Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağı barədə açıqlaması əhalinin gəlirlərinin yüksəldilməsinə yönələn sosial siyasətin 2027-ci ildə də davam etdiriləcəyini göstərir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu mesajın əsas əhəmiyyəti vətəndaş rifahının yaxşılaşdırılmasının dövlət siyasətində davamlı prioritet kimi qorunmasıdır.
“Əvvəlki islahatların nəticələri və qarşıdakı il üçün verilmiş göstəriş sosial müdafiənin gücləndirilməsinə mərhələli yanaşmanı əks etdirir. Son illərdə həyata keçirilmiş beş sosial islahat paketi bu siyasətin miqyasını göstərir. Bu islahat paketləri ümumilikdə 4 milyondan çox vətəndaşı əhatə edib və onların icrası üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edib. Bu tədbirlər əməkhaqqı, pensiya, müavinət və təqaüdlər vasitəsilə müxtəlif əhali qruplarının gəlirlərinə təsir göstərib.
Bir il əvvəl, 2025-ci ildə icra olunan beşinci sosial islahat paketi çərçivəsində minimum aylıq əməkhaqqı 345 manatdan 400 manata, əmək pensiyasının qanunla müəyyən edilmiş minimum məbləği isə 280 manatdan 320 manata çatdırılıb. Həmin paket 3 milyon vətəndaşı əhatə edib və onun üçün illik əlavə 1,4 milyard manat ayrılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə minimum əməkhaqqının 130 manatdan 400 manata, minimum pensiyanın isə 110 manatdan 320 manata yüksəlməsi gəlirlərin aşağı həddinin əhəmiyyətli dərəcədə artırıldığını göstərir. Aşağı maaşla çalışan və sosial ödənişlərdən yararlanan ailələr üçün bu dəyişikliklər gündəlik ehtiyacların qarşılanması imkanlarını genişləndirir. Həmin paket çərçivəsində sosial müavinət və təqaüdlərin də artırılması həssas əhali qruplarının və ailələrin sosial təminatını gücləndirib”,- deyə o bildirib.
Elnur Ələkbərov qeyd edib ki, əməkhaqqı, pensiya və sosial müavinət artımlarının birlikdə nəzərdə tutulması sosial siyasətin müxtəlif əhali qruplarını əhatə edən yanaşmasını davam etdirir: “Bu qərarlar işləyən vətəndaşların, pensiyaçıların və sosial dəstək alan şəxslərin gəlirlərinə təsir göstərməklə ailələrin ümumi rifahına töhfə verir. Artımların əhəmiyyəti onların sonrakı dövrlərdə də ailə büdcəsində yer alması, vətəndaşların istehlak və şəxsi inkişaf imkanlarını genişləndirməsi ilə bağlıdır. Beləliklə, iqtisadi inkişafın nəticələri əhalinin gəlirlərində və gündəlik həyatında daha geniş əksini tapır.
Sosial islahat paketləri ilə yanaşı, pensiyaların hər il indeksləşdirilməsi gəlirlərin artırılmasına ardıcıl yanaşmanın nümunəsidir. Pensiyaların 2025-ci ildə 8,1 faiz, 2026-cı ildə isə 9,3 faiz artırılması əvvəlki qərarların təsirini davam etdirib. Əmək gəlirləri ilə sosial təminatın əlaqəli inkişafı həm hazırda çalışan vətəndaşları, həm də pensiyaçıları iqtisadi artımın nəticələrindən faydalandırır. Məşğulluğun genişləndirilməsi və peşə hazırlığı tədbirləri də bu siyasəti tamamlayaraq vətəndaşların öz əmək fəaliyyəti hesabına daha yüksək gəlir əldə etməsinə şərait yaradır.
Bu baxımdan, Prezident İlham Əliyevin 2027-ci il üçün artımlarla bağlı mesajı əvvəlki sosial islahatların məntiqi davamıdır. Qarşıdakı il üzrə bu istiqamətin müəyyən edilməsi əhalinin rifahının yüksəldilməsinin dövlət siyasətində prioritet olaraq saxlanıldığını təsdiqləyir. Əməkhaqqı və sosial ödənişlərin artırılması ailələrin alıcılıq qabiliyyətini dəstəkləməklə daxili tələbə və iqtisadi fəallığa da müsbət təsir göstərə bilər. Açıqlanan addım sosial təminatın gücləndirilməsi ilə iqtisadi inkişaf arasında əlaqəni möhkəmləndirməyə və vətəndaşların gələcək rifahına dair inamını gücləndirməyə xidmət edir”.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib