İİTKM-in şöbə müdiri Təranə Salıfova: "Bütün Qarabağda bayrağımızın ucaldılması ölkə iqtisadiyyatına xüsusi töhfə verəcək"
Son bir ay ərzində Qarabağda baş verənlər, xüsusilə də Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də keçirmiş və cəmi 23 saat ərzində məqsədinə çatmış lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədə ölkəmizin hərbi-siyasi mövqeyi daha da möhkəmlənməklə yanaşı, iqtisadi imkanları da genişlənib.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Salıfova baş verən son hadisələr və xüsusilə də Xankəndinin mərkəzində Azərbaycan bayrağının ucaldılmasından sonra yaranmış yeni vəziyyətdə Qarabağ iqtisadi rayonunun potensialını AZƏRTAC-a şərh edərkən deyib.
O bildirib ki, Prezident və Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə, o cümlədən Sərsəng su anbarında Azərbaycan bayrağını ucaltması uzunmüddətli dövr üçün ölkəmizin iqtisadiyyatının inkişafına xüsusi töhfə verəcək: “Belə ki, adını çəkdiyimiz rayonların ölkə iqtisadiyyatına reinteqrasiyası Qarabağ iqtisadi rayonunda yaşıl energetika, kənd təsərrüfatı, dağ-mədən sənayesi, tikinti materialları istehsalı və turizmin inkişafı, eləcə də səmərəli nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı üçün yeni imkanlar açır”.
Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarı əsas enerji mənbəyi təyinatlı olmaqla yanaşı, həm də Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarının suvarma suyu ilə təminatında xüsusi əhəmiyyətə malikdir. Təxminən 100 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi regionda kənd təsərrüfatının, xüsusilə işğaldan öncəki ənənəvi sahələrin inkişafını şərtləndirəcək.
Sərsəng su anbarına tam nəzarətin təmin olunması sayəsində Qarabağ regionunun enerji təhlükəsizliyi daha sağlam şəkildə təmin olunacaq, həmçinin ölkəmizin elektrik enerjisi istehsal etmək potensialı xeyli güclənəcək.
Qeyd edilən ərazilərin faydalı qazıntı potensialı və mineral xammal mənbələri iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşmanı təmin etməyə imkan verəcək. Ərazinin mis, molibden və sair faydalı qazıntı potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Həmçinin, inşaat materialları üçün xammal bazasının mövcudluğu tikinti materialları istehsalına təkan verəcək.
Yeni ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, Qarabağ iqtisadi rayonunda yerləşən inzibati ərazi vahidləri - şəhər və kənd yaşayış məntəqələri arasında qırılmış nəqliyyat əlaqəsinin bərpa olunmasına və elektrik, su, qaz, fiber-optik və sair kommunikasiya xətlərinin daha səmərəli təşkilinə də şərait yaradacaq. Ağdam-Xocalı-Şuşa-Laçın avtomobil yolu, habelə Yevlax-Bərdə-Ağdam-Xocalı (Xankəndi) dəmir yolunda hərəkətin bərpası regionun nəqliyyat-logistika infrastrukturunun inkişafına şərait yaradacaq. Xankəndinə və onun ətraf ərazilərinə, Şuşaya, Laçına ölkəmizin mərkəzi hissəsindən və Bakıdan gedən ən qısa yol məhz Ağdamdan keçir. Qarabağın yol-nəqliyyat infrastrukturunun ölkənin ümumi sisteminə qoşulması, nəqliyyat-kommunikasiya xətlərinin səmərəli təşkili öz növbəsində yükdaşımaların həcminin artmasına və xərclərin azalmasına, eləcə də yüklərin daha tez və təhlükəsiz çatdırılmasına şərait yaradacaq.
Yeni reinteqrasiya prosesi Qarabağ bölgəsinin keyfiyyətli və rəqabətli turizm xidmətləri potensialını da artıracaq. Turizmin inkişafı ilə yanaşı, Xankəndi Dövlət Universitetinin beynəlxalq aləmdə reytinqinin artırılması regionun sürətli inkişafını şərtləndirəcək.
Ümumilikdə bu proses ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda Qarabağ iqtisadi rayonunun payının davamlı artımını təmin edəcək.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“ŞƏT plyus” toplantısı türk dövlətləri arasında iqtisadi əməkdaşlığı artıracaq
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri