Azərbaycan maliyyə dayanıqlılığından struktur iqtisadi dayanıqlılığa doğru irəliləyir
Beynəlxalq reytinq agentliyi “Moody’s”in Azərbaycan iqtisadiyyatı ilə bağlı son qiymətləndirmələri ölkənin xarici iqtisadi və geosiyasi şoklara qarşı əhəmiyyətli maliyyə dayanıqlılığına malik olduğunu göstərir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı bildirib ki, Azərbaycanın güclü xalis kreditor mövqeyi, aşağı dövlət borcu və əhəmiyyətli fiskal ehtiyatları qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda ölkə iqtisadiyyatı üçün mühüm maliyyə buferi formalaşdırır. Azərbaycanın uzunmüddətli emitent reytinqinin “Baa3” səviyyəsində olması da ölkənin maliyyə dayanıqlılığı və xarici şoklara qarşı müqavimət imkanları ilə dəstəklənir.
Lətif Zeynallı qeyd edib ki, “Moody’s” 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 1,5 faiz artım göstərəcəyini, orta müddətli dövrdə isə iqtisadi artım tempinin illik 2–2,5 faiz ətrafında formalaşacağını proqnozlaşdırır. Bu proqnozun qiymətləndirilməsində yalnız ümumi iqtisadi artım tempinə deyil, artımın strukturuna da diqqət yetirilməsi vacibdir. Belə ki, neft hasilatında azalmanın iqtisadi artıma təsiri qeyri-neft sahələrində iqtisadi fəallığın genişlənməsi hesabına qismən kompensasiya olunur. Xüsusilə İKT, turizm və emal sənayesində müşahidə olunan dinamika iqtisadi artımın mənbələrinin tədricən şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
İİTKM-in şöbə müdiri bildirib ki, “Moody’s”in qiymətləndirməsində Azərbaycanın maliyyə dayanıqlılığını dəstəkləyən mühüm amillərdən biri də Dövlət Neft Fondunda formalaşdırılmış əhəmiyyətli maliyyə aktivləridir. Bu ehtiyatlar xarici və fiskal şokların təsirinin yumşaldılması, dövlət maliyyəsinin dayanıqlılığının qorunması və iqtisadi siyasətin çevikliyinin təmin edilməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, dövlət maliyyəsinin idarə olunması, rəqəmsal idarəetmə, bank tənzimlənməsi və fiskal nəzarət istiqamətində həyata keçirilən islahatlar institusional dayanıqlılığın gücləndirilməsinə töhfə verir.
Lətif Zeynallı vurğulayıb ki, növbəti mərhələdə əsas məsələlərdən biri mövcud maliyyə dayanıqlılığının struktur iqtisadi dayanıqlılığa çevrilməsidir. Bu baxımdan, formalaşdırılmış maliyyə imkanlarının qeyri-neft sektorunda məhsuldarlığın yüksəldilməsinə, özəl investisiyaların genişləndirilməsinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə, ixracın şaxələndirilməsinə və yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasına yönəldilməsi xüsusi əhəmiyyət daşıyır. “Moody’s”in rəqəmsal infrastruktura investisiyaları, regional bağlantıları və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirləri orta müddətli iqtisadi artımı dəstəkləyən amillər sırasında qiymətləndirməsi də bu yanaşmanı gücləndirir.
Lətif Zeynallı əlavə edib ki, regional nəqliyyat və ticarət bağlantılarının genişlənməsi Azərbaycanın iqtisadi şaxələndirmə imkanlarını artıran mühüm amillərdən biridir. Ölkənin Şərq-Qərb və digər beynəlxalq nəqliyyat marşrutlarında mövqeyinin güclənməsi tranzit imkanlarının genişlənməsi ilə yanaşı, logistika, xidmətlər, ticarət və investisiya kanalları vasitəsilə qeyri-neft iqtisadiyyatına əlavə impuls verə bilər. Regional sabitliyin möhkəmlənməsi və iqtisadi əlaqələrin genişlənməsi isə bu potensialın daha dolğun reallaşdırılmasına əlavə töhfə verə bilər. “Moody’s”in qiymətləndirməsi Azərbaycanın güclü maliyyə mövqeyinin iqtisadi dayanıqlılığın təmin edilməsində mühüm rol oynadığını göstərməklə yanaşı, uzunmüddətli perspektivdə maliyyə buferlərinin yaratdığı imkanlardan səmərəli istifadə etməklə daha məhsuldar, rəqabətqabiliyyətli və şaxələndirilmiş iqtisadi artım modelinin formalaşdırılmasının əhəmiyyətini ön plana çıxarır.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır