Azərbaycanın ərzaq təhlükəsizliyi işğaldan azad olunan ərazilərin hesabına daha da güclənəcək
Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi üzrə hesabata əsasən, ardıcıl olaraq mövqeyini yaxşılaşdıran ölkələrin siyahısında yer alır. Ölkəmizdə görülən kompleks tədbirlər nəticəsində ərzaq təhlükəsizliyinin təmini sahəsində ciddi nailiyyətlər əldə edilib. Bir çox ölkələr COVİD-19 pandemiyası zamanı və son bir neçə ayda Rusiya-Ukrayna müharibəsi nəticəsində əhalisini ərzaqla təmin etməkdə problemlə üzləşsə də, Azərbaycan əhalisi üçün vəziyyət belə olmadı. Bu istiqamətdə vaxtında görülən tədbirlər bu gün öz nəticələrini verir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanı da xüsusi qeyd olunmalıdır. Bu Fərman ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsini və ərzaq təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, ölkəmizdə kənd təsərrüfatında məhsul istehsalının artmasına yönələn tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək: “Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilən torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ərzaq təhlükəsizliyimizin təmin edilməsinə böyük töhfə verəcək və özünütəminetmə səviyyəsini də yaxşılaşdıracaq. Ölkəmizdə kartof, meyvə, tərəvəz və s. kimi bir sıra ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəkdir. Ancaq ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi aşağıdır və ərzaqlıq buğda istehsalının artırılması aktuallıq daşıyır. Çünki tarixən xalqımızın istehlakında çörək mühüm yer tutub. Buna görə də ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi üçün mühüm qərarlar qəbul olunub. 2023-cü ildən başlayaraq 5 il müddətində ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Artıq Azərbaycan Prezidenti bu istiqamətdə yeni hədəfləri də müəyyənləşdirib və belə ki, 3-4 il ərzində ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin 80 faizə çatdırılması istiqamətində iş aparılacaqdır”.
R. Hüseyn vurğulayıb ki, beynəlxalq miqyasda ərzaq təhlükəsizliyinin təmini dedikdə fəal və sağlam həyat sürmək üçün ərzağın fiziki, sosial və iqtisadi baxımdan əlçatan olması başa düşülür. Yəni ərzaq təhlükəsizliyi özündə 4 mühüm elementi birləşdirir: ərzağın mövcudluğu, ərzağa çıxış, keyfiyyətli ərzaqdan istifadə və ərzaqla davamlı təminat. Azərbaycan Respublikasında da davamlı olaraq bu 4 sütun üzrə ərzaq təhlükəsizliyi göstəriciləri yaxşılaşdırılır: “Bildiyiniz kimi 2021-ci ildə daxili bazarda strateji mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görmək üçün Dövlət Ehtiyatları Agentliyi yardıldı. Dövlət Taxıl Fondu bu Agentliyin sərəncamına verildi. Hazırda ölkmizin buğda ehtiyatının dayanıqlığı üzərində iş aparılır. Digər tərəfdən bu il işğaldan azad olunan ərazilərdə 50 min hektarda taxıl əkilib. Növbəti illərdə 100 min hektarın əkin dövriyyəsinə cəlbi planlaşdırılır. Qarabağda və Şərqi Zəngəzurda bitkiçiliklə yanaşı heyvandarlıq da inkişaf etdirilir. Bu isə o deməkdir ki, qarşıdakı illərdə işğaldan azad olunan ərazilərin də hesabına Azərbaycanın ərzaq təhlükəsizliyi daha da güclənəcəkdir”.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu