Yeni qaydalar ictimai nəqliyyatın inkişafını daha da stimullaşdıracaq

Yeni qaydalar ictimai nəqliyyatın inkişafını daha da stimullaşdıracaq

Bu günlərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nı təsdiq edib. Qaydalara əsasən, daşıyıcıların xərclərinin sərnişinlərin gediş haqqı ilə formalaşan vəsaitlər tərəfindən ödənilməyən hissəsi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yeni qaydaların ictimai nəqliyyat xidmətlərini daha da yaxşılaşdıracağı, eləcə də daşıyıcı şirkətlərin fəaliyyətini stimullaşdıracağı bildirilir.

Məsələni şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov bildirib ki, yeni qaydalar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılara subsidiyaların ödənilməsini müəyyən edir. Qaydalara əsasən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə dəyər hesablanacaq, bu dəyərlə sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında yaranacaq fərq subsidiya ödənişi ilə aradan qaldırılacaq. Başqa sözlə desək, daşıyıcı şirkətin daşıma xərcləri sərnişinlərin gedişhaqqı ilə ödənməyəndə, yaranan fərq dövlət büdcəsinin nəzdindəki “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun vəsaitləri hesabına qarşılanacaq. “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu dövlət başçısının 19 sentyabr 2025-ci il tarixli Fərmanı ilə yaradılıb. Qəbul edilən yeni qaydalar həm də bu fondun vəsaitlərindən şəffaf və səmərəli istifadəni təmin edəcək.   

Şöbə müdirinin fikrincə, Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd subsidiyalaşmanın şəffaflığı məqsədilə bütün müvafiq hesablamaların aparılması qaydalarını, metodologiyasını müəyyən edir. Hər bir xərcin hesablanması qaydası və riyazi formulu verilir ki, bu da dəqiqliyin və şəffaflığın təmin edilməsinə əsas yaradır. Beləliklə də, dövlət daşıyıcı şirkətləri subsidiyalaşdırır, onlardan isə keyfiyyətli, təhlükəsiz və rahat daşıma xidməti tələb edir. Məsafə əsaslı subsidiyalaşdırma hər kilometrə düşən xərcləri hesablamaqla həyata keçiriləcək. Yəni, marşrutla 1 kilometrə daşınma xərci nə qədərdir, bu xərcin hansı hissəsini sərnişinlərin gediş haqqı ilə ödəmək mümkündür, arada fərq yaranarsa, dövlət bu fərqi subsidiyalaşdırmaqla daşıyıcının fəaliyyətini, onun inkişafını təşviq edəcək. Xərclərin hesablanmasında isə sürücülərin əmək haqqı, texniki xidmət və cari təmir xərcləri, avtobusların alınması ilə bağlı lizinq və ya kredit faizi xərcləri, yanacaq, sığorta və s. bütün xərc istiqamətləri nəzərə alınacaq. Daşıyıcıların mənfəəti isə, əməliyyat xərclərinin 10%-i həcmində müəyyən ediləcək.

Aqil Əsədov bildirib ki, daşıyıcı şirkətlər zərərli və ya az mənfəətli marşrutlar üzrə fəaliyyət göstərməkdə maraqlı olmur. Nəticədə həmin istiqamətlərdə xidmət səviyyəsi aşağı düşür, xidmətə əlçatanlıq azalır. Yeni qaydalar, bu kimi halları aradan qaldırmaqla, daşıyıcıların fəaliyyətini daha da stimullaşdıracaq. Qəbul edilən qaydalar ölkəmizdə nəqliyyat sektorunun inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən dövlət proqram və layihələrinin davamı kimi həm də dövlət-özəl tərəfdaşlığının bir nümunəsidir. Təbii ki, subsidiyalaşma özəl sektorun cəlb edilməsinə təkan verəcək, ictimai nəqliyyat xidmətləri sahəsində özəl sektorun inkişafını stimullaşdıracaq. Ümumilikdə, subsidiyalaşdırma avtobus parkının müasirləşdirilməsinə, ictimai nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılmasına, daha müasir daşıma vasitələrinin tətbiqi ilə ekoloji zərərlərin azalmasına və s. öz töhfəsini verəcək.