Orta Dəhlizdə kağızsız ticarətin inkişafı: Elektron hesab-fakturaların qarşılıqlı tanınması gömrük rəsmiləşdirilməsini sürətləndirə bilər
Azərbaycan və Qazaxıstan Orta Dəhlizdə elektron hesab-fakturaların qarşılıqlı tanınması üzrə pilot layihəyə namizəd göstərilib.
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycan və Qazaxıstanı elektron hesab-fakturaların sərhədlərarası mübadiləsi və qarşılıqlı tanınması üzrə ilkin sınaq üçün əlverişli tərəfdaşlar kimi müəyyənləşdirib. Təşəbbüs Orta Dəhlizdə gömrük prosedurlarının sadələşdirilməsinə, sənəd dövriyyəsinin rəqəmsallaşdırılmasına və ticarət əməliyyatlarının sürətləndirilməsinə imkan yarada bilər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli bildirib ki, “TCCA+ ölkələrində sərhədlərarası elektron hesab-faktura sisteminin inkişafı: Subregional tədqiqat” (“Advancing Cross-border Electronic Invoicing in TCCA+ Countries: A Subregional Study”) adlı hesabatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın elektron hesab-faktura sistemləri altı meyar üzrə qiymətləndirilib
Qiymətləndirməyə əsasən, Azərbaycan mümkün 30 baldan 24-nü toplayıb. Ölkəmiz hüquqi baza, tətbiq modeli və vergi inzibatçılığına inteqrasiya üzrə maksimum 5 bal, strukturlaşdırılmış məlumat formatları üzrə 4 bal, beynəlxalq uyğunluq üzrə 3 bal, rəqəmsal ticarət sistemlərinə inteqrasiya üzrə isə 2 bal əldə edib. Sonuncu meyar üzrə müəyyən edilmiş minimum tələbə əsasən, Azərbaycanın ümumi rəqəmsal yetkinlik səviyyəsi ‘Tier 2’ (ikinci səviyyə) kimi qiymətləndirilib. Bu, ölkədə elektron hesab-faktura sisteminin formalaşdığını, lakin sərhədlərarası məlumat mübadiləsi və beynəlxalq sistemlərlə inteqrasiya imkanlarının daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu göstərir.
Müqayisəli qiymətləndirmədə Qırğızıstan 25, Azərbaycan və Qazaxıstan isə hər biri 24 bal toplayıb. Hesabatda Azərbaycan və Qazaxıstanın ilkin sınaq üçün seçilməsi hər iki ölkədə elektron hesab-faktura sistemlərinin inkişaf səviyyəsi, xarici elektron imzaların yoxlanılması sahəsində praktiki təcrübə və Orta Dəhlizdə strateji mövqeləri ilə əsaslandırılıb.
Rəşad Nəcəfli qeyd edib ki, Azərbaycanda 2017-ci ildən tətbiq olunan elektron qaimə-faktura sistemi Dövlət Vergi Xidmətinin informasiya sisteminə inteqrasiya edilsə də, gömrük rəsmiləşdirilməsi zamanı məlumatların təkrar daxil edilməsi halları mövcuddur.
“Hazırda gömrük prosedurlarında hesab-fakturalar çox vaxt PDF formatında təqdim olunur və məlumatların bir hissəsi bəyannaməyə yenidən daxil edilir. Azərbaycanla Qazaxıstan arasında strukturlaşdırılmış elektron məlumat mübadiləsinin qurulması bu prosesin avtomatlaşdırılmasına imkan verə bilər. Nəticədə Xəzərin bir sahilində rəsmiləşdirilən hesab-faktura digər sahildə elektron qaydada yoxlanılaraq gömrük prosedurlarında istifadə oluna bilər”, – deyə o bildirib.
Hesabatda ilkin mərhələdə mövcud sistemlərin qarşılıqlı işləmə imkanlarının texniki sınaqdan keçirilməsi təklif edilir. Bu çərçivədə elektron hesab-fakturaların mübadiləsi, xarici elektron imzaların etibarlı üçüncü tərəf vasitəsilə yoxlanılması və təsdiqlənmiş məlumatların gömrük rəsmiləşdirilməsində istifadəsi sınaqdan keçirilə bilər. Növbəti mərhələdə real ticarət əməliyyatlarını əhatə edən pilot layihənin həyata keçirilməsi ilkin nəticələrdən asılı olacaq.
“Elektron imzaların qarşılıqlı tanınmasının hüquqi əsaslarının müəyyənləşdirilməsi və milli məlumat formatlarının UBL və ya Peppol PINT kimi beynəlxalq standartlara uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. Vergi və gömrük sistemləri arasında inteqrasiya təmin edilərsə, yük sərhədə çatmazdan əvvəl məlumatların yoxlanılması və risklərin qiymətləndirilməsi mümkün olar”, – deyə Rəşad Nəcəfli vurğulayıb.
Onun sözlərinə görə, Rəqəmsal Logistika Platforması elektron hesab-fakturaların Orta Dəhliz üzrə digər ticarət və daşıma sənədləri ilə inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bu yanaşma rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üzrə Fəaliyyət Planında nəzərdə tutulan dövlət informasiya sistemlərinin inteqrasiyası və məlumatların bir dəfə təqdim edilməsi prinsiplərinə də uyğundur.
Qeyd edək ki, sərhədlərarası elektron məlumat mübadiləsinin hüquqi və texniki aspektləri ESCAP və ITFC-nin təşkilatçılığı ilə keçirilən subregional dəyirmi masada müzakirə olunub. Tədbirdə İİTKM nümayəndələri də iştirak ediblər.
Hesabatın hazırlanmasına BMT-nın ESCAP Azərbaycan üzrə milli konsultantı Ceyhun Nəcəfli Azərbaycan üzrə milli məsləhətçi kimi töhfə verib. Layihənin ölkə üzrə milli əlaqələndiricisi Dövlət Gömrük Komitəsidir. Tədqiqat prosesində Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və onun yanında Dövlət Vergi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İİTKM və “B.EST Solutions” şirkəti iştirak ediblər.
İlkin sınaq zamanı elektron hesab-fakturaların yoxlanılmasına sərf olunan vaxtın və məlumatların təkrar daxil edilməsi hallarının ölçülməsi nəzərdə tutula bilər. Gələcək pilot layihənin nəticələri isə gömrük rəsmiləşdirilməsi müddətinin və sahibkarların inzibati yükünün azaldılması baxımından qiymətləndirilə bilər.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf