Azərbaycanda yaxın gələcəkdə xidmət sahələrinin payı daha da artacaq
Dünyada olduğu kimi, Azərbaycanda da xidmət sahələri dinamik inkişaf edir. İnformasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı, internetin cəmiyyət və sənayenin gündəlik həyatının aparıcı tərkibinə çevrilməsi ilə dinamik tərəqqi edən xidmət sektoru istehsal sferasını üstələməkdədir. Artıq bir çox inkişaf etmiş ölkələrin ÜDM-də xidmət sektorunun payı 60 faiz və onun üzərindədir. Qlobal məkana sürətlə inteqrasiya edən Azərbaycanda da xidmət sektorunun müxtəlif istiqamətlərinin inkişafı prioritet əhəmiyyət kəsb edir. Ümumilikdə İKT-nin inkişafı, o cümlədən mövcud potensial imkanlar ölkəmizdə də xidmət sahələrinin uzunmüddətli inkişaf perspektivlərini vəd edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov deyib.
“Vətən müharibəsində əldə edilən tarixi Zəfər xidmət sektorunun potensial imkanlarını daha da artırıb”
O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər də xidmət sektorunun potensial imkanlarını daha da artırıb. Belə ki, işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri, eləcə də regionun potensial imkanları, əlverişli coğrafi mövqeyi, təbii ehtiyatları nəqliyyat, rabitə və turizm kimi xidmət sahələrinin inkişafı üçün geniş imkanlar yaradır. Bütün bunlara hökumətin 2022-ci ilə dair hesabatında da geniş yer verilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Milli Məclisdə təqdim etdiyi hesabatda toxunulan məqamlar, konkret rəqəmlərlə ifadə olunan mənzərə ölkəmizdə də yaxın gələcəkdə xidmət sahələrinin makroiqtisadi göstəricilərdə daha üstün çəkiyə malik olacağını deməyə əsas verir.
O, Azərbaycanda xidmət sahələrinin inkişaf məsələlərini şərh edərək deyib ki, əksər inkişaf etmiş dövlətlərdə xidmət sferası istər ÜDM-də, istər məşğulluğun təmin olunmasında və digər göstəricilərdə üstünlüyə malikdir: “Hökumətin hesabatında səslənən fikirlər, hesabatda əks olunan dinamika belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanda da yaxın gələcəkdə xidmət sahələrinin payı daha da artacaq. Turizm, nəqliyyat, rabitə xidmətləri kimi aparıcı xidmət sahələrində təmin olunan müsbət dinamika fikirlərimizi daha da əsaslandırır”.
Ötən il ölkəmizə gələn turistlərin sayı 2 dəfə artıb
A.Əsədov qeyd edib ki, 2022-ci ildə ölkəmizə gələn turistlərin sayı, əvvəlki ilə nisbətən, 2 dəfə artaraq 1602,3 min nəfər təşkil edib. Daha çox yay (iyun-iyul) aylarında Azərbaycana səfər edən turistlərin 27,9 faizi Rusiya, 19,5 faizi Türkiyə, 10,6 faizi İran, 6 faizi Səudiyyə Ərəbistanı, qalan 36 faizi isə Hindistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Ukrayna, İsrail və sair ölkələrin payına düşür. Araşdırmalar göstərir ki, 2022-ci ildə ölkəmizin turizm potensialının tanıdılması istiqamətində bir sıra beynəlxalq və yerli tədbirlər təşkil edilib. Şuşa, Şamaxı və digər şəhərlərdə təşkil olunan tədbirlərdə xarici ölkə vətəndaşları, media nümayəndələri, blogerlərin də iştirakı təmin edilib ki, bu da Azərbaycan turizminin tanıdılması və təbliği baxımından çox vacibdir. O cümlədən İspaniya, Yaponiya, İtaliya, Polşa, Özbəkistan və sair ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın turizm potensialı müvafiq əyanı vasitələrlə təqdim edilib, iki və çoxtərəfli əlaqələrin inkişafı istiqamətində müxtəlif sənədlər imzalanıb.
Nəqliyyat xidmətləri sahəsində də müsbət dinamika təmin olunub
Şöbə müdirinin fikrincə, analoji vəziyyət, xidmət sektorunun aparıcı istiqamətlərindən olan nəqliyyat sektorunda da müşahidə edilir. 2022-ci ildə nəqliyyat xidmətləri sahəsində də müsbət dinamika təmin olunub. Belə ki, əvvəlki ilə nisbətən, 2022-ci ildə yük daşınmaları 12.6 faiz artaraq 216.7 milyon ton, yük dövriyyəsi isə 15 faiz artaraq 90.5 milyard ton-km təşkil edib. Yük daşınmalarında 126 milyon ton və ya 58.1 faizlik payla üstünlük avtomobil nəqliyyatına məxsusdur. O cümlədən 2022-ci ildə dəmir yolu ilə 12.7 milyon ton, su nəqliyyatı ilə 7.5. milyon ton, hava nəqliyyatı 0.5 milyon ton, boru-kəməri ilə 66 milyon ton yük daşınıb, dəniz limanlarında yükləmə-boşaltma işləri 32.4 faiz artıb. 2022-ci ildə bütün növ nəqliyyat vasitələri ilə 1621.1 milyon nəfər və ya 2021-ci illə müqayisədə 33.5 faiz çox sərnişin daşınıb. O cümlədən ötən illə müqayisədə sərnişin dövriyyəsi 40.6 faiz artaraq 28 milyard 583.3 milyon sərnişin-kilometr olub. Sərnişinlərin 1405.5 milyonu avtomobil, 208.7 milyonu avtomobil, 2253.8 mini hava, 5.1 milyonu dəmir yolu, 21.4 mini isə su nəqliyyatı ilə daşınıb. Ümumilikdə bu sahədə 2000-2019-cu ildə müsbət dinamika davam edib, 2019-cu ildə COVID-19 səbəbindən yaranan məhdudiyyətlər nəticəsində 878.9 milyon sərnişin azalma qeydə alınıb. 2020-2022-ci illərdə isə müsbət dinamika təmin olunub və sərnişin daşınması üzrə 343.5 milyon sərnişin artım olub. Nəqliyyat sektorunun infrastruktur təminatının təkmilləşdirilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, beynəlxalq nəqliyyat dəhlizlərindən daha səmərəli istifadə istiqamətində ardıcıl addımların atılması ölkəmizdə nəqliyyat xidmətlərinin uzunmüddətli perspektivə malik olduğunu göstərir.
Beynəlxalq daşımalardan əldə olunan vəsait dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevriləcək
Onun sözlərinə görə, ölkəmizin etibarlı infrastruktur təminatı, əlverişli coğrafi mövqeyi beynəlxalq (tranzit) daşımalardan əldə olunan vəsaitin dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevriləcəyini deməyə əsas verir. Bu mənada, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizi, Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu – Orta dəhliz xüsusilə diqqəti cəlb edir. Bütün bunları dəqiqliklə qiymətləndirən Azərbaycan dövləti Ələtdə 400 ha sahədə olduqca müasir və geniş imkanlara malik nəqliyyat qovşağı yaratmaqdadır. İşlərin ilkin mərhələsi bitib və terminal artıq öz funksiyasını tədricən icra etməkdədir. Belə ki, 2022-ci ildə Ələt terminalında ümumi yükaşırmanın həcmi 2021-ci ilə nisbətən 14.6 faiz artaraq, 6.4 milyon ton təşkil edib ki, bunun da 5.6 milyon tonu və ya 88.6 faizi tranzit yüklərin payına düşür. Terminalda konteyner aşırılması TEU ekvivalentində 16.1 faiz artaraq 52.3 min ədəd, vaqon aşırılması isə 27.2 faiz artaraq 38.7 min ədəd təşkil edib. Vaqonların 21.5 min ədədi və ya 55.4 faizi Bakı-Türkmənbaşı-Bakı, 17.2 min ədədi və ya 44.6 faizi Bakı-Kurik/Aktau-Bakı istiqamətində hərəkət edib.
Onu da qeyd edək ki, 2022-ci ilin iyun ayında nəqliyyat və logistika sahəsində mövcud vəziyyət, rəqəmsallaşma imkanları, beynəlxalq daşıma potensialının artırılması və sair məsələlərlə bağlı hökumətin iclası keçirilib, bu sahədə qabaqcıl təcrübənin, müasir innovativ həllərin tətbiqi yolları müzakirə edilib. Yükaşırma qabiliyyətinin 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacağı nəzərdə tutulan Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Hökumətin proseslərə diqqətlə və həssas yanaşması limanın tezliklə tam gücü ilə istismara hazır olacağına inam yaradır.
Dinamik inkişaf edən xidmət sahələrindən biri də informasiya və rabitə xidmətləridir
A.Əsədov bildirib ki, ölkəmizdə dinamik inkişaf edən xidmət sahələrindən biri də informasiya və rabitə xidmətləridir. 2022-ci ildə ÜDM-in 1.4 faizni, qeyri-neft ÜDM-nin 2.7 faizini təşkil edən informasiya və rabitə sektorunda göstərilən xidmətlərin həcmi, 2021-ci ilə nisbətən, müqayisəli qiymətlərlə, 14.8 faiz artaraq 2742.8 milyon manat təşkil edib. Bu xidmətlərin 73.5 faizi əhali tərəfindən istehlak olunub və göstərilən xidmətlərin 82.4 faizi qeyri-dövlət sektorunun payına düşür. Bu sahədə müsbət dinamika uzun illərdir təmin edilib və yalnız 2003-2022-ci illərdə ölkəmizdə informasiya və rabitə xidmətləri 10.8 dəfə artaraq 254.2 milyon manatdan 2742.3 milyon manata çatıb.
Makroiqtisadi göstəricilərdə xidmət sahələrinin payı artır
Xidmət sahələrində əldə olunan nəticələri və inkişaf dinamikasını şərh edən Aqil Əsədovun fikrincə, rəqəmsal transformasiyanın qaçılmaz olduğu müasir dövrdə rəqəmsal inkişaf istiqamətində də mühüm işlər görülür. Hökumət tərəfindən elektron xidmətlərin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi istiqamətində qəbul edilən normativ-hüquqi sənədlər, müvafiq stimullaşdırıcı addımlar nəticəsində, artıq rəqəmsallaşma, rəqəmsal texnologiyaların tətbiqi geniş vüsət almaqdadır. Xidmət sahələrinin inkişafı prioritet əhəmiyyət kəsb edir ki, bu da daha çox İKT-nin inkişafı, rəqəmsallaşmanın zəruriliyi ilə əlaqələndirilir. İKT cəmiyyət və sənaye həyatına nüfuz etdikcə, makroiqtisadi göstəricilərdə də xidmət sahələrinin payı artır və bu, yaxın gələcəkdə özünü daha bariz şəkildə büruzə verəcək.
Ekspert yazıları
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
2024-cü ilin birinci yarısı üçün Türk Dövlətlərinin İqtisadi Görünüşü: Artım, Ticarət və İnvestisiya Trendləri
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“ŞƏT plyus” toplantısı türk dövlətləri arasında iqtisadi əməkdaşlığı artıracaq
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises