İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Belçika səfiri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Belçika səfiri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans arasında görüş keçirilib.

Görüşdə Vüsal Qasımlı, Azərbaycan və Belçika arasında iqtisadi və ticarət əlaqələri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar barədə, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Ümumdünya Əqli Mülkiyyət Hüquqları Təşkilatı kimi nüfuzlu qurumlar tərəfindən Azərbaycanın iqtisadi islahatların idarəedilməsi modelinin nümunəvi innovativ təcrübə kimi qəbul edilməsinə dair səfirə məlumat verib.

Səfir Mişel Pitermans iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib və İİTKM tərəfindən Səfirliyə təqdim olunan dövri iqtisadi icmallara görə təşəkkürünü ifadə edib. Cənab səfir Belçikanın beyin mərkəzləri ilə əməkdaşlıq qurulması və birgə layihələrin icrası baxımından perspektivlərin olduğunu və bu birgə tədqiqat və layihələrin həyata keçirilməsi üçün Səfirliyin dəstəyinin davam etdiriləcəyini bildirib.

Vüsal Qasımlı, İİTKM tərəfindən iqtisadi islahatlar sahəsində aparılan tədqiqatlar, monitorinq və qiymətləndirmə fəaliyyəti və biznesin dəstəklənməsi sahəsində Mərkəzin operator olduğu rəqəmsal platformalar barədə ətraflı məlumat verib. Eyni zamanda Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından ərazilərin yenidən qurulması, Zəngəzur koridorunun açılması ilə Cənubi Qafqaz regionunun həm Şimal-Cənub, həm də Şərq-Qərb beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması sahəsində Belçikadan olan tərəfdaşlarla əməkdaşlığın qurulmasının hər iki ölkənin maraqlarına xidmət edəcəyini vurğulayıb. Xüsusilə iki ölkə arasında ticarət və investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib.

Səfir Mişel Pitermans Azərbaycanda bərpa olunan enerji, bərk tullantıların emalı və ölkədə iqtisadi diversifikasiyaya dəstək verəcək sahələr üzrə Belçikanın biznes və investisiya qurumları ilə əməkdaşlığın qurulmasında və ticarət missiyalarının təşkilində Səfirlik tərəfindən dəstək göstəriləcəyinə əminliyini ifadə edib.

Sonda qonağa Mərkəzin fəaliyyətinə dair icmallar təqdim olunub.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Belçika səfiri ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Belçika səfiri ilə görüş keçirilib

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R