Enerji təhlükəsizliyi: Azərbaycanın artan rolu və yeni imkanları

Enerji təhlükəsizliyi: Azərbaycanın artan rolu və yeni imkanları

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı “…enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir” deyərək enerji təhlükəsizliyində Azərbaycanın rolunun artdığını vurğulayıb.

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində əldə etdiyi nailiyyətləri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, qlobal və regional kontekstdə uzunmüddətli iqtisadi təhlükəsizliyin təmin edilməsinin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyinin dayanıqlığının gücləndirilməsidir. Onun sözlərinə görə, enerji təhlükəsizliyi yalnız iqtisadi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamır, eyni zamanda milli təhlükəsizliyin gücləndirilməsinə də xidmət edir. Məhz buna görə Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması əhəmiyyət daşıyır.

Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi baxımından enerji mənbələrini kifayət qədər şaxələndirən ölkələrdən biridir. Xüsusilə son illərdə günəş və külək enerjisi potensialından istifadəyə diqqət artırılıb və bu sahəyə xarici investorların cəlb edilməsi istiqamətində önəmli addımlar atılıb. Azərbaycan yaşıl enerji potensialını reallaşdırmaq istiqamətində həyata keçirdiyi tədbirlər vasitəsilə enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, milli təhlükəsizlik baxımından da mühüm addımlar atır. Qiymətləndirmələrə görə, Azərbaycanın quruda və dənizdə bərpaolunan enerji mənbələrinin - günəş və külək enerjisinin - texniki potensialı 292 GVt-dan çoxdur. Bu potensialın mərhələli şəkildə reallaşdırılması nəticəsində yaşıl enerji istehsalının artırılması və gələcəkdə onun ixracının həyata keçirilməsi Azərbaycanın həm qonşu ölkələrin, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə vermək imkanlarını genişləndirə bilər. Bildiyimiz kimi, Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Artıq “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi istiqamətində atılan addımlar nəticəsində Avropa ölkələrinə yaşıl enerji ixracı məsələsi ideyadan icraya keçir.

Ramil Hüseyn qeyd edib ki, Azərbaycan bu gün neft və qaz ixracı vasitəsilə bir sıra ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır. Onun fikrincə, yaşıl enerji layihələrinin inkişafı Azərbaycanın gələcəkdə də enerji ixrac edən ölkə statusunu qoruması baxımından əhəmiyyətlidir. Quruda və dənizdə bərpaolunan enerji mənbələrinin potensialından səmərəli istifadə etməklə biz gələcək dövr üçün həm enerji, həm də iqtisadi təhlükəsizliyimizi daha da gücləndiririk.