İİTKM-in şöbə müdiri altı ayın yekunlarına həsr olunmuş müşavirənin iqtisadi məqamlarını şərh edib

İİTKM-in şöbə müdiri altı ayın yekunlarına həsr olunmuş müşavirənin iqtisadi məqamlarını şərh edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva müşavirədə səsləndirilmiş rəqəmləri şərh edərək bildirir ki, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu bir dövrdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. İqtisadiyyatın qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Bu sahədə əlavə dəyər 2023-cü ilin birinci yarımilliyində 6,5 faiz artıb. Ümumi olaraq qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunub.

Şöbə müdiri qeyd edir ki, bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 50 ABŞ dolları nəzərdə tutulduğu halda, 2023-cü ilin ilk yarısında “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti 82,84 ABŞ dolları təşkil edib. Bu artımla yanaşı, vergi və gömrük orqanlarında aparılan islahatlar və şəffaflığın təmin edilməsi nəticəsində 2023-cü ilin yanvar-may ayları ərzində vergi yığımlarının ötən illə müqayisədə 45 faiz və ya 2,6 milyard manatdan çox artıb. Bu isə öz növbəsində 2023-cü ilin ilk 6 ayında büdcə profisiti yaratmaqla büdcəmizi rekord həddə çatdırıb. Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların yenidən bölünməsini gündəmə gətirib. Bununla bağlı 16 iyun 2023-cü il tarixində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36624,8 milyon manata çatdırılıb. Dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Əlavə vəsaitin əhəmiyyətli hissəsi Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib. Əlavə olunan 3 milyard manatın 1,8 milyard manatı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə, 1,1 milyard manat isə hərbi gücümüzün artırılmasına yönəldilib. Dövlət büdcəsinə edilən son dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsait 4,8 milyard manata, müdafiə və milli təhlükəsizlik xərcləri isə 6,05 milyard manata qaldırılıb. Bu isə hökumətin əsas prioritetinin əhalinin həmin ərazilərə qısa müddətdə geri qaytarılması və ölkə təhlükəsizliyinin təmini olmasını göstərir.

2023-cü ilin ilk yarısında ölkənin strateji valyuta ehtiyatları da artıb. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları iyun ayına 9,1 milyard ABŞ dollarına bərabər olub. Tədiyyə balansının cari əməliyyat üzrə profisiti 10 milyard dollara yaxın olub. Strateji valyuta ehtiyatlarının artımı, tədiyyə balansının cari əməliyyatlar balansının profisiti cari ildə makroiqtisadi sabitliyi təmin edib və manatın məzənnəsinin sabitliyini dəstəkləyib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində nəzərdə tutulan xarici dövlət borcu ilə bağlı hədəf göstəricisinə  bu il nail olunub. Belə ki, 6,7 milyard ABŞ dolları olan xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.

Günay Quliyeva əlavə edib ki, post-pandemiya dövründə nəqliyyat sektorunun bərpası və bu sahədə həyata keçirilən bir sıra layihələr nəticəsində 2023-cü ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat sektorunda yükdaşımaların həcmi  6,8 və sərnişindaşımaların həcmi isə 19 faiz artıb. Bu artım həm də son dövrdə Azərbaycanın artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilməsi ilə əlaqədardır. Dünyada baş verən bir sıra hadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq, əvvəllər Şimal dəhlizi ilə daşınan yüklərin artıq Orta dəhlizə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TITR) yönləndirilməsi ölkəmizin tranzit ölkə kimi nüfuzunu artırıb. Yeni nəqliyyat marşrutlarının açılması ölkəmiz üçün də yeni imkanlar açır. Azərbaycanın əlverişli coğrafi mövqeyi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində ölkəmizin əsas tərəfdaşa çevrilməsinə imkan verir. Təbii ki, bu da orta və uzunmüddətli dövrdə ölkənin təkcə tranzit ölkə deyil, həm də əsas istehsalçı və ixracatçıya çevrilməsinə imkan yaradır. Nəqliyyat marşrutları üzərində olan regionlarımızda yeni biznes imkanları açılır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi ilə dəniz nəqliyyatı sahələri və xüsusən gəmiqayırma sənayesi hökumətin əsas diqqət mərkəzində olan sahələrdəndir. Bu sahədə aparılan islahatlar və qoyulan sərmayelər yaxın dövrdə dəniz yolu ilə yüklərin daşınmasını əhəmiyyətli dərəcədə artıra bilər.

Aparıcı enerji istehsalçısı olmasına baxmayaraq, Azərbaycan  külək və günəş enerjisi kimi bərpa olunan mənbələrə əhəmiyyətli sərmayələr yatırmaqla, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarını “yaşıl enerji” zonasına çevirməkdə maraqlıdır. Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramında bu, xüsusilə vurğulanıb.

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının böyük qaz ehtiyatları artıq təsdiqlənib. Bu ay ilkin qaz hasilatına başlanılan həmin yataq və “Şahdəniz” qaz-kondensat yatağı qaz ixracımızın əsas ehtiyat mənbəyinə çevrilir. Bu isə ixraca gedən qazın həcmini ildən-ilə artırmağa imkan verir. Hər iki qaz yatağı enerji təhlükəsizliyimizi təmin etməkdə mühüm rol oynayır.

İlin ilk yarımilinin iqtisadi nəticələri göstərir ki, hökumətin post-müharibə və post-COVID dövründə mərhələli və ardıcıl formada həyata keçirdiyi sosial-iqtisadi islahat paketləri uğurlu şəkildə icra olunur. Bu islahatların əsasını işğaldan azad olunmuş ərazilərin bərpası, ölkə təhlükəsizliyinin təmini, makroiqtisadi sabitliyin təmin edilməsi və sosial rifahın artırılması təşkil edib. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində aparılan ardıcıl, sistemli və sürətli bərpa işləri sayəsində qısa müddətdə vətəndaşlarımız öz torpaqlarında tam məskunlaşacaqlar. Bütün bu qeyd etdiklərimizlə yanaşı, ekoloji məsələlər də hökumətin əsas diqqət mərkəzində olub. Dünya İqtisadi Forumunun “Səmərəli Enerji Keçidinin Təşviqi-2023” hesabatında da göstərildiyi kimi, Azərbaycan iqtisadi inkişafla ekoloji dayanıqlılığın balanslaşdırılmasına sadiq olan nadir ölkələrdəndir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R