Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir
Türkmənistanın Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü ölkələrimiz arasında siyasi, iqtisadi və logistik əlaqələrin yeni inkişaf xəttini müəyyən edib. Tədbirdə dövlət başçısının çıxışı və yekun olaraq imzalanan Birgə Bəyanat göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər ənənəvi siyasi dialoq çərçivəsindən çıxaraq, vahid rəqəmsal iqtisadiyyat, ortaq ixrac mexanizmləri və qlobal təchizat zəncirlərinə birgə inteqrasiya mərhələsinə qədəm qoyub.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, dövlətlərarası səviyyədə qurulan birgə investisiya fondları və ticarət dövriyyəsinin 50 faizdən çox artması regionun qlobal ticarət xəritəsindəki mövqeyini kökündən dəyişir.
Artıq sadəcə ikitərəfli ticarət əlaqələri deyil, birgə istehsal və üçüncü, xüsusilə Qərb bazarlarına birgə çıxış strategiyaları müzakirə olunur. Reallıq ondan ibarətdir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan ən təhlükəsiz və etibarlı qardaş qapısıdır. Eyni zamanda, Avropadan gələn tranzit və təchizat xətlərinin Mərkəzi Asiyaya çatdırılmasında da ölkəmiz həlledici funksiya daşıyır. Dövlət başçılarının görüşündə kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsi, e-ticarətin inkişafı və sənaye məhsullarının bazarlara çıxışının genişləndirilməsi məsələləri də məhz bu qlobal logistik reallıqlar prizmasından yer alıb. Yaxın gələcəkdə Mərkəzi Asiya və Azərbaycan arasında daha sinxronlaşdırılmış gömrük, ticarət və tranzit siyasəti gözlənilir.
Ayxan Qədəşov Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin böyük hissəsinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki hədəflərlə üst-üstə düşdüyünü xüsusi vurğulayıb. O qeyd edib ki, bu görüşlərdə əldə olunan razılaşmalar TDT müstəvisində icra olunan strateji layihələrin də sürətlənməsinə xidmət edir. İİTKM-in “Azexport” portalı da Türk Dövlətləri Təşkilatı ilə yaxından əməkdaşlıq edir. Hazırda portal TDT məkanında ortaq dəyər zəncirinin yaradılmasını hədəfləyən “OTS Made” brendinin qurulması üzrə icraçılardan biridir. Bu brendin formalaşması ilə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin məhsulları qlobal bazarlara ayrı-ayrılıqda deyil, vahid, rəqabətədavamlı və yüksək keyfiyyət standartlarını özündə ehtiva edən ortaq marka altında çıxacaq. Bu, region ölkələrinin ixrac potensialını və məhsulların tanınma qabiliyyətini beynəlxalq miqyasda dəfələrlə artıracaq.
A.Qədəşov əlavə edib ki, iqtisadi inteqrasiyanın ən mühüm qollarından biri də qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının rəqəmsallaşdırılmasıdır. Görüşdə rəqəmsal innovasiyaların və startap ekosistemlərinin təşviqi ilə bağlı səsləndirilən fikirlər mövcud əməli fəaliyyətlərlə tam uyğunluq təşkil edir. Məlumdur ki, qida təhlükəsizliyi və aqrar məhsulların tranziti ölkələrimiz üçün prioritetdir. Bu məqsədlə “Azexport” TDT üçün xüsusi olaraq hazırlanan “Digital Agro Data” (Rəqəmsal Aqrar Məlumat) platformasının yaradılmasında da icraçılardan biri kimi iştirak edir. Platformanın əsas fəlsəfəsi region ölkələri arasında aqrar sahədə vahid statistik bazanın yaradılması, idxal-ixrac əməliyyatlarının rəqəmsallaşdırılması və təcrübə mübadiləsinin real vaxt rejimində təmin edilməsidir. Fermerlər və ixracatçılar bu platforma üzərindən bazardakı tələb və təklifi, eləcə də logistik marşrutları daha dəqiq analiz edə biləcəklər. Beləliklə, məlumat əsaslı qərarların verilməsi aqrar ixracda riskləri minimuma endirəcək.
A.Qədəşov infrastruktur və logistikanın e-kommersiya və qeyri-neft ixracı üçün qan dövranı rolunu oynadığını qeyd edərək, Orta Dəhlizin artan əhəmiyyətinə də toxunub. O cümlədən, bu ilin ilk 8 ayında Orta Dəhliz üzərindən yük axınının 20 faiz artmasının ölkəmizin regionda əsas e-ticarət və tranzit mərkəzinə çevrilməsini təsdiqlədiyini vurğulayıb. Bununla yanaşı, portal rəhbəri Azərbaycanın unikal mövqeyinin təkcə malların deyil, həm də enerjinin daşınmasında əhəmiyyətli olduğunu bildirib. Qazaxıstan və Özbəkistanda istehsal olunan elektrik enerjisinin, xüsusilə "yaşıl enerji"nin Azərbaycan ərazisindən keçməklə Avropaya çıxarılması layihəsinin gündəmdə olması ölkəmizin Mərkəzi Asiya üçün geostrateji tərəfdaş olduğunu bir daha sübut edir.
Nəticə olaraq, Azərbaycanı gözləyən mənzərə tamamilə yeni iqtisadi arxitekturadır: Mərkəzi Asiya ölkələri ilə birgə müəssisələrin qurulması, ‘OTS Made’ kimi ortaq brendlərin qlobal bazarlara çıxarılması və tranzit imkanlarının artması onu deməyə əsas verir ki, Azərbaycan artıq sadəcə logistik körpü deyil, həm də əlavə dəyər yaradan və bu dəyəri idarə edən mərkəzə çevrilir. Görüşdə müzakirə olunan bütün bu məsələlər sübut edir ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün təkcə ortaq tarixə, qardaşlıq və mənəvi dəyərlərə malik ölkə deyil, həm də ciddi potensiala malik, etibarlı və əməkdaşlığın hər mənada zəruri olduğu olduqca güclü iqtisadi tərəfdaşdır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib