Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Qlobal İnnovasiya İndeksinin (Qİİ) alt-komponentlərinə cavabdeh işçi qrupların birgə genişləndirilmiş iclası keçirilib. İclasın təşkilində məqsəd Qİİ üzrə mövcud vəziyyətin araşdırılması, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və bu sahədə səmərəli koordinasiyanın təşkilidir.
İclasda Qİİ-nin 2023-cü il üzrə buraxılışı geniş müzakirə olunub, ölkəmizin mövqeyi barədə iclas iştirakçılarına məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, 2007-ci ildən fəaliyyət göstərən Qİİ-nin əsas hədəfi ölkələrin innovativ inkişaf səviyyəsini qiymətləndirmək, o cümlədən, hökumətlər, vətəndaş cəmiyyəti (özəl sektor da daxil olmaqla) və beynəlxalq təşkilatlar arasında bilik mübadiləsi və siyasət dialoqu aparılmasına qapı açaraq innovativ təşəbbüsləri təşviq etməkdir. Onun sözlərinə görə, Qİİ üzrə bütün dövlət qurumlarının səmərəli və koordinasiyalı fəaliyyəti nəticəsində ötən illə müqayisədə cari ildə yeni indeksdə ölkəmizin mövqeyi 4 pillə yaxşılaşıb.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, Azərbaycanda həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində əqli mülkiyyət sahəsində əhəmiyyətli, institusional və funksional dəyişikliklər müşahidə olunur. O, həmçinin Qİİ-də Azərbaycanın yeri və bu reytinqdə gələcək imkanları ilə bağlı məlumat verib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Qİİ üzrə 2023-cü ilin reytinqində Azərbaycanın mövqeyi öncəki illə müqayisədə dörd pillə yaxşılaşaraq 89-cu yerdə qərarlaşıb. V.Qasımlı bu sahədə ölkəmizdə ciddi işlər görüldüyünü və bu səbəbdən növbəti illərdə Azərbaycanın reytinqinin daha da yaxşılaşacağını qeyd edib.
Eyni zamanda, iclasda Qİİ üzrə göstəricilərin daha da yaxşılaşdırılması üçün Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən hazırlanmış matrisa əsasında hər bir indikator üzrə diaqnostika və təhlillər aparılıb; ümumi baxışlar, əldə olunmuş nəticələr və təkmilləşmə imkanlarının ümumi istiqamətləri, həmçinin aidiyyəti dövlət qurumunun məsul olduğu alt-indekslərlə bağlı tematik məsələlər müzakirə edilib. Qeyd olunub ki, Qİİ üzrə müvafiq alt-indikatorların göstəricilərinin metodologiya və mövcud reallıqlar əsasında daha detallı araşdırılması, bu sahədə göstəricilərin yaxşılaşdırılması üzrə zəruri tədbirlərin müəyyən edilərək həyata keçirilməsi və səmərəli kommunikasiyanın təşkili qarşımızda duran əsas çağırışlardandır.
İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Statistika Komitəsi, İİTKM və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın aidiyyəti işçi qruplarının Qİİ üzrə tematik iclasları iki həftə davam edəcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib