Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək

Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş hədəflərə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Dəyişikliklər kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsini əhatə edir.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, qlobal bazarlarda rəqabətin artdığı, keyfiyyət və qida təhlükəsizliyi standartlarının sərtləşdiyi bir dövrdə kənd təsərrüfatı istehsalçılarının xarici bazarlara çıxışının dövlət tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır.

“Yeni subsidiya siyasətində ixrac baxımından mühüm istiqamətlərdən biri beynəlxalq sertifikatlaşdırmanın dəstəklənməsidir. Avropa, Körfəz ölkələri və digər yüksək alıcılıq qabiliyyətinə malik bazarlara çıxışın əsas şərtlərindən biri beynəlxalq standartlara uyğunluqdur. Fermer və aqrar müəssisələrin “Global G.A.P.”, “FSSC 22000”, “HACCP”, “GRASP”, “BRCGS”, “FSMA” və beynəlxalq orqanik sertifikatlarının alınması xərclərinin 7 000 manatdan 36 000 manatadək, illik aktiv saxlanılması xərclərinin isə müvafiq məbləğin 10 faizi səviyyəsində subsidiyalaşdırılması istehsalçıların maliyyə yükünün azaldılmasına, yerli məhsulların xarici bazarlarda etibarlılığının və rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Bu dəstək istehsalçılarımızın yüksək standartların tətbiq olunduğu bazarlara çıxış imkanlarını genişləndirə bilər”, – deyə A.Qədəşov qeyd edib.

A.Qədəşov bildirib ki, ixrac potensialının artırılması dayanıqlı və innovativ istehsal metodlarının tətbiqi, həmçinin məhsul portfelinin diversifikasiyası ilə sıx bağlıdır. Şuranın qərarı ilə yüksək əlavə dəyər yaradan yeni ixracyönümlü bitkilərin, o cümlədən aroniya bağlarının salınmasına görə 7500 manat/ha, efir yağı istehsalı məqsədilə qızılgül əkinlərinə isə 6000 manat/ha subsidiya nəzərdə tutulur. Bu dəstək həmin məhsulların istehsalının genişləndirilməsinə, eləcə də əczaçılıq və kosmetika sənayesi üzrə beynəlxalq təchizat zəncirlərinə inteqrasiya imkanlarının artırılmasına şərait yarada bilər.

Eyni zamanda, kiçik (butik) şərabçılığın inkişafının təşviqi, superintensiv üzüm bağlarına 20 000 manat/ha məbləğində dəstəyin verilməsi və 2030-cu ilədək 20 yeni butik şərab evinin yaradılması hədəfi yerli üzümçülük və şərabçılıq məhsullarının əlavə dəyərinin artırılması, onların xarici bazarlarda brend məhsul kimi təqdim olunması baxımından yeni imkanlar yaradır.

Portal rəhbəri qlobal iqlim dəyişikliyi fonunda beynəlxalq ticarətdə ekoloji dayanıqlılıq və resurslardan səmərəli istifadə məsələlərinin əhəmiyyətinin artdığını da vurğulayıb.

“Hazırda qlobal bazarlarda məhsulun yalnız keyfiyyəti deyil, onun istehsal prosesinin ətraf mühitə təsiri və resurslardan səmərəli istifadə məsələləri də diqqət mərkəzindədir. Müasir suvarma sistemləri, lazer hamarlama və 4-cü nəsil şüşə örtüklü istixanalar üzrə tətbiq edilən əkin subsidiyaları istehsalda resurs səmərəliliyinin və ekoloji dayanıqlılığın artırılmasına, eləcə də beynəlxalq bazarlarda formalaşan müvafiq tələblərə uyğunlaşmaya töhfə verəcək”, – deyə A.Qədəşov bildirib.

Qarşıya qoyulan hədəflərin daxili təminat və emal sənayesinin inkişafına da xidmət etdiyini vurğulayan A.Qədəşov qeyd edib ki, qərarın əhatə dairəsi genişdir. Emal müəssisələrinə təhvil verilən üzüm, zeytun, xurma, qızılgül, badam və süd kimi xammal məhsullarına yönəldilən dəstək yerli emalın genişləndirilməsinə və yüksək əlavə dəyərli hazır məhsulların ixracının artırılmasına şərait yarada bilər.

Bundan əlavə, balıqçılıqda nərəkimilər və qızılbalıqkimilər üzrə ilk dəfə məhsul subsidiyasının tətbiqi, intensiv iribuynuzlu və xırdabuynuzlu heyvandarlığın, o cümlədən milli “Qarabağ” və “Dilbaz” atlarının dəstəklənməsi, həmçinin toxumçuluq və aqrar texnika üzrə 60 faizədək güzəştlərin tətbiqi aqrar sektorun müxtəlif istiqamətlərində istehsalın və məhsuldarlığın artırılmasına yönəlib. Fermerlərə subsidiyanın 30 faizinin avans şəklində verilməsi isə təsərrüfatların cari xərclərinin maliyyələşdirilməsi və əməliyyat çevikliyinin artırılması baxımından əhəmiyyətlidir.

A.Qədəşov bildirib ki, beynəlxalq sertifikatlaşdırmanın dəstəklənməsi, dayanıqlı istehsalın təşviqi və emal sənayesinin yerli xammalla təminatının gücləndirilməsi aqrar ixracın inkişafı üçün əlavə imkanlar yaradır: “Yeni dövlət dəstəyi mexanizmləri istehsalçıların beynəlxalq standartlara uyğunlaşmasına, ixracyönümlü istehsalın genişləndirilməsinə və yüksək əlavə dəyərli məhsulların xarici bazarlara çıxışının artırılmasına xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın qlobal aqrar-ərzaq bazarında mövqeyinin gücləndirilməsi və yerli istehsalçıların qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından əhəmiyyətlidir”.