“Bir pəncərə” sistemi Azərbaycanın qlobal rəqəmsal logistika mərkəzinə çevrilməsinə yeni imkanlar yaradır – ŞƏRH
Azərbaycan Respublikası Prezidentinin “Bir pəncərə” informasiya sisteminin fəaliyyəti haqqında Əsasnaməni təsdiq etməsi Azərbaycanın beynəlxalq təchizat zəncirlərində mövqeyinin gücləndirilməsi, logistika proseslərinin rəqəmsallaşdırılması və ölkənin qlobal rəqəmsal logistika mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mövzunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Ayxan Qədəşov şərh edib.
O bildirib ki, son illər Azərbaycanda nəqliyyat və logistika sahəsində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Ölkəmiz Çin, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya kimi qlobal iqtisadiyyatın aparıcı iştirakçıları ilə əməkdaşlığını genişləndirərək Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində mühüm tranzit qovşağına çevrilib. Eyni zamanda ənənəvi karbohidrogen resursları ilə yanaşı, yaşıl və alternativ enerji sahələrində beynəlxalq əməkdaşlığın inkişafı Azərbaycanın iqtisadi dayanıqlılığının möhkəmlənməsinə əlavə imkanlar yaradır.
A.Qədəşov qeyd edib ki, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri artıq yalnız yüklərin fiziki daşınması, idxal və ixrac əməliyyatları ilə məhdudlaşmır. Yeni “Bir pəncərə” mexanizmi ölkə ərazisindən keçən yük axınlarının daha səmərəli və çevik idarə olunmasına, logistika proseslərinin vahid rəqəmsal mühitdə əlaqələndirilməsinə imkan verir. Sistem dövlət qurumları ilə yanaşı, biznes xidmətləri altsistemi vasitəsilə daşıyıcıları, bankları və sığorta şirkətlərini də vahid rəqəmsal platformada birləşdirərək logistika ekosisteminin iştirakçıları arasında məlumat mübadiləsini asanlaşdırır.
Yeni sistemin daxili iqtisadiyyata təsirindən danışan şöbə müdiri vurğulayıb ki, mövcud nəqliyyat və logistika infrastrukturunun rəqəmsal həllərlə inteqrasiyası iqtisadi inkişaf üçün yeni imkanlar açır. Bu yanaşma Azərbaycanın tranzit potensialından daha səmərəli istifadəni təmin etməklə yanaşı, logistika xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və əməliyyat xərclərinin optimallaşdırılmasına şərait yaradır. Yüklərin sığortalanması, bank və maliyyə təminatı, logistika əməliyyatlarının izlənilməsi və digər əlaqəli xidmətlərdə iştirak edən yerli şirkətlər beynəlxalq ticarət zəncirlərinə daha fəal inteqrasiya etmək imkanı qazanırlar. Rəqəmsallaşma həmçinin yerli biznes subyektlərinin beynəlxalq standartlara uyğun biznesdən-biznesə (B2B) xidmətlər göstərmək imkanlarını genişləndirir və yeni iqtisadi dəyərin formalaşmasına təkan verir.
Məsələnin geoiqtisadi əhəmiyyətinə toxunan A.Qədəşov bildirib ki, müasir qlobal iqtisadiyyatda tranzit ölkələrinin rəqabət üstünlüyü artıq yalnız avtomobil yolları, dəmir yolları və liman infrastrukturu ilə müəyyən edilmir. Nəqliyyat dəhlizləri boyunca məlumat axınlarının təhlükəsiz, sürətli və əlaqələndirilmiş şəkildə idarə olunması da strateji əhəmiyyət daşıyır. Təsdiq edilən Əsasnamədə məlumatların transsərhəd ötürülməsi və hökumət buludunda mühafizəsi ilə bağlı müddəaların yer alması Azərbaycanın beynəlxalq təchizat zəncirlərində yalnız fiziki tranzit məkanı deyil, həm də rəqəmsal məlumat mübadiləsi və logistika idarəçiliyi mərkəzi kimi mövqeyini gücləndirmək istiqamətində atılan addımlardandır.
Şöbə müdiri əlavə edib ki, yeni mexanizmin tətbiqi Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf hədəfləri ilə də uzlaşır. Logistika əməliyyatlarında şəffaflığın artırılması, prosedurların sadələşdirilməsi və məlumat mübadiləsinin sürətləndirilməsi xarici investorlar üçün daha əlverişli və proqnozlaşdırıla bilən biznes mühitinin formalaşmasına xidmət edir. Bu isə ölkənin beynəlxalq nəqliyyat və ticarət marşrutlarında rəqabət qabiliyyətinin yüksəlməsinə, tranzit xidmətlərindən əldə olunan iqtisadi faydanın artmasına və yeni investisiya imkanlarının yaranmasına şərait yaradır.
Rəqəmsallaşmanın praktiki nəticələrinə toxunan A.Qədəşov qeyd edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı vasitəsilə təqdim edilən sərbəst satış sertifikatının alınması proseduru da cari ildən etibarən “Bir pəncərə” sisteminə inteqrasiya edilib. Bu inteqrasiya ixracatçıların sertifikat üçün müraciətlərinin və həmin müraciətlərə baxılması prosesinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsinə imkan yaradır. Nəticədə sahibkarların inzibati yükü azalır, sənədləşmə prosedurları sadələşir və ixrac əməliyyatlarının daha operativ təşkili üçün əlverişli şərait formalaşır.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf