Vüsal Qasımlı London Universitetində məruzə ilə çıxış edəcək

Vüsal Qasımlı London Universitetində məruzə ilə çıxış edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı London Universitetində məruzə ilə çıxış edəcək. Çıxış İngiltərə Mərkəzi Bankının dəstəyilə keçirilən Beynəlxalq maliyyə və bank konfransında (IFABS2026) 13–15 iyul 2026-cı il tarixlərində baş tutacaq.

Vüsal Qasımlı “Proqnozyönümlü Taylor qaydasına yenidən baxış: Türkiyə iqtisadiyyatından nəticələr” (“Reassessing the Forward-Looking Taylor Rule: Insights from the Turkish Economy”) mövzusunda tədqiqatın nəticələrini təqdim edəcək. Tədqiqatda inkişaf etməkdə olan iqtisadiyyatlarda pul-kredit siyasətinin davranışlarının qiymətləndirilməsi məqsədilə proqnozyönümlü Taylor qaydası təhlil olunub və Türkiyə Mərkəzi Bankının inflyasiya və buraxılış kəsiri göstəricilərinə reaksiyası ekonometrik üsullarla araşdırılıb.

Təhlil zamanı 2002-ci ilin I rübündən 2021-ci ilin III rübünədək olan dövr üzrə rüblük məlumatlardan istifadə edilməklə Ümumiləşdirilmiş Momentlər Metodu (GMM) əsasında empirik qiymətləndirmə aparılıb. Araşdırmanın nəticələri göstərir ki, Türkiyə Mərkəzi Bankı pul siyasəti qərarlarında inflyasiya gözləntilərinə istehsal kəsiri ilə müqayisədə daha yüksək həssaslıqla reaksiya verir. Eyni zamanda tədqiqat inkişaf etməkdə olan ölkələrdə pul siyasətinin formalaşdırılması, makroiqtisadi sabitliyin təmin olunması və mərkəzi bankların qərar qəbuletmə mexanizmlərinin daha dərindən anlaşılması baxımından mühüm elmi nəticələr ortaya qoyur.

Məqalənin digər həmmüəllifləri iqtisad elmləri üzrə fəlsəfə doktoru Rəşad Hüseynov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Günay Quliyeva, İİTKM-in əməkdaşı Rəşad Nəcəfli və Macarıstanın “Széchenyi István” Universitetinin professoru Laszlo Vasadır.

Bu il “Maliyyə sektorunda məhsuldarlıq və davamlı artımın təmin edilməsində tənzimləmə və innovasiyanın rolu” mövzusuna həsr olunan “IFABS 2026” konfransının gündəliyinə süni intellekt və maşın öyrənməsinin maliyyə sektorunda tətbiqi, maliyyə sabitliyi, makroprudensial siyasət, maliyyə tənzimlənməsi və nəzarəti, dayanıqlı maliyyə, rəqəmsal maliyyə infrastrukturu, mərkəzi bank rəqəmsal valyutaları, risklərin idarə olunması, maliyyə bazarlarının rəqabət qabiliyyəti və iqtisadi artım kimi aktual mövzular daxildir.

“IFABS 2026” maliyyə, bankçılıq və iqtisadi siyasət sahəsində qlobal elmi və peşəkar ictimaiyyəti bir araya gətirən ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Builki tədbirdə dünyanın 39 ölkəsindən 200-dən çox akademik, professor, tədqiqatçı, Mərkəzi Bank nümayəndələri və maliyyə sektoru üzrə aparıcı ekspertlər iştirak edəcək.

“IFABS 2026” konfransına Bayes Biznes Məktəbinin professoru Barbara Casu, Böyük Britaniyanın Maliyyə Davranışlarına Nəzarət Təşkilatının (FCA) nümayəndəsi Dr. Kate Collyer, Nottingem Universitetinin professoru Meryem Duygun, Bayes Biznes Məktəbinin professoru Sonia Falconieri, İngiltərə Bankının nümayəndəsi Dr. Mahmoud Fatouh, İngiltərə Bankı və London İqtisadiyyat Məktəbinin professoru Eddie Gerba, eləcə də İngiltərə Bankının nümayəndəsi Dr. Artur Kotlicki həmsədrlik edirlər.

Konfransın əsas məruzəçiləri sırasında IESE Biznes Məktəbinin fəxri professoru, Avropa Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən Avropa Sistem Riskləri Şurasının Elmi Məsləhət Komitəsinin üzvü Xavier Vives, İngiltərə Bankının Prudensial Siyasət üzrə İcraçı Direktoru David Bailey və Nyu-York Federal Ehtiyat Bankının Maliyyə Vasitəçiliyi Departamentinin rəhbəri, tanınmış iqtisadçı alim Nikola Çetorelli yer alırlar.

Tədbir çərçivəsində maliyyə sektorunun gələcək inkişaf istiqamətlərinə həsr olunmuş yüksək səviyyəli siyasət panelinin keçirilməsi də nəzərdə tutulur. Eyni zamanda, elmi tədqiqatların təşviqi məqsədilə IFABS tərəfindən “Ən Yaxşı Məqalə Mükafatı” (IFABS Best Paper Award) təqdim ediləcək.