İİTKM-in şöbə müdiri Aqil Əsədov: “Hər bir rayonun özünün daxili potensialını hərəkətə gətirmək lazımdır”.

İİTKM-in şöbə müdiri Aqil Əsədov: “Hər bir rayonun özünün daxili potensialını hərəkətə gətirmək lazımdır”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov “Avtosfer.az” saytının suallarını cavablandırıb.

- Regionlarda yeni infrastruktur sahələrinin yaradılması üçün investorların cəlb edilməsi istiqamətində hansı addımlar atılmalıdır?

İlk növbədə bir məsələni aydınlaşdırmaq lazımdır ki, yeni infrastruktur sahələri dedikdə mövcud olanların təkmilləşdirilməsi nəzərdə tutulur, yoxsa tamamilə yeni sahələrin yaradılması? Bu, olduqca vacib məsələdir. Əvvəlki dövrlərdə mövcud olan elə infrastrukturlar var ki, müasir bazar iqtisadiyyatı tələbləri ilə ayaqlaşmır və investisiya cəlbediciliyi aşağıdır. Təbii ki, belə sahələrə investisiya cəlb edilməsi çətindir və müəyyən təşviqedici addımları zəruri edir. Müasir dövrün də cəlbedici sahələri mövcuddur və bu əsasən hər bir regionun özünün ixtisaslaşma istiqamətindən irəli gəlir.

Söhbət regionlardan gedirsə, zənnimcə, əksər regionların başlıca problemi hazır məhsulların satışı ilə bağlıdır. Hansı ki, bunu müxtəlif görüş və tədbirlərdə yerli sakinlər də, fermerlər də dəfələrlə ifadə ediblər. Regionlarımız daha çox aqrar sahənin inkişafı üzrə ixtisaslaşdığı üçün bu istiqamətdə investisiya cəlbediciliyi daha önəmlidir. Fikrimcə, regionlarda emal müəssisələrinin yaradılması zəruridir və bu regional inkişafa daha ciddi təkan verə bilər. Regionlara səfərlər zamanı yol kənarında kəndlinin min bir zəhmətlə əkib-becərdiyi, bir növü gözünü dikdiyi, ümid yeri olan tonlarla məhsulun yığılıb qaldığının, satılmadığının şahidi oluruq. Bu isə o deməkdir ki, məhsulların bazara çıxarılması ilə bağlı çətinliklər var və ya məhsulun qiyməti bazara çıxarılma xərclərini ödəmir. Nəticədə, torpaqdan istifadə səmərəliliyi düşür, arzu edilən regional inkişaf təmin olunmur və insanlar əkin-biçindən ayrılıb meqapolislərdə müəyyən xidmət sahələrinə - telefon təmiri, ofisiant, taksi xidməti və s. kimi sahələrə üz tuturlar, tədricən torpaqda işləmə qabiliyyəti itir, kütləvi və plansız urbanizasiya baş verir.

Bütün bunların qarşısını almaq və dövlətimiz tərəfindən artıq 4-cüsü həyata keçirilən regional inkişaf proqramlarında qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün kəndlərdən, regionlardan hazır məhsullar dövlət tərəfindən alınıb, bazara çıxarılmalı və ya dövlət ehtiyaclarına sərf edilməlidir. Bununla bağlı hələ 2016-cı il 30 sentyabr tarixində “Ərzaq Tədarükü və Təchizatı” ASC yaradıldı, daha sonra 2018-ci ildə bu işlər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan “Aqrar Tədarük və Təchizat” ASC-yə tapşırıldı.

- Hər regiona məxsus spesifik sahələrin inkişafına dövlət dəstəyi ilə yanaşı, özəl sektorun investisiya qoyması da vacibdir. Bunun üçün hansı şərait yaradılmalıdır?

Təbii ki, hər bir regionun özünün spesifik xüsusiyyətləri mövcuddur. Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin ilk 6 ayının yekunlarına dair iclasda səsləndirdiyi “Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar demək olar ki, rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə spesifika, iqlim və ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır. Hökumət üzvləri bu məsələ ilə bağlı öz təkliflərini hazırlasınlar” fikri də regionların müxtəlifliyini və ixtisaslaşmanın diqqət mərkəzində olduğunu ifadə edir. Məhz Prezidentin bu sözlərindən də irəli gəldiyi kimi, regionlar üzrə ixtisaslaşma aparılmalı, regionlar pasportlaşdırılmalıdır. İstənilən iş adamı regiona bələd olmasa belə, pasportla tanışlıqdan regionun xüsusiyyətlərini, ixtisaslaşma istiqamətlərini, imkanları öyrənə bilməlidir. Bu, investisiya cəlbediciliyinə təsir edə bilər. O cümlədən, cənab Prezidentin də vurğuladığı kimi, regional inkişafda beynəlxalq nəqliyyat dəhlizlərindən yararlanmaq imkanları da nəzərdən keçirilməlidir.

Ümumilikdə isə, iqtisadi nəzəriyyədən məlumdur ki, sahibkar öz gəlirini daimi artırmağa çalışmaqla, həm də ümumi iqtisadiyyatı inkişaf etdirir. Yəni, konkret desək, gəlir varsa, qazanmaq şansı varsa, özəl sektor da regiona gələcək. Özəl sektoru, sahibkarı əldə edəcəyi nəticə - gəlir maraqlandırır. Bunu yaratmaq lazımdır. Mən bir iqtisadçı kimi uzunmüddətli dövlət dəstəyinin tərəfdarı deyiləm, bu, ələbaxımlıq yaradır. Amma təbii ki, ilk dövrlərdə təşviqedici addımlar olması zəruridir. Bu da ixtisaslaşma, regionun spesifik xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.

Bir məlumatı da qeyd edim ki, 2024-cü ilin büdcə layihəsində yalnız Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilan rayonlarına vəsait ayrılması nəzərdə tutulub. Növbəti illərdə bu rayonlara da vəsait ayrılmayacaq, hər bir rayonun özünün daxili potensialı var və bunu hərəkətə gətirmək lazımdır. Bir daha qeyd etmək istəyirəm ki, dövlətin regiona yeganə və ən təsirli təşviqi hazır məhsulların alışıdır. Bunu təmin edə bilsək, regional inkişaf öz axarına düşəcək.

#

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R