Dayanıqlı və rəqəmsal Orta Dəhlizin perspektivləri

Dayanıqlı və rəqəmsal Orta Dəhlizin perspektivləri

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Urbanizasiya, Nəqliyyat və Turizm Günündə iştirak edib. “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında iştirak edən V. Cəfərova bildirib ki, Orta Dəhliz Avropa ilə Asiya arasında Xəzər dənizi vasitəsilə əlaqəni təmin edən mühüm tranzit yoludur. Azərbaycan bu nəqliyyat dəhlizinin mərkəzi hissəsi olaraq beynəlxalq ticarətdə həlledici rol oynayır. Son illərdə bu yol boyunca nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Məsələn, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr Azərbaycanın qlobal ticarət zəncirlərinə qoşulmasını və regiondakı ticarət əlaqələrinin güclənməsini təmin edib. Bu infrastrukturların davamlı və rəqəmsal sistemlərlə birləşdirilməsi nəqliyyat səmərəliliyini artırmaq və karbon tullantılarını azaltmaq məqsədini güdür.

Vüsalə Cəfərova qeyd edib ki, Prezident İlham Əliyevin ötən il Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması və Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılmasını hədəfləyən strateji addımlarını vurğulayıb. Bu artımlar Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da vurğulayır.

TDAM rəhbəri vurğulayıb ki, Orta Dəhliz sadəcə iqtisadi inkişaf və ticarət üçün mühüm infrastruktur deyil, həm də Türk dövlətlərinin iqtisadi inteqrasiyası üçün əhəmiyyətli vasitədir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi dövlətlər Orta Dəhlizin inkişafı vasitəsilə həm regiondaxili, həm də qlobal miqyasda iqtisadi əlaqələrini möhkəmləndirirlər. Bu ölkələr arasında ticarət axınlarının sürətlənməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi və transsərhəd əməkdaşlıq sahəsində müsbət dəyişikliklər müşahidə olunur.

2024-cü ilin sonuna qədər 300-dən çox blok qatarının Azərbaycandan keçməsi gözlənilir. Bu addım nəqliyyat şəbəkələrinin optimallaşdırılmasına və region ölkələri arasında ticarət həcminin artırılmasına təkan verəcək. Bu cür təşəbbüslər Türk dövlətləri arasında iqtisadi inteqrasiyanı dərinləşdirir və Orta Dəhlizin bu dövlətlər arasında əlaqələri gücləndirməyə verdiyi töhfəni nümayiş etdirir.

COP29 çərçivəsində keçirilən tədbir rəqəmsallaşmanın davamlı inkişaf məqsədlərinə çatmaqda əhəmiyyətli alət rolunu oynaya biləcəyini müzakirə etmək üçün yüksək səviyyəli müzakirə platforması yaratdı. Beynəlxalq nəqliyyat sistemlərində rəqəmsal texnologiyaların tətbiqi, əməliyyat xərclərini azaltmaqla yanaşı, həm də karbon emissiyalarını əhəmiyyətli dərəcədə azalda bilər. Məsələn, intellektual nəqliyyat sistemləri (ITS), real vaxtda məlumat mübadiləsi və avtomatlaşdırma kimi rəqəmsal həllər, nəqliyyat axınlarını optimallaşdırmağa və ekoloji təsirləri minimuma endirməyə imkan verir. UNECE-nin (BMT-nin Avropa İqtisadi Komissiyası) hesabatlarına görə, rəqəmsal texnologiyaların tətbiqi ilə nəqliyyat sektorunun effektivliyinin 20%-dən 30%-ə qədər artması gözlənilir, bu isə qlobal iqtisadiyyata 1,5 trilyon dollar əlavə dəyər gətirə bilər.

Qlobal miqyasda, rəqəmsal dəhlizlərin inkişafı nəqliyyat şəbəkələrinin səmərəliliyini artırır və ticarət axınlarını sürətləndirir. Bunu mümkün etmək üçün, Orta Dəhliz kimi mühüm nəqliyyat yollarının rəqəmsal harmonizasiyası, bütün iştirakçılar üçün xərcləri azaldar, şəffaflığı artırar və əməliyyatları asanlaşdırar. Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif təşkilatları, o cümlədən UNECE və UNESCAP bu istiqamətdə davamlı inkişafın təşviqində əhəmiyyətli rol oynayır.

Azərbaycanın Regional və Qlobal Liderliyi

Azərbaycanın Orta Dəhlizdəki liderlik rolu, yalnız region üçün deyil, həm də qlobal miqyasda əhəmiyyətlidir. Prezident İlham Əliyevin 2023-cü ildəki çıxışında da vurğulandığı kimi, Azərbaycan–Qazaxıstan, Azərbaycan–Qırğızıstan və Azərbaycan–Özbəkistan birgə investisiya fondlarının yaradılması, həm regional, həm də qlobal iqtisadi əlaqələri gücləndirir. Prezidentin qeyd etdiyi kimi, "Rəqəmsal İpək Yolu" layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək. Azərbaycan 2027-ci ilə qədər Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı məqsədlərini reallaşdırmağa davam edəcək və bununla da, bu dəhliz boyunca malların və məlumatların sərbəst və səmərəli mübadiləsini təmin edəcək.

V.Cəfərova qeyd edib ki, COP29 çərçivəsindəki “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda keçirilən tədbir Orta Dəhlizin qlobal ticarətdəki rolunun gələcəkdə daha da güclənəcəyini və bu dəhlizin rəqəmsal və ekoloji baxımdan necə inkişaf edə biləcəyini aydın şəkildə göstərdi. Azərbaycan yalnız regionda deyil, həm də beynəlxalq miqyasda bu transformasiyanı həyata keçirmək üçün mühüm addımlar atır. Bu dövr yalnız yeni texnologiyaların tətbiqi ilə bağlı deyil, həm də qlobal nəqliyyat şəbəkələrinin davamlılıq baxımından inkişaf etdirilməsi ilə əlaqəli dövr olaraq yadda qalacaq. Rəqəmsal və ekoloji dayanıqlı nəqliyyat şəbəkələri qlobal ticarətin gələcəyini formalaşdıran əsas amillərdən biri olacaq. Orta Dəhlizin bu sahədəki inkişafı qlobal iqtisadiyyatın davamlı və yaşıl inkişafını təmin etməyə dəstək verəcək.

Dayanıqlı və rəqəmsal Orta Dəhlizin perspektivləri
#

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R