənməsi üçün iddia qaldırılacaq.

Ziyanın məbləği çox yüksək olduğu üçün Ermənistan iqtisadiyyatı bu məbləği tam ödəmək gücündə deyil.  Belə ki, Ermənistanda fiskal defisit 2020-ci ildə ÜDM-in 5,5 faizinə qədər genişlənib, bu da dövlətin daha yüksək hərbi və səhiyyə xərcləri hesabına baş verib. Ermənistanın ümumi dövlət borcu ÜDM-in 63,5 faiz nisbətindədir. Ermənistan xarici valyuta ehtiyatları cəmi 3,0 milyard ABŞ dolları məbləğindədir ki, bunun da bir hissəsi xarici öhdəliklərdir.

Yuxarida qeyd edildiyi kimi, beynəlxalq hüquqda təcavüzkar ölkənin vurduğu ziyanın ödənilməsinin ərazini geri qaytarmaq-restitusiya, reparasiya, təzminat, reabilitasiya,  satisfaksiya və təkrarlamamaq zəmanətləri kimi bir sıra formaları var. Mövcud iqtisadi durumda Ermənistan təzminat ödənilməsində təkcə pul yox digər kompensasiya formalardan da istifadə etməyə məcburdur. Məsələn, II dünya müharibəsindən sonra Almaniyada olduğu kimi torpaqların bir hissəsinin Azərbaycana verilməsi təzminatın bir forması ola bilər. Bu forma əslində Ermənistan üçün ən düzgün seçim ola bilər. Belə ki tarixi Azərbaycan torpaqlarını- Qərbi Zəngəzuru geri qaytarması tarix və beynəlxalq hüquq qarşısında ən ədalətli seçim ola bilər. Kompensasiyanın geri qalan hissəsini təbii resurs mədənlərindən (qiymətli metallar, dəmir filizi və s.) istifadə hüququnun Azərbaycana verilməsi ilə təmin edə bilər. Təbii ki, təzminatın ən əsas formalarından biri də təcavüzü heç vaxt təkrarlamamaq qarantiyası olmalıdır. Digər tərəfdən beynəlxalq tribunalardan Ermənistan Azərbaycan xalqından, xüsusən 30 illik işğaldan əziyyət çəkmiş əhalidən üzr istəməlidir (II dünya müharibəsindən sonra Almaniya İsraildən üzr istəmişdir).

Bütün bu öhdəlikləri  yerinə yetirmək üçün beynəlxalq qurumların təcavüzkar ölkəyə təsiri çox vacib məsələlərdən biridir. BMT və digər beynəlxalq insan hüquqları müdafiə təşkilatları Ermənistanın qarşısında bu öhdəlikləri qoymalı və yerinə yetirilməsinə nəzarət etməlidirlər. Təzminatın göstərilən bütün formaları Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsində öz əksini mütləq tapmalıdır.

Yalnız ədalətli sülh müqaviləsi Cənubi Qafqazda sabitliyə və dayanıqlı inkişafa yol açacaq.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R