Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoyur
Son dövrlərdə Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı silsilə səfərləri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e Ayhan Satıcı, Prezident İlham Əliyevin Qazaxıstana son səfərini şərh edərək bildirib ki, budəfəki görüşdə də tamformatlı danışıqlar siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələr də daxil olmaqla, kompleks şəkildə həyata keçirilib.
O, hesab edir ki, iki ölkənin regionda bütün sahələr üzrə lokomotiv rolunda olması və qarşılıqlı müsbət əlaqələrin inkişafına meyillənməsi Avrasiya regionu üçün çox mühüm hesab edilə bilər: “Azərbaycan – Qazaxıstan arasında ticarət əlaqələri müsbət tendensiya ilə inkişaf edir. İxrac-idxal mallarının nomenklaturalarının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşlarının təşviq edilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər qarşıya qoyulan hədəflər sırasındadır”.
Ayhan Satıcı bildirir ki, Azərbaycanın 2022-ci il üzrə xarici ticarət göstəricilərinə nəzər yetirdikdə, Qazaxıstanla 104 milyon ABŞ dolları həcmində ixraca və 494,4 milyon ABŞ dolları həcmində idxala sahib olduğunu müşahidə etmək mümkündür. Bu da onu göstərir ki, Qazaxıstan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə müqayisədə xarici ticarətində ixrac üzrə təqribən 56%, idxal üzrə isə 43% paya sahibdir.
Dövlət başçılarının iradəsi və qarşılıqlı razılaşması ilə səsləndirilən tezislər onu deməyə imkan verir ki, yaxın gələcəkdə bu göstəricilər artacaq və əmtəə dövriyyəsi bir milyard dollara çatdırılacaq.
Ayhan Satıcı daha bir mühüm fakt kimi qeyd edir ki, iki ölkə arasında aqrar-sənaye kompleksi məhsullarının ikitərəfli ticarətinin həcmi 3 dəfə artıb və 146 milyon ABŞ dollarına bərabər olub. 2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycan və Qazaxıstan hər biri kənd təsərrüfatı məhsulu üzrə iqtisadi artım göstərib. Belə ki, 3,4 faizlik artımla Azərbaycanın kənd təsərrüfatı məhsulu 6,5 milyard ABŞ dollarına, 9,1 faizlik artımla Qazaxıstanın kənd təsərrüfatı məhsulu təqribən 20 milyard ABŞ dolları səviyyəsinə qalxıb.
Həmçinin, Qazaxıstanda mindən çox Azərbaycan kapitalı ilə fəaliyyət göstərən şirkət mövcuddur. O cümlədən, Azərbaycanda Qazaxıstan kapitallı 150-dən çox şirkət fəaliyyət göstərir və bu sayın yaxın müddətdə artması üzrə işlər görülür. Buna misal olaraq, Qazaxıstan və Azərbaycan biznes sahiblərinin ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi missiyası çərçivəsində 5 aprel tarixində Bakıda imzaladıqları 55 milyon ABŞ dolları həcmində ixrac müqavilələrini göstərmək mümkündür.
Türk Dünyası Araşdırmaları Mərkəzinin nümayəndəsi qeyd edir ki, Qazaxıstan və Azərbaycanın yerləşdiyi coğrafi mövqenin strateji əhəmiyyətini Orta Dəhlizin mövcudluğu ilə əlaqələndirmək olar. İki ölkə arasındakı çoxtərəfli əməkdaşlıqlar çərçivəsində tranzit imkanlarının genişləndirilməsi, multimodal nəqliyyat dəhlizlərinin mövcudluğu ilə biznesin inkişafı və investisiya qoyuluşlarının artması Mərkəzi Asiya, Cənubi Qafqaz, ümumilikdə Türk dünyasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək.
Onun fikrincə, Qazaxıstan regionda nümunəvi təcrübənin icrasını reallaşdıran ölkə olaraq innovativ sahələrdə də inkişaf edir. Astana Beynəlxalq Maliyyə Mərkəzinin fəaliyyəti, “Astana International Exchange” birjasının portfel investisiyaların cəlb edilməsindəki rolu, “Tex Hub”ın təşviqi ilə elektron ticarət, startap ekosisteminin inkişafı və s. sahələr üzrə regionda qabaqcıl addımların atılması, qonşu ölkələr, o cümlədən Türk dünyasına da müsbət təsir göstərəcək.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise