“Türk iqtisadi icmalı”nın növbəti buraxılışı dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2024-cü ilin 9 ayı üzrə buraxılışı nəşr edilib. İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırma Mərkəzinin hazırladığı rüblük hesabat Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və müşahidəçi üzvlər Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin geniş təhlilini təqdim edir. Hesabat son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin iqtisadi potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.
2024-cü ilin ilk üç rübü ərzində TDT üzvlərinin birgə ÜDM-i təxminən 1,456 trilyon ABŞ dolları təşkil edib ki, bu da eyni dövrdə proqnozlaşdırılan qlobal ÜDM-in (54 trilyon ABŞ dolları) təxminən 2,7%-nə bərabərdir. Üzv dövlətlər orta hesabla 4,5% ÜDM artımı nümayiş etdirərək qlobal 3% artımı üstələyiblər.
Cari ilin doqquz ayında qlobal ticarət həcmi təxminən 24,75 trilyon ABŞ dolları qiymətləndirilir. İlin sonuna bu göstəricinin 33 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu dövrdə TDT üzvlərinin (Türkmənistan və ŞKTR istisna olmaqla) ticarət dövriyyəsi 868 milyard ABŞ dolları olub ki, bu da qlobal ticarət həcminin 3,37%-ni təşkil edir. Türkmənistan Rusiya, Çin və Özbəkistan kimi əsas tərəfdaşlarla ticarət əlaqələrinə malikdir və təkcə Özbəkistanla ticarət dövriyyəsi hesabat dövründə 867,8 milyon ABŞ dollarına çatıb.
Hesabat dövründə Azərbaycan 4,7% ÜDM artımı əldə edib. Sənaye sektorunda artım 1,3% olub. Eyni zamanda 4,89 milyard ABŞ dolları həcmində müsbət ticarət balansı qeydə alınıb. Azərbaycan enerji sektoruna, xüsusən bərpa olunan enerji layihələrinə investisiya yatırmaqla iqtisadiyyatını şaxələndirməyi və neft ixracından asılılığı azaltmağı hədəfləyir.
Qazaxıstan 4,1% ÜDM artımı nümayiş etdirib. Hesabat dövründə bu ölkənin sənaye sektoru 3,1%, kənd təsərrüfatı isə 10,8% genişlənib. Ticarət profisiti 18,43 milyard ABŞ dolları təşkil etsə də, ixracda 4,8% azalma müşahidə olunub. Qazaxıstan mədən, neft-qaz və infrastruktur sahələrinə xarici sərmayə cəlb etməyə davam edir, bu da onu regional iqtisadi mərkəz kimi mövqeləndirir.
Qırğızıstan 8,4% ÜDM artımına malik olub. Sənayedə artım 4,2%, kənd təsərrüfatında isə 6,7% təşkil edib. İxracin həcminin 28,2% artmasına baxmayaraq, ölkə 6,54 milyard ABŞ dollarlıq ticarət kəsiri ilə üzləşib. Qırğızıstanın mədən sektoruna yatırımları və iş mühitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar iqtisadi artımı dəstəkləyir.
Türkiyə iqtisadiyyatı 2024-cü ilin ilk üç rübündə illik 3,2% artaraq illik milli gəlirin 971 milyard dollara yüksəlməsinə nail olub. İlin sonuna qədər iqtisadi artımı 3,5% səviyyəsində proqnozlaşdırlır. Türkiyə avtomobil, tekstil və texnologiya sektorlarına diqqət yetirərək ixracı artırmağa və ticarət kəsirini azaltmağa çalışır.
Özbəkistan 6,6% ÜDM artımı əldə edib. Sənaye və kənd təsərrüfatı müvafiq olaraq 7% və 3,1% artıb. 8,66 milyard ABŞ dollar həcmində ticarət kəsirinə baxmayaraq, ixrac 11,5% artıb. Özbəkistan hazırda tekstil, avtomobil və kənd təsərrüfatı sektorlarına investisiya cəlb etmək üçün iqtisadi islahatlar həyata keçirir.
Macarıstanda ÜDM-in 0,8% azalması müşahidə olunub, sənaye (-4,2%) və kənd təsərrüfatı (-9,1%) sahələrində geriləmə müşahidə edilib. Bununla yanaşı, Macarıstan 10,44 milyard ABŞ dollarlıq ticarət profisitini qoruyub saxlayır.
Türkmənistan iqtisadiyyatı əsasən təbii qaz ixracına əsaslansa da, sabit artım nümayiş etdirməkdə davam edir. 2024-cü ilin doqquz ayında Türkmənistanın ÜDM-i 6,3% artaraq enerji sektorunun genişlənməsi və iqtisadiyyatın dayanıqlığını vurğulayıb.
Şimali Kipr 2024-cü ilin ilk yarısında 3,7% ÜDM artımı nümayiş etdirib. Ölkədə turizm, təhsil və kənd təsərrüfatı sektorlarının inkişafı ilə nəzərəçarpacaq iqtisadi artım müşahidə edilib. Burada ticarət iqtisadiyyatın əsas komponentidir, idxalın həcmi isə əsasən Türkiyədən olmaqla 1,5 milyard ABŞ dollarını ötüb.
Türk dövlətləri arasında ticarət dövriyyəsinin 2024-cü ildə 45 milyard ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır ki, bu da iqtisadi əlaqələrin dərinləşdiyini və regiondaxili ticarətin inkişaf etdirilməsi istiqamətində uğurlu səyləri vurğulayır. Bakıda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu 2024” və Bişkekdə baş tutan “11-ci Türk Dövlətləri Təşkilatı (TDT) Zirvəsi” iqtisadi inteqrasiya, dayanıqlı inkişaf və rəqəmsal innovasiyalara önəm verərək Türk dövlətləri arasında iqtisadi və ticari əlaqələrin sürətləndirilməsini hədəfləyir. Gömrük proseslərinin sadələşdirilməsi, ticarət maneələrinin aradan qaldırılması və nəqliyyat, enerji şəbəkələri kimi infrastruktur layihələri sahəsində göstərilən səylər bağlantıları və həmrəyliyi artırmağa xidmət edir. Birgə maliyyə institutlarının yaradılması və regional investisiya sazişlərinə dair təkliflər iqtisadi artımı sabitləşdirmək və sürətləndirmək məqsədi daşıyır.
TDT üzv dövlətləri qlobal orta göstəricilərlə müqayisədə yüksək iqtisadi artım tempi nümayiş etdirir, kollektiv potensialdan istifadə etməklə innovasiyaları təşviq edir, iqtisadi təsirlərini artırmağı və uzunmüddətli, dayanıqlı rifah əldə etməyi hədəfləyir.
“Türk iqtisadi icmalı” TDT-yə daxil olan üzv və müşahidəçi dövlətlərin dillərində və eləcə də ingilis dilində olmaqla, ənənəvi olaraq, ümumilikdə 8 dildə təqdim edilir. Aşağıdakı linklərdən həmin dillərdə olan nəşrlərlə tanış ola bilərsiniz:
Azərbaycan dilində: https://tinyurl.com/32v7c9z9
ingilis dilində: https://tinyurl.com/mr47spsv
rus dilində: https://tinyurl.com/bdex2bdu
türk dilində: https://tinyurl.com/hyxe96ed
macar dilində: https://tinyurl.com/28tcvs34
özbək dilində: https://tinyurl.com/yj62cv9w
qazax dilində: https://tinyurl.com/53t2mkn8
qırğız dilində: https://tinyurl.com/4v3r7jht
Ekspert yazıları
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
"Azerbaijan’s Admission to the D-8: Strengthening Economic Cooperation with Global Potential"
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
2024-cü ilin birinci yarısı üçün Türk Dövlətlərinin İqtisadi Görünüşü: Artım, Ticarət və İnvestisiya Trendləri
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi