
Azərbaycan-Çin münasibətlərində yeni səhifə: birgə strateji hədəflərə doğru
Azərbaycan və Çin arasında münasibətlər tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanıb, hər iki ölkə özünün milli maraqlarını müdafiə etmək və dünya iqtisadiyyatında daha fəal mövqe tutmaq məqsədilə sıx əməkdaşlıq edib. Son dövrlərdə, xüsusilə 21-ci əsrin əvvəllərindən etibarən bu əlaqələrdə yeni bir mərhələ başlayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədovun bildirib ki, Azərbaycan-Çin tərəfdaşlığının əsasında dövlət başçılarının dostluq münasibətləri, biri-birilərinə olan etimadı, qarşılıqlı səfərlər, rəsmi şəxslərin və biznes nümayəndələrinin görüşləri dayanır.
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı istiqamətində növbəti bir addımdır. Dövlət başçısının səfərləri ölkələr arasında inteqrasiyanın daha da güclənməsinə və yeni-yeni əməkdaşlıq imkanlarının yaranmasına öz töhfəsini verərək uzunmüddətli perspektivlər yaradır. Artıq Azərbaycanın nəhəng istehsal mərkəzi kimi dünyanın ikinci ən böyük iqtisadiyyatına malik fövqəldövləti ilə genişmiqyaslı və uzunmüddətli əməkdaşlığına dair çoxsaylı razılaşmalar mövcuddur.
Aqil Əsədovun sözlərinə görə, Çin kimi qüdrətli dövlətlə əməkdaşlıq etmək, müxtəlif sahələrdə yaxın münasibətlər qurmaq bir çox ölkələrin hələ də reallaşmayan arzularıdır. Lakin Azərbaycan və Çinin inkişaf fəlsəfəsindəki oxşarlıqlar, hər iki ölkə liderinin etibarlı tərəfdaş olması, qlobal çağırışlara və beynəlxalq hüquqa həssas yanaşması Azərbaycanı Çin üçün, Çini də Azərbaycan üçün əhəmiyyətli edir.
Coğrafi-strateji üstünlükləri daha da möhkəmləndirən düşünülmüş siyasət, zamanında verilmiş doğru qərarlar, proqram təminatlı dövlət idarəetməsi, hələ 25 il əvvəldən start götürən genişmiqyaslı infrastruktur quruculuğu Azərbaycanı regionun liderinə, qlobal əhəmiyyətli etibarlı tərəfdaşa çevirib. Artıq, bütün dünya təsdiq və qəbul edir ki, “...dediyini edən və etdiyini deyən” Azərbaycanın dövlət başçısı etibarlı tərəfdaş kimi hər zaman sülhü, təhlükəsizliyi, əməkdaşlığı dəstəkləyir. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə hər bir layihədə rəqabətə deyil, əməkdaşlığa üstünlük verir.
Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində istehsal, investisiya, ticarət, nəqliyyat, enerji, təhsil, əqli mülkiyyət, ədliyyə və s. istiqamətlərdə Azərbaycan-Çin əməkdaşlığını nəzərdə tutan 20-ə yaxın mühüm sənəd, hərtərəfli strateji tərəfdaşlıqla bağlı Birgə Bəyanat imzalanıb. Bütün bunlar dünyanın ikinci ən böyük iqtisadiyyatına malik fövqəldövlətilə münasibətlərdə yeni səhifənin – daha yaxın əməkdaşlıq, daha böyük ticarət dövriyyəsi, daha intensiv daşınmalar, tranzitdən daha çox gəlir əldə etmək, irihəcmli və genişmiqyaslı qarşılıqlı investisiya qoyuluşları, kosmik, elmi-texniki, rəqəmsallaşma istiqamətlərində əməkdaşlıq, vizaların ləğvi, “Bir kəmər, bir yol” üzrə əməkdaşlıqların daha da dərinləşdirilməsi və s. kimi perspektivlərin yer aldığı səhifənin başlanğıcıdır.
İİTKM-in şöbə müdiri bildirib ki, Azərbaycan özünün aqrar məhsullarını, xam neft və qazını Çin bazarlarına ixrac etməkdə maraqlıdır. Çin isə Azərbaycanda infrastruktur layihələrinə və texnoloji sahələrə investisiyalar yatırmaqla burada uzunmüddətli iqtisadi əlaqələr qurmağı hədəfləyir. İki ölkə arasında əlaqələr yalnız iqtisadi deyil, həm də strateji əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan Çinlə olan siyasi əlaqələri gücləndirməklə, həm də özünün beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir.
İmzalanan sənədlərə əsasən ili ölkə arasında elm-təhsil əlaqələri də inkişaf edəcək, hər iki tərəf təhsil sahəsində qarşılıqlı layihələrə dəstək verəcək ki, bu da universitetlər, məktəblər arasında əməkdaşlığa təkan olacaq. Nəticədə azərbaycanlı gənclərin yeni texnologiyalara çıxışı, bu sahədə bilik əldə etmək imkanları asanlaşacaq. Nəzərə alaq ki, dünyanın nəhəng istehsal mərkəzi olan Çin həm də əhalisinin sayına görə Hindistandan sonra dünyada ikinci yerdədir. Bu isə o deməkdir ki, dünya əhalisinin 20%-ə yaxını və ya 1.5 milyarddan çox insan Çin dilində danışır. Elm-təhsil, mədəniyyət, turizm və s. sahələrdə inteqrasiyanın bir üstünlüyü də odur ki, Çin dilini mənimsəyən azərbaycanlıların sayı artacaq. Bu isə Çində tətbiq edilən “nou-hau”ların, innovasiyaların daha yaxşı mənimsənilməsinə, qlobal çağırışlara uyğun mütəxəssislərin formalaşmasına öz töhfəsini verəcək.
Aqil Əsədovun sözlərinə görə, səfərin daha bir mühüm nəticəsi iki ölkə arasında viza rejiminin ləğv edilməsidir. Çin dünyanın ən böyük turist bazarlarından biri olmaqla yanaşı, Azərbaycanın unikal təbiəti, tarixi abidələri və mədəniyyəti ilə maraqlanır. Artıq 1.5 milyarddan çox əhalisi olan Çindən ölkəmizə yaxın zamanda minlərlə turistin gəlməsi reallıqdır və turizm sektorunun buna hazır olması vacibdir. Eyni zamanda, Azərbaycan və Çin arasında uçuşların artırılması, Çində fəaliyyət göstərən Azərbaycan Ticarət evlərinin də imkanlarından istifadə edərək turizm sahəsində təbliğat işlərinin aparılması ikitərəfli münasibətləri gücləndirmək baxımından əhəmiyyətli ola bilər və iki ölkə arasında turizm sənayesinin inkişafına müsbət təsir göstərər.
İmzalanan sənədlər yaşıl enerji zonası elan edilmiş ərazilərə, enerji sektoruna Çin investisiyalarının cəlb edilməsinə imkan yaradacaq ki, nəticədə həm də Çinin Azərbaycanın enerji sahəsindəki əsas tərəfdaşlarından biri olmağa davam edəcəyi gözlənilir. Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsindəki mühüm rolu da bu ölkənin regional və qlobal güc mərkəzlərində daha da möhkəmlənməsinə şərait yaradacaq.
Ölkəmizin əlverişli nəqliyyat-tranzit imkanları Çin məhsullarının Avropa, Ərəb körfəzi, Afrika ölkələrinin bazarlarına çıxışı üçün cəlbedicidir. Birbaşa Çin lideri Si Cinpin ideyası kimi “regional əlaqələri gücləndirmək və daha parlaq gələcəyi əhatə etmək üçün bir cəhd” adlandırılan “Bir kəmər, bir yol” layihəsinin uzunmüddətli hədəfi Çin məhsullarının adıçəkilən bazarlara daha çevik çıxışını təmin etməkdir. Bu mənada ölkələrimiz arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planının, beynəlxalq multimodal daşımalar haqqında Sazişin imzalanması, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi xüsusilə diqqəti cəlb edir. Nəzərə alsaq ki, Azərbaycanın infrastruktur təminatı illik 25 milyon ton yük buraxıcılıq qabiliyyətinə malikdir və Zəngəzur dəhlizinin açılması isə bu həcmi 35 milyon tona qədər artırmağa imkan verəcək, eləcə də ölkəmizdən keçən daşıma marşrutları daha qısadır, onda Çin məhsullarının hədəf bazarlarına çıxarılmasında Azərbaycanın əhəmiyyəti aydın olar. Bu mənada nəqliyyat-tranzit əlaqələrinə iki ölkə arasında münasibətlərin mühüm istiqaməti kimi yanaşılması zəruridir.
İİTKM-in şöbə müdiri əlavə edib ki, Azərbaycan-Çin münasibətləri, yalnız iqtisadi və siyasi əlaqələrin inkişafı ilə məhdudlaşmır, həm də regional və qlobal məsələlərdə əməkdaşlığın dərinləşməsi ilə əhatə olunur. Hər iki ölkə, beynəlxalq müstəvidə biri-birinin mövqelərini dəstəkləyir və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində addımlar atır. Azərbaycan və Çin arasında münasibətlərdə açılan yeni səhifə hər iki ölkənin strateji maraqlarına uyğun şəkildə inkişaf etməkdədir. Bu əməkdaşlıq, yalnız iqtisadi sahədə deyil, həm də siyasi, mədəni və sosial sahələrdə geniş imkanlar təqdim edir. Dövlət başçılarının birlikdə müzakirə etdiyi məsələlər, imzalanan sənədlər, rəsmi şəxslərlə, iş dünyasının nümayəndələri ilə keçirilən görüşlər əsasında Azərbaycanın Çinlə olan əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyi və bu tərəfdaşlığın həm regional, həm də qlobal səviyyədə daha əhəmiyyətli olacağı şübhəsizdir. Bütün bunlar Azərbaycan və Çinin strateji hədəflərə doğru birgə addımlayacağını özündə tövsif edir.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”