Aminə Bayramova: "Azərbaycanın Türk dünyasının iqtisadiyyatında rolu"

Aminə Bayramova: "Azərbaycanın Türk dünyasının iqtisadiyyatında rolu"

Aminə Bayramova

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki

 

Türk xalqları arasındakı yaxınlıq yalnız ortaq mədəniyyət, dil, din və bu kimi dəyərlər ilə deyil, həm də ticarət əlaqələrinin qədim dövrlərdən bəri qurulması və çoxşaxəli əməkdaşlığın tarixi inkişafı ilə əlaqədardır. Mərkəzi Asiyadan Anadolu yarımadasına qədər mühüm geosiyasi mövqedə yerləşən və zəngin sərvətlərə malik Türkiyə, Azərbaycan, Qazaxıstan,Türkmənistan, Qırğızıstan, Özbəkistan Türkdilli ölkələrdir. İqtisadi inkişafına, əsas makroiqtisadi, sosial göstəricilərinə görə bir-birindən fərqlənən bu ölkələrin iqtisadi əlaqələri 1991-ci ildə Mərkəzi Asiyadakı türkdilli dövlətlərin və Azərbaycanın müstəqilliyini əldə etməsi ilə intensivləşib. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş IX sammitində imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulmuş Türk Şurası çərçivəsində bu gün ölkələrimiz bütün sahələrdə, xüsusilə siyasi, ticarət, iqtisadi və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edir, bir-birinə dəstək olurlar. Hazırda türkdilli ölkələrin başçılarının qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar iqtisadi münasibətlərimizin dərinləşdirilməsini şərtləndirən əsas amillərdəndir. Ticarət əlaqələri, qarşılıqlı investisiya qoyuluşları, regional meqa layihələr və quruculuq-bərpa işlərindəki əməkdaşlıq Azərbaycanilə Türkdilli ölkələrin iqtisadi münasibətlərində əsas istiqamətlərdəndir.

Ticarət əlaqələri

Azərbaycanın xarici ticarət dövriyyəsində 2016-cı illə müqayisədə 2020-ci ildə Qazaxıstan 32-ci yerdən 28-ci yerə, Özbəkistan 58-ci yerdən 34-cü yerə yüksəlib, Türkmənistan isə 28-ci yerdən 31-ci yerdə qərarlaşıb. Azərbaycanın idxalında isə Özbəkistan 54-cü yerdən 28-ci yerə, Türkmənistan 36-cı yerdən 19-cu yerə yüksəlib, Qazaxıstan sabit olaraq 15-ci pillədə mövqe tutub. Azərbaycanın ixracında isə Qazaxıstan 36-cı pillədən 31-ci, Özbəkistan isə 49-cu pillədən 33-cü yerə yüksəlib. Türkiyə Respublikası isə bu illər ərzində stabil olaraq Azərbaycanın ən böyük 2-ci ticarət tərəfdaşıdır.

2020-ci ildə Azərbaycanın Türkdilli Dövlətləri ilə idxalının həcmi 1,83, ixracının həcmi 2,67 milyard dollar olmaqla, ümumi ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollar təşkil edib. 2010-cu ildə Türkdilli ölkələrin Azərbaycanın ümumi ticarət dövriyyəsində payı 5,6% idisə, 2020-ci ildə bu rəqəm 18,4%-ə yüksəlib. 2019-cu ildə analoji göstəricinin 15,2% olduğunu nəzərə alsaq, pandemiyanın yaratdığı gərginliyin Türkdilli ölkələrlə ticarətin müsbət tendensiyasına mane olmadığını deyə bilərik. 2020-ci ildə MDB ölkələri ilə ümumi ticarət dövriyyəsində isə buraya üzv türkdilli ölkələrin payı 8,2% təşkil edib. Azərbaycanın Türkdilli ölkələrdən idxalı 2010-2020-ci illərdə 14,1% ilə 19,7% arasında dəyişib, 2020-ci ildə bu göstərici 17,1% təşkil edib. 2019-cu ildə müvafiq göstəricinin 15,4% olduğu nəzərə alınsa pandemiyanın türkdilli ölkələrdən idxalı zəiflətmədiyi qeyd edilə bilər. 2020-ci ildə MDB ölkələrindən idxalda isə buraya üzv türkdilli ölkələrin payı 9,6% təşkil edib.

Azərbaycanın Türkdilli ölkələrdən idxalında mal çeşidliliyi aydın müşahidə olunur. 2020-ci ildə idxal olunan təbii barium sulfatının 95,9%-i, diri ev quşlarının 91,9%-i, makaron məmulatlarının 77,1%-i, avtobusların 68,3%-i, quş yumurtalarının 63,24%-i, metal konstruksiyaların 63%-i, mebellərin 58%-i, sintetik yuyucu maddələr və sabunun 55,6%-i türkdilli ölkələrdən idxal olunub. Son illərdə Türkdilli ölkələrdən idxal olunan diri ev quşlarının sayında, müəyyən növ qida məhsullarında, təbii qum, sabun və sintetik yuyucu maddələr, rezin şinlər, soyuq yayılmış polad prokatı, məişət kondisionerləri, yol-tikinti maşınlarının sayında artım müşahidə edilir.

 

Qrafik 1: (a) Azərbaycanın ticarət dövriyyəsinin strukturu; (b) Türkdilli dövlətlərin ticarət dövriyyəsinin strukturu (milyard ABŞ dolları).

Azərbaycanın ümumi ixracında Türkdilli ölkələrin payı 2010-2020-ci illərdə 2,2%-dən 19,4%-ə yüksəlib. 2019-cu ildə müvafiq göstəricinin 15% olduğu nəzərə alınsa pandemiyanın türkdilli ölkələrə ixracı zəiflətmədiyi görünə bilər. MDB ölkələrinə ixracda isə buraya daxil olan Türkdilli dövlətlərin payı 2010-2020-ci illərdə 0,4%-1,4% arasında dəyişib. 2020-ci ildə ixrac olunan emal olunmamış qoyun və quzu dərilərinin 100%-i, qara metallardan yarımfabrikatların 96,79%-i, pambıq lifinin 92,9%-i, təbii qazın 79,6%-i, şəkərin 75,64%-i, emal olunmamış alüminiumun 71,77%-i, pambıq parça ipliyinin isə 60,82%-i türkdilli ölkələrin payına düşüb. Son illərdə Türkdilli ölkələrə ixrac olunan meyvə və tərəvəzin, makaron məmulatlarının, meyvə və tərəvəz konservlərinin, bentonit gilinin,  təbii qazın, elektrik enerjisinin, atsiklik spirtlər və onların törəmələrinin, etilen polimerlərinin, pambıq lifinin miqdarında artım müşahidə edilir. Ümumilikdə, Türkdilli ölkələrin ümumilikdə ticarət dövriyyəsində 2009-2019-cu illərdə idxal ixracı üstələsə də, Azərbaycanda bütün illərdə saldo müsbət olub.

 

2015-2019-cu illərdə Türkdilli ölkələrin dünyaya ümumi ixracında Azərbaycanın payı 5,9%-dən 7,4%-ə, bu ölkələrdən idxalda isə 3,5%-dən 5,1%-ə yüksəlib.

İl

Azərbaycan

Türkdilli ölkələr

İxrac

İdxal

İxrac

İdxal

2015

12.7

9.2

216.3

265.1

2016

13.5

8.5

202

249.7

2017

15.3

8.8

230.6

286.9

2018

19.5

11.5

262.3

278.2

2019

19.6

13.7

264

266.4

Cədvəl 1: Türkdilli ölkələrin ticarət həcmi (milyard ABŞ dolları ilə)

Azərbaycanın türkdilli dövlətlərlə ticarət dövriyyəsində Türkiyə Respublikası 92,5%, Mərkəzi Asiyanın  türkdilli ölkələri isə 7,5% paya sahibdir. Bu isə əməkdaşlığın inkişafı istiqamətində Türkiyə ilə ticarət münasibətlərimizin artırılmasında qazandığımız təcrübələri digər türkdilli ölkələrlə də analoji əməliyyatlarda tətbiq edə biləcəyimizi göstərir.

 

İdxal

İxrac

Dövriyyədə

İxracda

İdxalda

payı

yeri

payı

 yeri

payı

yeri

Türkiyə

Maşın və mexaniki alətlər, dəmir və polad, nəqliyyat vasitələri, elektrik avadanlıqları, plastik məhsullar, təbii barium sulfatı, sürtkü yağları, dərman vasitələri, sabun və sintetik yuyucu maddələr, iribuynuzlu heyvanlar və quşlar, quş əti və yumurtaları, meyvə-tərəvəz, qənnadı məmulatları

Neft və neft məhsulları, pambıq, plastik və polimerlər, alüminium və məmulatları, qida və kənd təsərrüfatı məhsulları

17.0%

2

18.9%

2

14.6%

2

Qazaxıstan

Təzə tərəvəz, düyü, təbii barium sulfatı

Sintetik kompleks saplardan parçalar, izolyasiya edilmiş məftil və kabellər

0.6%

28

0.2%

31

1.1%

15

Türkmənistan

Mineral gübrələr, dərman vasitələri, Propilen polimerləri

Bitki və  marqarin yağları, şəkər

0.4%

31

0.1%

35

0.8%

19

Özbəkistan

Təzə meyvə və tərəvəz, Kağız və kartondan sanitar-gigiyenik məmulatlar, məişət kondisionerləri və paltaryuyan maşınları

Sürtkü yağları, etilen polimerləri

0.3%

34

0.2%

33

0.6%

28

Qırğızıstan

Kartof, nişasta, təzə meyvə

Şəkər, təbii üzüm şərabları və üzüm suslosu

0.02%

-

0.01%

-

0.03%

-

Cədvəl 2: 2020-ci ildə türkdilli ölkələrlə ticarətin tərkibi və əmtəə strukturu

Hazırda Türkdilli ölkələrlə ixrac imkanlarının artırılması istiqamətində aktiv fəaliyyət həyata keçirilir. Bu müstəvidə yaradılan  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkiyənin Odalar və Borsalar Birliyi, habelə ölkə başçıları arasında keçirilən Türkdilli dövlətlərin zirvə görüşləri, ölkələrimizin sahibkarları və agentliklərininin iştirakı ilə həyata keçirilən biznes forumlar, işgüzar səfərlər və ticarət missiyaları bu əməkdaşlığı gücləndirir.

Hazırlanmış “Türk baxışı 2040” strategiya sənədi türk dünyasının gələcəyini, əməkdaşlığımızı, iqtisadiyyat sahəsi də başda olmaqla bütün sahələrdə inteqrasiyanı möhkəmləndirəcək. Ticarətin genişləndirilməsi üçün kiçik və orta biznesin dəstəklənməsi, qanunvericilik və hüquqi bazanın təkmilləşdirilməsi, sənaye və işgüzar aktivliyinin stimullaşdırılması istiqamətində işlər görülməlidir. Qazaxıstan Respublikası ilə hər iki ölkənin bazarına çıxarılan malların nomenklaturasının genişləndirilməsi istiqamətində tədbirlər görülür. Türk dünyası ilə ticarətin artırılması istiqamətində digər mühüm tədbir kimi cari ilin 1 mart tarixindən qüvvəyə minən Preferensial Ticarət sazişi Türkiyə və Azərbaycan üzrə 15 adda məhsul üzrə tarifləri azaldacaq, qeyri-tarif maneələrin aradan qaldırılmasında isə mühüm əhəmiyyət kəsb edəcək.

Bundan başqa Azərbaycanın Türkdilli dövlətlərdə ticarət nümayəndəliyinin təsis edilməsi ölkələrimiz arasında ticarət əməliyyatlarının daha səmərəli və çevik həyata keçirilməsini təmin edəcək. 2021-ci ildə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan ticarət evinin açılış mərasimi keçirilib. Yaxın vaxtlarda Aktauda və Almatı şəhərlərində də ticarət evinin filiallarının açılması gözlənilir. Azərbaycanın İstanbulda da ticarət nümayəndəliyinin təsis edilməsi istiqamətində işlər aparılır. Ticarət evlərinin və nümayəndəliklərinin açılması Azərbaycan istehsalı olan məhsulların Türkdilli ölkələrin istehlakçıları üçün əlçatanlığını təmin etməklə yanaşı, ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin inkişafı üçün əhəmiyyətli platforma rolunu oynayacaq.

Qarşılıqlı investisiya qoyuluşu

Türkdilli ölkələr içərisində ən mütəşəkkil investisiya əlaqələrimiz Türkiyə Respublikası ilədir. Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ikinci ölkədir və qarşılıqlı  investisiya həcmi hər il artır. 2020-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan vəsaitin 12,8%-i qardaş Türkiyənin payına düşüb ki, bu da 2019-cu illə müqayisədə 7 milyon dollar artım demək olub. 2021-ci ilin 1-ci rübündə Türkdilli ölkələrdən Azərbaycan iqtisadiyyatına cəlb olunmuş investisiya həcmi 212,78 milyon dollar olub ki,  bu da bir öncəki ilin müvafiq dövrü ilə müqayisədə 56,1% artım deməkdir.

2020-ci ildə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyalarda  türkdilli ölkələrin payı 27,1% faiz olub. 2021-ci ilin 1-ci rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyon, Özbəkistan iqtisadiyyatına 0,7 milyon, Qazaxıstan iqtisadiyyatına 0,35 milyon, Qırğızıstan iqtisadiyyatına isə 0,2 milyon ABŞ dolları investisiya yatırıb. Azərbaycanın xarici iqtisadiyyatlara yatırdığı sərmayədə türkdilli ölkələrin payı 2021-ci ilin 1-ci rübündə bir öncəki ilin müvafiq dövrü ilə müqayisədə 5,6%-dən 15,6%-ə yüksəlib.

Türkdilli ölkələr içərisində Türkiyə Azərbaycana yönəldilmiş investisiya həcminə görə 99%, Azərbaycanın qoyduğu sərmayə həcminə görə isə 91,2% paya malikdir. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 19,5 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir. Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə əsasən energetika və kimya sahələrinə kapital axını yaradır.

Qazaxıstanın Azərbaycana investisiyası olaraq 2007-ci ildən istifadəyə verilən hər iki ölkənin birgə maliyyələşdirdiyi Bakı taxıl terminalı misal göstərilə bilər. Qazaxıstandan taxıl məhsullarının idxalını həyata keçirən terminal Azərbaycanı keyfiyyətli taxılla təmin etməklə yanaşı, Qazaxıstan taxılının Qafqaz və Qara dəniz regionuna və Avropa İttifaqı ölkələrinə ixracında mühüm rol oynayır. Azərbaycanın investisiyası əsasında Qazaxıstanın "Morport Aktau" Xüsusi İqtisadi Zonasında inşa olunan Azersun Logistika və İstehsalat Mərkəzi Qazaxstan Respublikasının Qərb bölgələrinin ərzaq və qeyri-ərzaq təhlükəsizliyinin təmini, Azərbaycan ixracatçılarına əlverişli şəraitin və ticarət imkanlarının yaradılması, Azərbaycan mallarının Qazaxstan Respublikasına ixracat potensialının artırılmasında mühüm rol oynayır. Azərbaycan Qazaxıstan iqtisadiyyatının nəqliyyat-logistika və sənaye sahələrinə daha çox sərmayə qoyur, həmçinin Azərbaycan şirkətləri avtomobil yollarının tikintisi, yaşayış binalarının inşası, suvarma sistemlərinin qurulması, su ehtiyat anbarlarının tikintisi, ölkə ərazisindəki yeganə tunelin inşasında fəal iştirak edib.

2018-ci ildə Özbəkistan-Azərbaycan biznes forumunda Özbəkistanda 71 birgə müəssisə, 11 Azərbaycan sərmayəli şirkət olmaqla 84 Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi bildirilmişdir. Özbəkistandakı investisiyalarımızın əsas sahələri ticarət, metal emalı, maliyyə və sığorta, daşınmaz əmlak əməliyyatları, enerji, zərgərlik məmulatları, qida və yüngül sənayedir. Özbəkistan isə Azərbaycanda nəqliyyat vasitələri sahəsinə investisiya qoyur.

Türkmənistan və Azərbaycan Ticarət-iqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində sənaye sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir, xüsusilə qeyri-xammal sahələrində qarşılıqlı investisiyaların həcminin artırılması və şaxələndirilməsi üzrə tədbirlər görürlər. Ölkələrimiz müxtəlif sənaye sahələrində, o cümlədən yüngül sənaye, tikinti materiallarının istehsalı, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə yardım edirlər.

Sözügedən Proqrama əsasən, Azərbaycan və Türkmənistan energetika, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlığı, həmçinin enerji səmərəli və enerjiyə qənaət edən texnologiyaların tətbiqi, alternativ enerji biotexnologiyalarının inkişafı sahələrində qarşılıqlı əlaqələri davam etdirəcəklər.

Türkdilli ölkələr içərisində iqtisadi əlaqələrimizin ən zəif olduğu Qırğızıstan Respublikası ilə əməkdaşlığın yüksəldilməsi istiqamətində son illərdə mühüm addımlar atılır. Müzakirələri aparılan və razılığa gəlinmiş birgə investisiya fondunun yaradılması, Qırğızıstanda Azərbaycanın ticarət evinin açılması qarşılıqlı sərmayə qoyuluşlarının artırılmasına və ticarətin inkişafına öz töhfəsini verəcək. Ölkələrimiz arasında neft-qaz, energetika, turizm, maliyyə və bank sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, dağ-mədən və elektrotexnika sənayesi, kənd təsərrüfatı, istehsal sahələrində birgə müəssisələrin yaradılması, sahibkarlıq subyektləri və birlikləri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsində malların çeşidlərinin artırılması üçün geniş imkanlar var. Həmçinin Qırğızıstan informasiya-telekommunikasiya texnologiyaları sahəsində və “yaşıl” iqtisadiyyatın inkişaf etdirilməsində türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirməsində maraqlıdır. Bu isə qarşılıqlı investisiya qoyuluşunun artırılmasında ölkəmiz üçün yeni potensial istiqamət deməkdir.

Rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq

Azərbaycan 4-cü sənaye inqilabı üzrə təşəbbüsləri və iqtisadiyyatın rəqəmsallaşması çağırışlarını dəstəkləyir. Ölkəmiz Avropa və Asiya arasında informasiya mübadiləsi baxımından körpü rolu oynayır. Azərbaycan Qazaxıstan və Türkmənistandan Transxəzər fiber optik kabellərin çəkilişi ilə rəqəmsal telekommunikasiya dəhlizi missiyasını öz üzərinə götürüb.

Azərbaycan Qazaxıstan marşrutu üzrə fiberoptik kabelin Siyəzən və Aktau məkanları arasında çəkilişi nəzərdə tutulur. Uzunluğu 400 km olacaq TransXəzər fiberoptik magistralın çəkilişinin 2021-2022-ci illərdə başa çatması planlaşdırılır. Bu magistral internet və kontentin Avropa qitəsindən Azərbaycan vasitəsilə Qazaxıstana, daha sonra isə Çinə daşınmasına imkan verəcək.

Həmçinin ikinci fiberoptik kabellərin çəkilişi Siyəzən və Türkmənbaşı məkanları arasında planlaşdırılır ki, bu kabellərin çəkilişi ilə həm alternativ, həm də yeni bir marşrut olacaq. Bu kabel xəttinin  istifadəyə verilməsi ilə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistanın data trafikinə olan ehtiyacı təmin ediləcək.

Rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan region və dünya miqyasında rəqəmsal fərqin aradan qaldırılması, keyfiyyətli internet ve data mübadiləsi reallaşdırılması, rəqəmsal təhlükəsizliyin təminatı və Avropa ilə Asiyanı birləşdirəcək Rəqəmsal İpək Yolunun formalaşdırılması məsələlərinə öz töhfəsini verəcək.

Nəqliyyat kommunikasiyalarının inkişafı sahəsində əməkdaşlıq

Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biridir. Azərbaycan iqtisadiyyatın digər sahələri ilə yanaşı nəqliyyat kommunikasiya əlaqələrinin inkişafında da Türkdilli ölkələr üçün böyük əhəmiyyətə malikdir. Həmçinin Azərbaycan açıq dənizlərə birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri üçün regionun enerji resurslarının dünya bazarına çıxarılmasında, habelə Avropadan daşınan malların bu ölkələrə idxalında tranzit ölkə kimi böyük potensial və əhəmiyyət ifadə edir. Azərbaycanın Türkdilli ölkələr üçün strateji əhəmiyyətli logistik mərkəzinə çevrilməsində ölkəmizin əlverişli coğrafi mövqeyi, burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması, o cümlədən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da mühüm rol oynayır.

Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına böyük töhvədir. 2020-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu üzərində daşınan yüklərin həcminin iki dəfədən çox artması nəqliyyat-kommunikasiya istiqamətində keçirilən birgə layihələrin səmərəliliyinin bariz nümunəsidir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycan ilə Türkiyənin, daha geniş miqyasda isə Avropa və Asiyanın birləşdirilməsini nəzərdə tutur. Layihə sərnişin və yük daşınmasının marağında olan İpək yolu üzərində yerləşən Türkdilli ölkələr üçün, nəqliyyat və daşınma xərclərinin və müddətinin aşağı salınması, eləcə də iqtisadi ticarət əlaqələrinin miqyasının artırılması baxımından önəm daşıyır.

Ölkəmiz Türkdilli ölkələr üçün təkcə Şərq-Qərb üzrə deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi üzrə də alternativ tranzit imkanı yaradır. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrinin birləşdirilməsini nəzərdə tutan layihədir. Belə ki, Mərkəzi Asiyanın Türkdilli ölkələri, habelə Türkiyə Azərbaycan ərazisindən istifadə etməklə Şimal-Cənub dəhlizi, xüsusilə Rusiya və İrana öz məhsullarını sürətli və səmərəli daşıya bilərlər.

Ölkəmizin müzəffər qələbəsi Türkdilli dövlətlərin nəqliyyat kommunikasiya əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu üzrə Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında nəqliyyat sisteminin şaxələndirilməsi, diversifikasiyası, daşınmaların təhlükəsizliyi, habelə səmərəliliyində yeni imkanlarını yaradır. Bu imkanlar isə Türkdilli ölkələrlə yanaşı, həmçinin Azərbaycan üçün yeni perspektivlər deməkdir. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində aparılan işlər kimi dəmiryolu və avtomobil yolunun inşası işlərinin yekunlaşması ilə Azərbaycanın və Türkdilli ölkələrin nəqliyyat dəhlizlərinə çıxışının çoxşaxəliliyi, habelə daşımalarda vaxta və resurslara qənaət təmin ediləcək, Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından Türkdilli ölkələrin, habelə region dövlətlərinin iqtisadi inteqrasiyasında potensialı artacaq.

Yeni nəqliyyat xətlərinin inşası və mövcud xətlərin yenilənməsi, Azərbaycanın infrastruktur imkanları və əlverişli coğrafi mövqeyi, habelə yeni regional imkanlar Türkdilli dövlətlərin ixracının artırılması, nəqliyyat xərclərinin və müddətinin azaldılmasında böyük potensial ifadə edir. Həmçinin, tranzit və logistika mərkəzlərinin təşkilində Aktau, Türkmənbaşı, Ələt, Samsun və Mersin limanlarının müasir infrastrukturu yükdaşımaların səmərəliliyinin artırılmasında mühüm potensiala malikdir. 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Limanının, habelə Azərbaycanın ilk xarici logistika mərkəzi kimi Qazaxıstanda yaradılan Azərsun İstehsal və Logistika Mərkəzinin istifadəyə verilməsi ölkəmizin regiondakı və Türk dünyasındakı nəqliyyat və logistika əlaqələrinin inkişafına verdiyi əhəmiyyətin təzahürüdür. Həmçinin nəqliyyat dəhlizləri boyunca logistik xərclərin azaldılması, nəqliyyat və gömrük əməliyyatlarının operativliyinin artırılması istiqamətində görülən işlər də yaradılan kommunikasiya xətlərinin səmərəliliyini artırmaq imkanı yaradacaq.

Bütün bu tədbirlər gələcəkdə şimal-cənub və şərq-qərb istiqamətindəki  nəqliyyat dəhlizlərinin inteqrasiyasına və hər iki istiqamətdəki layihələrdə iştirak edən yeganə dövlət kimi Azərbaycanın nəqliyyat-logistika habı olmasına imkan yaradacaq ki, bu da ölkəmizin Türk dünyası ilə yanaşı, regionda və dünyada iqtisadi mövqeyinin güclənməsinə, tranzit əməliyyatlarında açar mövqeyində olmasına töhfə verəcək. Bundan başqa,  nəqliyyat-kommunikasiya əlaqələrinin şaxələndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq Türkdilli ölkələrin həm bir-birləri ilə, həm də region və dünya ölkələri ilə iqtisadi inteqrasiyası sürətlənəcək, nəqliyyat xərcləri azalacaq, ölkələrin ixrac və idxalı stimullaşacaq, yekun olaraq isə Türkdilli ölkələr strateji və geosiyasi üstünlüklər qazanacaq.

Türkdilli ölkələrlə enerji sahəsində əməkdaşlıq

Türk dünyası ilə regional layihələrdə enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur. Bu perspektivdә Azərbaycan həm təbii enerjij qaynaqları ilə zəngin ölkə kimi neft-qaz ixracatçısı, həm də təbii resurslarla zəngin Mərkəzi Asiyanın Türkdilli ölkələrinin təbii sərvətlərinin qərb istiqamətində daşınmasında tranzit mövqedə çıxış edir. Bu gün Türkdilli ölkələr, xüsusən Türkiyə və Azərbaycan dünya miqyasında böyük əhəmiyyət daşıyan layihələri birlikdə həyata keçirir, Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir.

Azərbaycanın Türkdilli ölkələrlə energetika sahəsində çoxtərəfli əməkdaşlığını nəzərdə tutan layihələr 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə qəbul edilən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Bu meqa layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə, Türkiyə isə Türkiye Petrolleri A.O. ilə təmsil olunub. 2017-ci ildə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqavilənin müddəti əsrin ortalarına qədər uzadılıb. Bu isə Türkdilli ölkələrin nümayəndələri olaraq Azərbaycan və Türkiyənin qlobal energetika sahəsində əlaqələrinin kəsilməzliyini və uzunmüddətliyini göstərir, iqtisadi inkişafda davamlılığı vəd edir.

Azərbaycan həmçinin region və Türkdilli dövlətlərlə energetika əməkdaşlığı üçün mühüm layihələr olan Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi regional və qlobal əhəmiyyətli enerji layihələrinin təşəbbüskarı və icraçısıdır.

2005-ci ildə açılışı edilən Heydər Əliyev adına Bakı-Tbilisi Ceyhan (BTC) əsas ixrac boru kəməri beynəlxalq enerji dəhlizlərinə çıxışda və Avropanın eneji təhlükəsizliyində Azərbaycan və Türkiyənin əhəmiyyətini artırır. Bu boru kəməri tranzit keçid rüsumları, neftin satışı və saxlanmasından əldə edilən gəlirlə yanaşı, layihədə iştirak edən milli korporasiyaların inkişafında və nəticədə, hər iki dövlətin ümummilli məhsul həcmində artım yaradır. Həmçinin, BTC Türkiyə Respublikasının Ceyhan limanının da iqtisadi önəmini yüksəldib ki, bu da liman vasitəsilə əldə edilən gəlirləri və buraya investisiya axınlarını artırıb. Həmçinin BTC Qara dənizdə mövcud boğazların həddən artıq yüklənməsinin də qarşısını alır. Mövcud boru kəməri şərqdən gələn neftin daşınma yükünü Ceyhan limanı ilə paylaşmaqla Türkiyənin Dardanel və Bosfor boğazlarındakı ekoloji gərginliyi azaldır.

2007-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum boru kəməri (BTƏ) Azərbaycan qazının Gürcüstan, Türkiyə və Yunanıstana ixracının həyata keçirilməsini təmin edir. Bu layihənin Azərbaycan və Türkiyə üçün əhəmiyyəti ilk növbədə bu ölkələrin təbii qazın Asiyadan Avropaya daşınmasında əsas tranzit ölkələrə çevrilməsidir. Bununla da ölkələr həm strateji mövqelərini, həm də iqtisadi rifah səviyyəsi və ölkə gəlirlərini yüksəldir. Bu həm Türkiyə-Azərbaycan, həm də bu iki ölkənin hasilatçı və istehlakçı ölkələrlə iqtisadi münasibətlərinin möhkəmlənməsi ilə nəticələnir.

Cənub-Qaz Dəhlizi, TANAP və TAP layihələri Cənubi Qafqazı, Anadolunu və Cənubi Avropanı əhatə edən əhəmiyyətli şərq-qərb qaz nəqli xətti şəbəkəsidir. Layihənin ilkin fazası 2014, ikinci fazası 2018, üçüncü mərhələsi isə 2020-ci ildə həyata keçirilib.

 

 

https://minenergy.gov.az/uploads/CQD-foto.PNG“Şahdәniz - 2” çәrçivәsindә hasil edilәn qazın Xәzәr dәnizindәn Avropaya - 3500 km mәsafәyә nәqlini nәzәrdә tutan nәhәng qaz boru xәtti olan Cәnub Qaz Dәhlizinin tәmәli 2014-cü ilin sentyabr ayında Bakıda qoyulmuşdur. Boru xәttinin әsas resurs bazası kimi “Şahdәniz” qaz yatağı çıxış edir. Layihә dәyәri 40 milyard ABŞ dollarından çox olan bu infrastruktur sistemində Azərbaycan və Türkiyə daxil olmaqla, ümumilikdə 7 dövlət iştirak edərək Xәzәr regionundakı qaz tәchizatını ilk dәfә olaraq Avropa bazarları ilә birlәşdirmişdir.

Bu layihə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi kimi 3 mühüm iqtisadi əhəmiyyətli ərazini əhatə edir. Bu layihə karbohidrogen ehtiyatlarla zəngin olan Mərkəzi Asiyanın Türkdilli ölkələrinin gələcəkdə öz resurslarını Avropa bazarına çıxarmaları, dünya enerji təhlükəsizliyinin təminatında bu ölkələrin də payının olması üçün böyük perspektivlər deməkdir. Azərbaycan isə bu inteqrasiyanın həyata keçirilməsində etibarlı enerji koridoru olmaqla olmaqla Türkdilli xalqların rifahına, iqtisadi inkişafına öz töhfəsini verəcək, öz resursları ilə yanaşı digər ölkələr üçün tranzit funksiyası daşımaqla həm türk dünyası, həm də Avropa birliyi üçün iqtisadi dəyərini artıracaq.

Türkiyə və Azərbaycanın layihənin 4 əsas mərhələsinin 3-də aktiv iştirakı, habelə Cәnubi Qafqaz Boru Kәmәrinin (CQBK), TANAP və TAP qaz kəmərlərinin uzunluğunun təqribən 70%-inin Türk dilli ölkələrin ərazisindən keçməsi Türkdilli ölkələrin iqtisadi inteqrasiyasına əlavə stimul yaradır, həmçinin geniş potensial imkanlar vəd edir.

2018-ci il “Xəzər beşliyi" dövlətlərinin başçıları Qazaxıstanın Aktau sammitində razılaşdırdıqları Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi həm nəqliyyat-logistika şəbəkəsinin inkişafında, həm də Xəzərdə yeni meqa layihələrin həyata keçirilməsində səmərəliliyi artıracaq. Qəbul edilən bu konvensiya türkdilli ölkələr də daxil olmaq Xəzəryanı ölkələrin  ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika, innovasiya, turizm, informasiya və başqa sferalarda əlaqələrinin gücləndirilməsinə və regionda və Türk dünyasında rifahın təminatında mühüm rol oynayacaq.

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi həmçinin Türkmənistan ilə münaqişəli yataq sayılan Dostluq yatağının birgə istismarı barədə razılaşmaya da əhəmiyyətli zəmin hazırlayıb. 2021-ci ildə Aşqabad şəhərində bu yatağın karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bu razılaşma Azərbaycan və Türkmənistanın neft sənayesinə, həmçinin iqtisadiyyatına böyük töhfə verəcək. Dostluq yatağından Türkmənistan tərəfindən hasil olunan təbii ehtiyatların Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılması imkanları vardır. Bu imkanların reallaşması boru kəmərinin, habelə tranzitin gəlirliliyinin artmasına mühüm töhfə verəcək. Həmçinin əldə edilən razılaşma çərçivəsində Yatağın istismarı nəticəsində Azərbaycanın neft-qaz hasilatından əldə edəcəyi gəlirlər də artacaq.

Bütün bu tədbirlər fonunda ölkəmizin energetika sahəsində təcrübəsi, müasir və daim yenilənən infrastrukturu, strateji mövqeyi və apardığı islahatlar Türkdilli ölkələr üçün böyük imkanlar və perspektivlər yaradır. Neft-qazla zəngin Mərkəzi Asiya dövlətləri isə öz ehtiyatlarını Azərbaycan vasitəsilə təhlükəsiz və rahat şəkildə Avropanın enerji bazarlarına çıxararaq həm gəlirlərini artıra, həm də beynəlxalq iqtisadi-siyasi arenada öz mövqelərini möhkəmləndirə bilərlər.

Qarabağın reinteqrasiyası sahəsində əməkdaşlıq

Ölkəmizin müzəffər qələbəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarda yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. İşğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi digər ölkələr, həmçinin Türkdilli ölkələr üçün geniş imkanlar yaradır. Türkdilli dövlətlər içərisində Azərbaycan bu sahədə Türkiyə ilə səmərəli əməkdaşlıq həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələrinin, yolların tikintisində Türkiyə şirkətləri fəal iştirak edir. Həmçinin, bu ilin fevral ayında iqtisadi əlaqələrin inkişafı məqsədilə Azərbaycan və Türkiyə arasında dağ-mədən, tekstil, nəqliyyat logistika, kiçik və orta sahibkarlıq və investisiyaların təşviqi, memarlıq-layihələndirmə kimi sahələrdə ümumilikdə 11 protokol imzalanıb. Bütün bu imkanlar fonunda iki ölkənin əməkdaşlığının genişləndirilməsi, birgə istehsal müəssisələrinin təşkili, nəqliyyat-logistika, həmçinin əlverişli coğrafi mövqe üstünlüklərdən istifadə ölkələrimizin qarşılıqlı ticarəti, investisiya qoyuluşlarını artıracaq, bölgədə nəqliyyat-kommunikasiya əlaqələrini gücləndirəcək, işğaldan azad edilmiş torpaqlarımızın bərpasında və inkişafında səmərəliliyi artıracaq.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkdilli ölkələr ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R