Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2026-cı il tarixli Fərmanı dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsində yeni mexanizmin tətbiqini nəzərdə tutur. Fərmana əsasən, 2026–2027-ci tədris ilindən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin büdcədən maliyyələşdirilməsi mərhələli şəkildə adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək. Eyni zamanda, məktəblərin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinə ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsallarının tətbiqi nəzərdə tutulur. Bu yanaşma təhsilin maliyyələşdirilməsində resurs bölgüsünün daha sistemli qurulmasına və büdcə xərclərinin faktiki təhsil xidməti ilə daha sıx əlaqələndirilməsinə imkan yarada bilər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov bildirib ki, yeni mexanizm ilk növbədə maliyyə resurslarının bölgüsündə yanaşmanın dəyişməsi deməkdir. Ənənəvi modeldə məktəblərin maliyyələşdirilməsində ştat strukturu, saxlanma xərcləri və əvvəlki illərin büdcə göstəriciləri mühüm rol oynayırdı. Adambaşına maliyyələşmə modelində isə təhsilalanların sayı əsas göstəricilərdən birinə çevrilir. Bunun nəticəsində ayrılan büdcə vəsaiti ilə göstərilən təhsil xidmətinin həcmi arasında daha aydın əlaqə yarana bilər. Eyni zamanda, məktəblər üzrə maliyyələşmənin daha müqayisəolunan meyarlarla həyata keçirilməsi üçün imkan genişlənir.
Adambaşına maliyyələşmə məhdud büdcə resurslarının daha səmərəli bölgüsü baxımından da əhəmiyyətlidir. Məktəblər şagird sayı, ölçüsü və infrastruktur imkanlarına görə bir-birindən fərqlənir. Bu səbəbdən yalnız əvvəlki büdcə göstəricilərinə əsaslanan maliyyələşmə bəzi hallarda real ehtiyaclarla ayrılan vəsait arasında uyğunsuzluq yarada bilər. Yeni model isə maliyyələşməni daha obyektiv göstəricilərlə əlaqələndirməyə imkan verir. Bu baxımdan, söhbət yalnız büdcə hesablamasının texniki qaydasının dəyişməsindən getmir. Eyni zamanda, resurslardan istifadənin səmərəliliyini artırmağa yönəlmiş yeni idarəetmə yanaşması formalaşır.
İlkin Qasımovun sözlərinə görə, Fərmanın mühüm xüsusiyyətlərindən biri də yeni mexanizmin mərhələli şəkildə tətbiq edilməsidir. Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üzrə adambaşına maliyyələşdiriləcək dövlət ümumi təhsil müəssisələrinin siyahısını və həmin müəssisələrdə təhsilalanların sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək. Mərhələli tətbiq yeni modelin nəticələrini müşahidə etməyə imkan verəcək. Eyni zamanda, məktəblərin maliyyə vəziyyətinə təsirləri qiymətləndirmək, tətbiq zamanı ortaya çıxan texniki və institusional məsələləri müəyyənləşdirmək mümkün olacaq. Bu yanaşma sonrakı mərhələlərdə zəruri düzəlişlərin aparılması baxımından da əhəmiyyətlidir.
Bununla belə, adambaşına maliyyələşmənin effektivliyi yalnız şagird sayından asılı olmayacaq. Məktəbin yerləşdiyi ərazi, şagird kontingentinin ölçüsü, təhsil pilləsi, infrastrukturun saxlanılması xərcləri və digər amillər maliyyə tələbatına birbaşa təsir edir. Xüsusilə az şagirdli və ucqar ərazilərdə yerləşən məktəblərdə sabit xərclərin hər bir təhsilalana düşən payı daha yüksək ola bilər. Buna görə də vahid adambaşına normativin bütün məktəblərə eyni qaydada tətbiqi arzuolunan nəticəni verməyə bilər. Fərqli xərc strukturlarını nəzərə alan korrektəedici mexanizmlərin mövcudluğu bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
İİTKM-in baş məsləhətçisi əlavə edib ki, Fərmanda ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsallarının nəzərdə tutulması məhz bu fərqlərin nəzərə alınmasına xidmət edə bilər. Müxtəlif təhsil səviyyələrində tədrisin təşkili, müəllim təminatı və digər xərc komponentləri eyni deyil. Bu səbəbdən vahid adambaşına məbləğin bütün təhsil pillələrinə mexaniki tətbiqi səmərəli yanaşma hesab oluna bilməz. Nazirlər Kabinetinə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını və müvafiq əmsalların tətbiqi qaydalarını müəyyən etmək tapşırılıb. Buna görə yeni mexanizmin məktəblərin maliyyə vəziyyətinə konkret təsirini həmin normativlər təsdiq edildikdən sonra daha dəqiq qiymətləndirmək mümkün olacaq.
Yeni maliyyələşmə modeli məktəb idarəçiliyinə də əlavə tələblər gətirəcək. Təhsilalanların sayının maliyyələşmə ilə daha sıx əlaqələndirilməsi şagird kontingentinin dəqiq uçotunu daha vacib edir. Maliyyə planlaşdırılmasının keyfiyyəti, xərc məlumatlarının etibarlılığı və resurslardan istifadənin monitorinqi də xüsusi əhəmiyyət qazanacaq. Bu isə məktəb səviyyəsində büdcə planlaşdırılması imkanlarının gücləndirilməsini və maliyyə intizamının artırılmasını zəruri edir. Digər tərəfdən, yeni mexanizmin nəticəyönümlü idarəetmə ilə əlaqələndirilməsi gələcəkdə maliyyə resursları ilə təhsil nəticələri arasındakı münasibəti daha sistemli təhlil etməyə imkan verə bilər.
Ümumilikdə, yeni mexanizm dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsində daha çevik və məlumat əsaslı yanaşmaya keçidi ifadə edir. Bu modeldə təhsilalanların sayı, faktiki xidmət həcmi və müəyyən edilmiş xərc normativləri maliyyələşmənin əsas elementlərinə çevrilir. İslahatın uzunmüddətli nəticələri isə bir neçə amildən asılı olacaq. Buraya adambaşına xərc normativlərinin məktəblərin real ehtiyaclarını nə dərəcədə əks etdirməsi, məktəblər arasındakı obyektiv xərc fərqlərinin nəzərə alınması, məlumat bazasının etibarlılığı və tətbiq prosesinin davamlı monitorinqi daxildir. Bu baxımdan, adambaşına maliyyələşməyə keçid təkcə büdcə vəsaitlərinin bölüşdürülməsi qaydasının dəyişməsi deyil. Bu, eyni zamanda, ümumi təhsildə maliyyə idarəetməsinin daha şəffaf, çevik və nəticəyönümlü modelə doğru inkişafı kimi qiymətləndirilə bilər.








Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır