Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirakı ölkədə əczaçılıq sənayesinin inkişafı, dərman vasitələrinin yerli istehsal imkanlarının genişləndirilməsi və idxaldan asılılığın azaldılması istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Sevinc Cabbarova bildirib ki, son illərdə ölkədə əczaçılıq məhsullarının istehsalında müsbət dinamika müşahidə edilib. Belə ki, 2026-cı ilin ilk altı ayında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,5 faiz artıb. Bununla yanaşı, yerli istehsalın məhsul çeşidinin genişləndirilməsi, istehsal potensialının artırılması və daxili tələbatın daha böyük hissəsinin yerli istehsal hesabına təmin edilməsi əsas inkişaf istiqamətlərindən biri olaraq qalır. Mövcud dinamika bu istiqamətdə əlavə inkişaf potensialının olduğunu göstərir.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Ölkədə dərman və tibb vasitələri, habelə dərman maddələri istehsalının təşkilinə dəstək verilməsi, onların keyfiyyətinin yoxlanılması və müvafiq qeydiyyat sənədinin təqdim olunması” ayrıca tədbir kimi müəyyən edilib. Tədbir çərçivəsində yeni dərman vasitələri və dərman maddələrinin istehsalının artırılması üzrə müəyyən edilmiş hədəflər yerli istehsal imkanlarının və məhsul çeşidinin genişləndirilməsini nəzərdə tutub.

Bu baxımdan “Gen Pharma Caucasus Manufacturing Operations” müəssisəsinin istehsal potensialı xüsusi əhəmiyyət daşıyır. Ümumi dəyəri 113,9 milyon manat olan müəssisənin illik istehsal gücünün 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil etməsi, eyni zamanda növbəti beş il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılmasının nəzərdə tutulması yerli əczaçılıq sənayesinin istehsal imkanlarının artırılması və məhsul çeşidinin genişləndirilməsi baxımından mühüm potensial formalaşdırır.

“Yerli istehsalın genişləndirilməsi xüsusilə əhalinin dərman vasitələrinə artan tələbi fonunda mühüm əhəmiyyət kəsb edir. 2021–2025-ci illərdə dərman vasitələri və tibbi ləvazimatların alınmasına yönəldilən istehlak xərclərinin 70 faiz artması bu məhsullar üzrə istehlak xərclərinin artan dinamikasını göstərir. Belə şəraitdə daxili istehsalın artırılması, keyfiyyətli generik preparatların istehsalının genişləndirilməsi və bazarda rəqabət mühitinin gücləndirilməsi dərman təminatının dayanıqlılığının artırılması baxımından mühüm istiqamətlərdir”, – deyə o, bildirib.

Layihənin əhəmiyyəti yalnız daxili bazarın təminatı ilə məhdudlaşmır. Müəssisədə istehsal ediləcək məhsulların Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracının nəzərdə tutulması yerli əczaçılıq sənayesinin ixrac potensialının genişləndirilməsi və Azərbaycan istehsalı olan dərman vasitələrinin xarici bazarlara çıxış imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Müasir texnologiyaların tətbiqi və istehsal proseslərinin beynəlxalq keyfiyyət standartlarına uyğun qurulması yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması baxımından da vacibdir.

Həmçinin, yeni müəssisənin yaradılması əczaçılıq sənayesinin inkişafında dövlət və özəl sektor əməkdaşlığının əhəmiyyətini nümayiş etdirməklə yanaşı, insan kapitalının inkişafına, ixtisaslı yerli kadrların hazırlanmasına və müasir istehsal texnologiyalarının mənimsənilməsinə də töhfə vermək potensialına malikdir.

Sevinc Cabbarova vurğulayıb ki, növbəti mərhələdə əsas istiqamət yaradılan istehsal güclərinin real iqtisadi və sosial nəticələrə çevrilməsidir. Bunun üçün yerli istehsalın ümumi dərman təminatındakı payının, lokallaşdırılan preparatların sayının, idxalın əvəzlənməsi səviyyəsinin, ixracın həcminin və yerli istehsal olunan dərmanların əhali üçün əlçatanlığının mütəmadi qiymətləndirilməsi vacibdir. Yeni müəssisənin tam istehsal gücünə çatması ölkədə dərman istehsalının çeşid və həcm baxımından genişləndirilməsinə, daxili tələbatın daha böyük hissəsinin yerli istehsal hesabına qarşılanmasına və əczaçılıq sənayesinin qeyri-neft sənayesində mövqeyinin gücləndirilməsinə töhfə verə bilər.