Vüsal Qasımlı: Faiz dəhlizi parametrləri tarazlaşdırıcı olmalıdır
Mərkəzi Bankın qərarına əsasən uçot dərəcəsi 7.25% və faiz dəhlizinin aşağı həddi 6.75% səviyyəsində dəyişməz saxlanılmaqla, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirilib. Bu qərarı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, faiz dərəcələri dəhlizinin maksimal həddi bir günlük vəsaitlərin yerləşdirmə (Əks-REPO) faiz dərəcəsini müəyyən edir: “Beləliklə, Mərkəzi Bank vəsaitləri 1 faiz ucuz yerləşdirməklə bazarda orta faiz dərəcəsini aşağı salmaq və ucuz likvidliklə təminetmək niyyəti barədə siqnal verir. Çünki banklararası pul bazarında faiz dərəcələri artırdı ki, bu da nəticə etibarı ilə kreditlərin bahalaşmasına gətirib çıxara bilərdi. Başqa tərəfdən isə, banklarası bazarda pulun bahalaşması yığımın artırılması üçün siqnaldır ki, bunu hələlik reallıqda görmək mümkün deyil.”
V.Qasımlının sözlərinə görə, pul bazasının təkcə bu ilin mart-aprel aylarında 2 milyard manatdan çox və ya 17 faiz daralması manatla faizlərin yüksəlməsinə rəvac verir: “Manatla nağd pul kütləsinin və bank ehtiyatlarının azalması, kredit resurslarını məhdudlaşdırır və faizlərə artırıcı təsir göstərir. Eyni zamanda pul multiplikatoru – bank sisteminin pul yaratmaq qabiliyyəti aşağı düşür. Banklarası REPO bazarındada orta faiz bu ilin mart-aprel aylarında iki dəfəyə yaxın yüksəlib. Buna görə də faiz dəhlizinin maksimal həddinin aşağı endirilməsi faizlərə cilovlayıcı təsir bağışlayacaq.”
Vüsal Qasımlı hesab edir ki, tədiyyə balansında yaranmış kəsir fonunda investisiya fəallığının artırılması üçün faiz dərəcələrinin aşağı salınması arzuolunandır: “Ucuz və əlverişli maliyyələşmə mənbələrinin olması böhranla mübarizədə əsas şərtdir.”
V.Qasımlının sözlərinə görə, tədiyyə balansının kəsirinin yaranması uçot dərəcəsinin aşağı düşməsinə imkan vermir: “Bir yandan bizə ucuz maliyyə lazım olduğu kimi, digər tərəfdən də manatın sabitliyini qorumaq və inflyasiyanı nəzarətdə saxlamaq üçün uçot dərəcəsini aşağı salmaq olmur. Beləliklə, faiz dəhlizi parametrləri makro iqtisadiyyat üçün tarazlaşdırıcı olmalıdır. İndiki halda prioritet maliyyə sabitliyi, inflyasiyanın nəzarətdə saxlanılması və real sektorun maliyyələşdirilməsidir.”
İİTKM-in rəhbərinin fikrincə, Mərkəzi Bankın bundan əvvəlki qərarı ilə faiz dərəcələri dəhlizinin minimal həddi, yəni bir günlük vəsaitlərin cəlb olunma (REPO) faiz dərəcəsidə yüksəldilib: “Hazırda faiz dərəcəsi dəhlizi son bir ildə ən dar çərçivədədir, çünki mütəmadi olaraq dəhlizin yuxarı həddi azalır və aşağı həddi isə yüksəlir, bir sözlə, bir-birinə yaxınlaşdırılır. Məsələn, 1 il qabaq faiz dərəcəsi dəhlizinin aşağı və yuxarı hədləri 4% fərqlənirdisə, indi bu göstərici 1,25%-ə enib. Təqdirəlayiq haldır ki, parallel olaraq kredit və depozit faizləri arasında spreddə kiçilir.”
V.Qasımlı bildirib ki, bir günlük vəsaitlərin cəlbi və yerləşdirməsini ehtiva edən faiz dəhlizinin aşağı və yuxarı hədləri vasitəsilə Mərkəzi Bank bazarda likvidliyi çevik tənzimləyə bilir: “Bütün dünyada olduğu kimi, bizim Mərkəzi Bank da çalışır ki, onun təklif etdiyi faiz dəhlizi ilə orta bazar faizi arasında spred kiçilsin və transmissiya gücü artsın. Bu məqamda Azərbaycanda da beynəlxalq metodikaya uyğun orta bazar faizini – bençmarkı müəyyənləşdirmək yerinə düşərdi. Çünki bu alət istinad nöqtəsi olmaqla pul bazarında faizlərin müəyyənləşdirilməsində və monetar siyasətdə istifadə oluna bilər. Banklararası qısa müddətli faiz dərəcəsini təqdim etmək üçün Avrozonada EONİA, Rusiyada RUONIA və Qazaxıstanda TONİA kimi indekslərdən istifadə olunur.”








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu