Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib
“Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 2 sentyabr tarixli Sərəncamı muxtar respublikanın sosial-iqtisadi inkişaf prioritetlərinin müasir çağırışlara uyğunlaşdırılması və tədbirlərin icra mexanizmlərinin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli bildirib ki, Dövlət Proqramına edilən dəyişikliklər iqtisadi fəallığın və ixrac imkanlarının genişləndirilməsi, nəqliyyat əlçatanlığının artırılması, təhsil və sosial xidmətlərin əhatəsinin genişləndirilməsi, eləcə də ekoloji dayanıqlılığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha nəticəyönümlü təşkilinə xidmət edir.
Sözügedən dəyişikliklər nəticəsində Dövlət Proqramında sahibkarlığın və ixracın dəstəklənməsi istiqamətində yanaşmalar da dəqiqləşdirilib. Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyindən istifadə etməklə regionda istehsal olunan məhsulların ölkədaxili və xarici bazarlara çıxışının sürətləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən olunub. Yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və daşınma xərclərinin optimallaşdırılması məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur. İİTKM-in sektor müdiri bildirib ki, müntəzəm yükdaşımaların təşkili və nəqliyyat marşrutlarının effektivliyinin yüksəldilməsi ixracın, məşğulluğun və işgüzar əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradacaq.
Elşən Yusiflinin sözlərinə görə, xüsusilə Zəngəzur dəhlizinin açılmasından sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixrac imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi gözlənilir. Dövlət Proqramına edilən dəyişikliklərə əsasən, bu imkanlardan səmərəli istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə əsasında baxılmasının nəzərdə tutulması çevik və iqtisadi əsaslandırmaya söykənən dəstək mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Bu yanaşma yerli istehsalın iqtisadiyyatda rolunun gücləndirilməsinə və Naxçıvanın regional ticarət-logistika imkanlarının reallaşdırılmasına xidmət edəcək.
Dövlət Proqramına edilən dəyişikliklər çərçivəsində əhalinin nəqliyyat infrastrukturuna və xidmətlərinə əlçatanlığının artırılması, təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarının sosial xidmətlərlə əhatəsinin gücləndirilməsi və əhalinin fiziki fəallığı üçün şəraitin yaxşılaşdırılması hədəfləri əsas nəticələr sırasında müəyyən edilib. Eyni zamanda, yaşıllaşdırma və meşəsalma tədbirlərinin genişləndirilməsi Naxçıvanda ekoloji dayanıqlılığın və yaşayış mühitinin yaxşılaşdırılmasına xidmət edəcək.
Elşən Yusifli xatırladıb ki, Prezident İlham Əliyevin 2026-cı il 11 avqust tarixində Naxçıvan Muxtar Respublikasına səfəri də regionun sosial-iqtisadi inkişafı üzrə müəyyən edilmiş prioritetlərin praktiki icrasının qiymətləndirilməsi və qarşıdakı dövr üçün inkişaf istiqamətlərinin dəqiqləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Səfər çərçivəsində sənaye, energetika, nəqliyyat-logistika, sosial infrastruktur, şəhərsalma və digər sahələr üzrə həyata keçirilən və planlaşdırılan layihələrin təqdim olunması, eləcə də regionun gələcək inkişaf perspektivlərinin nəzərdən keçirilməsi Dövlət Proqramının ayrı-ayrı tədbirlərinin mövcud çağırışlara və yeni inkişaf imkanlarına uyğunlaşdırılmasının aktuallığını daha da artırıb. Bu baxımdan, Dövlət Proqramına edilən son dəyişikliklər Naxçıvanda həyata keçirilən genişmiqyaslı inkişaf siyasətinin prioritetlərinin və icra mexanizmlərinin optimallaşdırılmasının davamı kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.
Mənbə: https://president.az/









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır