VERGİ İSLAHATLARININ İSTİQAMƏTLƏRİ TƏSDİQLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 4 avqust 2016-cı ildə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu Sərəncam vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsini təmin edəcəkdir.
Vergilər Nazirliyi üç ay müddətində vergi sahəsində aparılacaq islahatların istiqamətlərinə uyğun qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb cənab Prezidentə təqdim edəcək. Sərəncama əsasən vergi yoxlamalarının qısa müddətdə başa çatdırılması üzrə inzibatçılıq təkmilləşdiriləcək. Aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakının təmin edilməsi şəffaflıq üçün vacibdir. Nümunəvi vergi ödəyicilərinin fərqləndirilməsi vergi mədəniyyətinin daha da yüksəldilməsinə və vergi bazasının genişlənməsinə zəmin yaradır.
Vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsi genişlənəcək, Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” (geriyə - müştəriyə zəng xidməti) funksiyası tətbiq olunacaq.
Sərəncama əsasən real vergi potensialının düzgün müəyyən olunması, vergi nəzarətinin keyfiyyətinin artırılması və nəzarət tədbirlərində şəffaflığın təmin edilməsi məqsədilə informasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunmaqla risklərin avtomatik emal edilməsinə, təsnifləşdirilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risk qiymətləndirmə sistemi yaradılacaq.
İslahat tədbirlərində nəzərdə tutulur ki, borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və onların aid olduğu risk qrupundan asılı olaraq, borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi və inzibatçılığın təkmilləşdirilməsi təmin edilsin. Həmçinin vergi orqanları ilə vergi ödəyicilərinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili məqsədilə vergi bəyannamələrinin formaları təkmilləşdiriləcək. Vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, ASAN imzanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsi təmin olunacaq.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib