Vüsal Qasımlı “Bir Pəncərə” Rəqəmsal Logistika Platformasının təqdimat mərasimində çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan “Bir Pəncərə” Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində açılış nitqi ilə çıxış edib.
Vüsal Qasımlı çıxışında bildirib ki, “Bir pəncərə” Rəqəmsal Logistika Platforması Azərbaycanın nəqliyyat xidmətləri balansının daha da yaxşılaşmasına mühüm töhfə verə bilər. O qeyd edib ki, 2026-cı ilin birinci rübündə Azərbaycanın tədiyyə balansında qarşılıqlı xidmətlər dövriyyəsinin 30 faizi nəqliyyat xidmətlərinin payına düşüb. Ümumi dəyəri 1,3 milyard ABŞ dolları olan nəqliyyat xidmətlərinin 69 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi hesabına formalaşıb.
İİTKM-in icraçı direktoru əlavə edib ki, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz artıb, idxalı isə 10,6 faiz azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 54,4 faiz artaraq 0,5 milyard ABŞ dollarına yüksəlib. Bu dinamika nəqliyyat xidmətlərinin Azərbaycanın xidmətlər balansında dayanıqlı və artan töhfəyə malik istiqamətə çevrildiyini göstərir.
Vüsal Qasımlının sözlərinə görə, DLP idxal, ixrac, tranzit, nəqliyyat və logistika proseslərini vahid rəqəmsal ekosistemdə birləşdirməklə zaman və qiymətə qənaət edir, biznes mühitini yaxşılaşdırır. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin üzərində Azərbaycanın nəqliyyat-logistika mərkəzi olaraq mövqelərini daha da gücləndirməsi vacibdir. Digər tərəfdən “Bir pəncərə” Rəqəmsal Logistika Platforması gələcəkdə Azərbaycanın Dünya Bankının Logistik Performans hesabatında qiymətləndirilməsi üçün əsas yaradır. Bu gələcəkdə Azərbaycanın nəqliyyat-logistika sahəsinə sərmayə cəlbinə müsbət təsir edə bilər. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə və səlahiyyətli iqtisadi operator statusuna inteqrasiyanı yaxşılaşdıracaq.
Tədbirdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov və “Bir pəncərə” Rəqəmsal Logistika Platformasının layihə rəhbəri Ehtiram Quliyev çıxış ediblər.
Bildirilib ki, DLP “Ticarət bələdçisi”, “Ticarət xidmətləri”, “Rezervasiya” (Booking) və “Hesabatlılıq” modullarından ibarətdir. Hazırda “Ticarət bələdçisi” modulu istifadəyə verilib, “Ticarət xidmətləri” modulunun isə növbəti mərhələdə istifadəsi planlaşdırılır. Platforma vasitəsilə icazə və lisenziyaların vahid elektron müraciət əsasında əldə edilməsi, yük sahibləri ilə daşıyıcılar arasında əməkdaşlığın genişləndirilməsi və məlumat əsaslı analitik hesabatların hazırlanması mümkün olacaq.
Qeyd edək ki, “Bir pəncərə” Rəqəmsal Logistika Platforması regionda logistika xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biri olmaqla Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağı kimi mövqeyinin möhkəmləndirilməsinə və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar