Dövlət idarəetməsində nəzarət proseslərinə yeni yanaşma

Coşqun Cəfərov

İİTKM- in baş məsləhətçisi

09 fevral 2021, 11:21

 Dövlət idarəetməsində nəzarət proseslərinə yeni yanaşma

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Fərmanı ölkədə həyata keçirilən idarəçilik islahatlarının səmərəliliyinin artırılmasına, eləcə də dövlət nəzarətinin daha da gücləndirilməsinə təkan verəcək. Layihə və proqram idarəetməsinin tərkib hissəsi olaraq həyata keçirilən işlərin effektivliyinə nəzarət icra prosesində diqqət mərkəzində olan əsas faktorlardandır. Müasir çağırışlar fonunda dövlət idarəetməsində nəzarət prosesinin asanlaşdırılması və texnoloji yeniliklərin dövlət nəzarətinin həyata keçirilməsinə tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Yaradılacaq Dövlət Nəzarəti İnformasiya Sistemi səmərəlilik, istifadə rahatlığı, çeviklik prinsiplərinə əsaslanmaqla idarəetmə və nəzarət prosesinin koordinasiyasına imkan verəcək. Dövlət Nəzarəti İnformasiya Sistemi 8 müxtəlif altsistemdən ibarət olmaqla nəzarət prosesinin modulyar əsasda həyata keçirilməsini təmin edəcək. “Tapşırıqlar” altsistemi tapşırıqların icra vəziyyəti ilə bağlı barədə məlumatların emalını və qiymətləndirilməsini nəzərdə tutur. İnformasiya sisteminin “Əsas Səmərəlilik Göstəriciləri” altsistemi yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edir. Bu, yerli icra orqanları arasında rəqabət mühitinin formalaşmasında, görülən işlərin keyfiyyətinin, səmərəliliyinin artmasında, eləcə də fərman, sərəncam və tapşırıqlar üzrə nəzərdə tutulan fəaliyyətlərin vaxt əsaslı həyata keçirilməsində mühüm rol oynayacaq. ”Hesabatlar” altsistemi vasitəsilə bütün altsistemlər üzrə ümumi aqreqatlaşdırılmış hesabatların əldə olunması təmin ediləcək. Bu da öz növbəsində müxtəlif dövlət qurumları üzrə ümumi icra göstəricilərinin müəyyən olunmasına şərait yaradır.

 

Elektron İnformasiya sistemləri sənəd dövriyyəsinin və digər kargüzarlıq işlərinin kağızsız əsasda aparılmasını təşviq edir.İnformasiya sistemində bütün əməliyyatların elektron imzalar vasitəsilə aparılması informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

Elektron informasiya-nəzarət sistemləri həmçinin səmərəli layihə və proqram idarəetməsinin həyata keçirilməsində mühüm rola malikdir. Bu elektron sistemlər layihə və proqramların icrasının elektron qaydada monitorinqi, inkişaf məqsədlərinə nail olunması və nəticələrin izlənilməsi, çatışmazlıqlar və boşluqlar barədə preventiv xəbərdarlıqların verilməsi vasitəsilə problemlərin və məhdudiyyətlərin həllinə yeni baxış bucağı gətirir. Bu kimi elektron sistemlərin yaradılması həmçinin istifadəçilərə məlumatlara anında giriş imkanı yaradan mərkəzləşdirilmiş informasiya bazasına əlçatanlığı təmin edir.

Belə bir İnformasiya sisteminin yaradılması effektiv, şəffaf və nəzarət oluna bilən idarəetmə strukturunun formalaşdırılmasına imkan verməklə yanaşı, eləcə də dövlət idarəçiliyində həyata keçirilən islahatların nəticəliliyinin artırılmasında böyük rola malikdir. Digər qeyd olunması vacib məsələ Elektron İnformasiya Nəzarət Sisteminin yaradılmasının Böyük Verilənlər (Big Data) bazasının formalaşmasına imkan verməsidir. Gələcəkdə bu verilənlər bazasının yeni qəbul ediləcək layihələrin, proqramların hazırlanmasında və bu istiqamətdə proqnoz göstəricilərinin müəyyən olunmasında istifadəsi mümkündür. Yaradılacaq Dövlət Nəzarəti İnformasiya Sistemi real vaxt rejimində hesabatlılığın təmin olunmasını, performans qiymətləndirməsinin aparılmasını, dövlət nəzarəti prosesinin keyfiyyətinin artırılmasını və informasiya mübadiləsinə sərf olunan vaxt müddətinin azaldılmasını vəd edir.

Yekun olaraq qeyd olunmalıdır ki, Dövlət Nəzarəti İnformasiya Sisteminin yaradılması dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə səmərəliliyin, koordinasiyanın və effektiv dövlət nəzarətinin təmin olunmasına imkan yaradacaq.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R