İİTKM-in nümayəndəsi Çində kənd təsərrüfatına dair beynəlxalq seminarda iştirak edir

İİTKM-in nümayəndəsi Çində kənd təsərrüfatına dair beynəlxalq seminarda iştirak edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli Çin Xalq Respublikasının Çanşa şəhərində keçirilən "İnkişaf etməkdə olan ölkələr üçün kənd təsərrüfatı məhsullarının keyfiyyəti və təhlükəsizliyinin idarə edilməsi" mövzusunda beynəlxalq seminarda iştirak edir.

Seminarın açılış mərasimində iştirakçı ölkələrin nümayəndələri arasında keçirilən seçim nəticəsində Rəşad Nəcəfli iştirakçı ölkələrin nümayəndə heyətlərinin lideri seçilib. O, Hunan Əyalətinin Ticarət Departamentinin direktoru cənab Hu Kaihui, “Hunan Agricultural Science Group Co.,Ltd.”nin direktoru cənab Liu Rong və “Hunan Agricultural Science Group Co.,Ltd.”nin direktor müavini xanım Zeng Cuiting ilə birlikdə seminarın rəsmi açılışını elan edib.

Açılış mərasimində iştirakçı ölkələr adından çıxış edən Rəşad Nəcəfli Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini, bu kimi beynəlxalq təlim proqramlarının bilik və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsinə, peşəkar əməkdaşlığın möhkəmləndirilməsinə və davamlı inkişaf məqsədlərinə mühüm töhfə verdiyini vurğulayıb. O, kənd təsərrüfatı məhsullarının keyfiyyəti və qida təhlükəsizliyinin iqtisadi inkişafın, ictimai sağlamlığın və milli ərzaq təhlükəsizliyinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin dəstəyi ilə təşkil olunan seminarda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Namibiya, Benin, Qambiya, Fələstin və Efiopiya daxil olmaqla inkişaf etməkdə olan ölkələrin dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Seminarın məqsədi kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət, qida təhlükəsizliyi sistemləri, beynəlxalq standartlar, sertifikatlaşdırma mexanizmləri, rəqəmsal həllər və innovativ idarəetmə təcrübələri üzrə bilik və təcrübə mübadiləsinin aparılması, həmçinin inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsidir.

Proqram çərçivəsində iştirakçılar kənd təsərrüfatı məhsullarının keyfiyyətinin idarə olunması, laboratoriya və inspeksiya sistemləri, məhsulların izlənilməsi (traceability), risklərin qiymətləndirilməsi, rəqəmsal monitorinq alətləri və qida təhlükəsizliyi sahəsində Çin Xalq Respublikasının qabaqcıl təcrübəsi ilə tanış olurlar.

İİTKM-in nümayəndəsi Çində kənd təsərrüfatına dair beynəlxalq seminarda iştirak edir