Azərbaycanda tətbiq edilən özünüməşğulluq proqramı qabaqcıl təcrübələrin tətbiqi baxımından fərqlənir

Ayhan Satıcı

Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri

03 mart 2021, 11:54

 Azərbaycanda tətbiq edilən özünüməşğulluq proqramı qabaqcıl təcrübələrin tətbiqi baxımından fərqlənir

Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əsası qoyulan özünüməşğulluq proqramı hazırda ölkəmizdə uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərir. Təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlığın inkişafını və ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını hədəfləyir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də Dövlət Məşğulluq Agentliyi ilə özünüməşğulluq proqramına innovativ layihələrin cəlb edilməsi istiqamətində uğurlu əməkdaşlıq edir. Mərkəzin operatoru olduğu Enterprise Azerbaijan portalına daxil olan innovativ layihələr və biznesplanlar Dövlət Məşğulluq Agentliyinə təqdim edilir.

Əhalinin sosial cəhətdən həssas kəsimindən olan insanlara verilən müavinət və yardımların onların əmək bazarında məşğulluğunun təmin edilməsinə yönləndirilməsidir.

 

Burada vacib nüanslardan biri də odur ki, dövlətin dəstəyi ilə əsasən sosial cəhətdən həssas şəxslərə və aztəminatlı ailələrə aktivlər ayıraraq onlar biznes mühitində daha dayanıqlı və gəlir gətirən sahələrə yönəldilir. Özünüməşğulluğun təşviqi ilə həmin şəxsləri yardım asılılığından azad edib uzun müddətdə maliyyə dayanıqlığını təmin etmək qarşıya qoyulan əsas məqsəddir.

Özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanılmasında üstünlük verilən şəxslər vardır ki, bunlar da əsasən əhalinin həssas və sosial cəhətdən aztəminatlı qruplardır. Belə ki, qanunvericiliyə əsasən işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, və cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Bu qrupdan olan insanların özünüməşğulluq proqramı çərçivəsində şəxsi bizneslərinə start verərək maliyyə azadlığını təmin etməkləri layihə çərçivəsində nəzərdə tutulan hədəflərdən biridir. Bununla belə digər şəxslər kimlər ki, Dövlət Məşğulluq Agentliyinin yerli orqanlarında (şəhər, rayon məşğulluq mərkəzlərində) işsiz və işaxtaran kimi qeydiyyata alınan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malikdirlər, özünüməşğulluq proqramından faydalana bilərlər.

Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşların layihədə iştirakının təmin edilməsi bir neçə mərhələlərdən sonra baş tutur. Belə ki, Nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınan şəxslər sonradan biznesin təşkili ilə bağlı təlim kurslarına cəlb edilirlər. Uğurla təlim kurslarını bitirən və biznes planları uğurlu hesab edilən şəxslər sonradan ayrılan kvota çərçivəsində aktivlər ilə təmin edilir.

Bundan başqa onu da qeyd etmək gərəkdir ki, özünüməşğulluq proqramı beynəlxalq təcrübədə bir çox ölkələrdə tətbiq edilir və Azərbaycan da ən qabaqcıl təcrübələrin tətbiqi baxımından proqramın davamlı olaraq inkişaf etdirilməsini təmin edir. Hər bir ölkənin milli prioritetlərinə əsasən özünüməşğulluq proqramının tətbiq sahələri fərqlənir. Böyük Britaniyada tətbiq edilən özünəməşğulluq proqramının əsas xüsusiyyətlərindən biri odur ki, bu ölkədə özünüməşğulluq proqramı iştirakçıları az gəlirli təbəqə deyil, 50 yaş üzərində şəxslər və qadınlardır. Həmçinin, proqramın yayılma spektri əsasən innovativ sahələrdən ibarətdir. İspaniya modelində isə özünüməşğulluq iştirakçılarına verilən vəsaitlər hissə-

 

hissə davamlı olub, bu da öz növbəsində bizneslərin dayanıqlı maliyyə əldə etmələrinə gətirib çıxarıb.

Özünüməşğulluq proqramını həyata keçirən ölkələrdə müxtəlif prioritetlərin olması onların fəaliyyət dairəsinə və icra mexanizmlərinə təsir edib. Bu səbəbələrdən dolayı proqramın uğur səviyyəsi ölkələr üzrə dəyişir. Azərbaycanda keçirilən özünüməşğulluq proqramı digər ölkələr ilə müqayisədə uğur faizi yüksək olan layihələrdəndir. Şübhəsiz ki, bunun əsas səbəblərindən biri də dövlətin birbaşa dəstəyinin və özünüməşğulluq proqramının davamlı maliyyə dayanıqlığının olmasıdır. Həmçinin, proqram istehsal, emal, xidmət və kənd təsərrüfatı olmaqla geniş sahələri əhatə etməkdədir. Bu da öz növbəsində geniş kəsimdən olan insanların maraqlarını cəlb etməkdədir. Bütün bunlar isə Azərbaycanda keçirilən özünüməşğulluq proqramının gələcəkdə əhatə dairəsini genişləndirərək daha da inkişaf edəcəyini deməyə əsas verir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R