Vüsal Qasımlı London Universitetində keçirilən beynəlxalq tədbirdə sessiyaya sədrlik edib

Vüsal Qasımlı London Universitetində keçirilən beynəlxalq tədbirdə sessiyaya sədrlik edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Böyük Britaniyanın London Universitetində İngiltərə Mərkəzi Bankının dəstəyi ilə keçirilən “The International Finance and Banking Society” (IFABS2026) beynəlxalq tədbirində "Maliyyə və iqtisadi artım" (Finance and Growth) sessiyasına sədrlik edib. O həmçinin “Proqnozyönümlü Taylor qaydasına yenidən baxış: Türkiyə iqtisadiyyatından nəticələr (2002-2021)” (Reassessing the Forward-Looking Taylor Rule: Insights from the Turkish Economy (2002–2021) mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə 2002–2021-ci illər üzrə Türkiyə iqtisadiyyatı timsalında irəliyə yönəlmiş “Taylor qaydası”nın tətbiqi təhlil olunaraq pul siyasətinin effektivliyinə dair elmi nəticələr təqdim edilib.

Professor Vüsal Qasımlının sədrlik etdiyi "Finance and Growth" sessiyasında maliyyə inkişafı və ticarət, xarici maliyyə risklərinin iqtisadi artıma təsiri, müəssisə səviyyəsində məlumat aktivlərinin iqtisadi inkişafdakı rolu, eləcə də pul siyasətinin aktual məsələlərinə həsr olunan tədqiqatlar müzakirə olunub. Sessiyada İtaliyanın LUISS Universitetindən Pyerluici Murro, ABŞ Federal Ehtiyat Sistemindən Cudit Temesvari və Böyük Britaniyanın Edinburq Universitetindən Ke Bi və Leonidas Barbopulos müasir maliyyə və iqtisadiyyat sahəsində aktual məsələlərə həsr olunmuş tədqiqatlarını təqdim ediblər.

Konfransın əsas mövzuları dayanıqlı iqtisadi artım, maliyyə texnologiyaları (fintech), maliyyə sektorunda innovasiya və tənzimləmə, məhsuldarlığın artırılması, eləcə də qlobal iqtisadiyyatın transformasiyası şəraitində maliyyə siyasətinin prioritet istiqamətlərini əhatə edib. Əsas məruzəçilər və panel iştirakçıları sırasında İngiltərə Bankından Devid Beyli, Nyu-York Federal Ehtiyat Bankından Nikola Çetorelli və Avropa Mərkəzi Bankından Xavyer Vives yer alıblar.

Konfransın açılış mərasimində London Universitetinin Siti Sent Corc Universitetinin Bayes Biznes Məktəbinin dekan müavini Barbara Kazu, Maliyyə Davranışı Təşkilatının baş iqtisadçısı Devid Stalibrass, London İqtisadiyyat Məktəbindən Eddi Gerba və Nottingem Universitetinin professoru, IFABS-ın prezidenti Məryəm Duyğun çıxış edərək maliyyə sisteminin dayanıqlılığı, beynəlxalq elmi əməkdaşlıq və innovativ tədqiqatların əhəmiyyətini vurğulayıblar.

“IFABS 2026” London konfransı qlobal akademik və maliyyə ictimaiyyətinin aparıcı nümayəndələrini bir araya gətirib. Tədbirdə bütün qitələri təmsil edən 45 ölkədən 240-a yaxın alim, mərkəzi bank nümayəndəsi, beynəlxalq təşkilatların ekspertləri və tədqiqatçılar iştirak ediblər. Konfrans proqramına müxtəlif istiqamətlər üzrə 200-dən çox elmi məruzə, 3 əsas (keynote) çıxış və siyasətçilərin moderatorluğu ilə keçirilən 2 siyasət paneli daxil edilib.

“The International Finance and Banking Society” (IFABS) 2008-ci ildə Böyük Britaniyada təsis olunub və hazırda 67-dən çox ölkədən 6 500-dən artıq üzvü birləşdirən nüfuzlu beynəlxalq maliyyə və bankçılıq cəmiyyətlərindən biridir. Konfrans çərçivəsində təqdim olunan seçilmiş elmi məqalələrin “Journal of Financial Services Research” (JFSR) jurnalının xüsusi buraxılışında dərc edilməsi nəzərdə tutulur.

Vüsal Qasımlı London Universitetində keçirilən beynəlxalq tədbirdə sessiyaya sədrlik edib
Vüsal Qasımlı London Universitetində keçirilən beynəlxalq tədbirdə sessiyaya sədrlik edib
Vüsal Qasımlı London Universitetində keçirilən beynəlxalq tədbirdə sessiyaya sədrlik edib
Vüsal Qasımlı London Universitetində keçirilən beynəlxalq tədbirdə sessiyaya sədrlik edib