Bakı Limanının Azərbaycanın investisiya cəlbediciliyində rolu
Azərbaycanın investisiya cəlbediciliyindən danışarkən ölkənin coğrafi mövqeyi ən çox vurğulanan üstünlüklərdən biridir. Lakin müasir qlobal iqtisadiyyatda coğrafi mövqenin özü təklikdə investisiya üstünlüyü yaratmaya bilər. Bu üstünlüyün real iqtisadi dəyərə çevrilməsi üçün onu müasir nəqliyyat infrastrukturu, beynəlxalq bazarlara çıxış, dayanıqlı təchizat zəncirləri, logistika imkanları və investor üçün əlverişli biznes mühiti ilə tamamlayan sistem formalaşmalıdır.
Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun gündəliyi də məhz bu yanaşmanın aktuallığını göstərir. Forumun əsas müzakirə istiqamətləri arasında Cənubi Qafqazın qlobal bağlantıdakı rolu, Orta Dəhlizin ticarət, sənaye və bağlantı potensialı, sənaye platformaları və azad iqtisadi zonalar, regional təchizat zəncirləri və investisiya imkanları xüsusi yer tutur. Forum proqramında Orta Dəhlizin yalnız tranzit marşrutu kimi deyil, istehsal, emal və əlavə dəyər yaradan fəaliyyətlərlə əlaqələndirilən regional iqtisadi platforma kimi inkişaf etdirilməsi ayrıca vurğulanır. Bu kontekstdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rolu xüsusi əhəmiyyət kəsb edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri İsa Qasımov bildirib ki, Ələt qəsəbəsində yerləşən Bakı Limanı Azərbaycanın əsas dəmir yolu və avtomobil magistrallarının Xəzər dənizi ilə əlaqələndirildiyi strateji məkanda formalaşıb. Bu mövqeyi limanı Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Cənubi Qafqaz-Türkiyə-Avropa istiqamətində inkişaf edən Orta Dəhlizin əsas infrastruktur komponentlərindən birinə çevirir.
Azərbaycanın nəqliyyat strategiyasında Bakı Limanının əhəmiyyəti yalnız dəniz daşımaları ilə məhdudlaşmır. Liman dəmir yolu, avtomobil və dəniz nəqliyyatını birləşdirən multimodal logistika qovşağı kimi ölkənin regional və qlobal təchizat zəncirlərinə inteqrasiyasında mühüm rol oynayır. Rəsmi məlumatlara görə, limanın mövcud yükaşırma imkanları 15 milyon ton yük və 100 min TEU konteyner səviyyəsində formalaşıb, növbəti inkişaf mərhələsində isə bu göstəricilərin 25 milyon ton və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur. Beləliklə, Azərbaycanın coğrafi mövqeyi fiziki bağlantı imkanlarına, bu bağlantılar isə iqtisadi fəaliyyət üçün potensiala çevrilir.
2026-cı ilin yanvar–avqust aylarında Bakı Limanında 5,5 milyon tondan çox yük və 85 min TEU-dan çox konteyner aşırılıb. Konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artıb, quru yük aşırılması isə 1,6 milyon tona çataraq 80 faiz yüksəlib. Bu göstəricilər limanın yükdaşıma fəaliyyətində artımla yanaşı, Azərbaycanın regional təchizat zənirlərində iştirakının genişlənməsi üçün yaranan potensialı da göstərir.
İsa Qasımov vurğulayıb ki, burada əsas məsələ Bakı Limanına nə qədər investisiya qoyulması deyil. Daha fundamental sual limanın özü vasitəsilə Azərbaycana hansı yeni investisiyaların gəlməsinin mümkün olmasıdır. İnvestor üçün logistika infrastrukturu sadəcə yükün bir nöqtədən digərinə daşınması demək deyil. Səmərəli və təhlükəsiz logistika istehsal üçün xammalın daha etibarlı təmin edilməsinə, məhsulların regional və qlobal bazarlara çıxarılmasına, təchizat zəncirlərinin şaxələndirilməsinə və logistika xərclərinin optimallaşdırılmasına imkan yaradır.
Bu baxımdan Bakı Limanının investisiya cəlbediciliyinə təsiri iki istiqamətdə formalaşır: birincisi, liman Azərbaycanda fəaliyyət göstərəcək şirkətin xarici bazarlara çıxış imkanlarını genişləndirir; ikincisi, onun yaratdığı bağlantılar logistika, anbar, distribusiya, emal, qablaşdırma, yüngül sənaye və digər əlavə dəyər yaradan fəaliyyətlərin ölkədə yerləşdirilməsi üçün imkanlar formalaşdırır. Beləliklə, limanın investisiya baxımından funksiyası yalnız yük qəbul etməkdən deyil, liman ətrafında yeni iqtisadi fəaliyyət üçün şərait yaratmaqdan ibarətdir. Bu baxımdan Bakı Limanının yaxınlığında Ələt Azad İqtisadi Zonasının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Ələt AİZ-nin əsas məqsədləri arasında xarici investisiyaların cəlb edilməsi, ixracyönümlü və yüksək əlavə dəyər yaradan istehsalın inkişaf etdirilməsi və Azərbaycanın regional logistika və ticarət mərkəzi kimi mövqeyinin gücləndirilməsi dayanır. ABŞ Ticarət Departamentinin Azərbaycan üzrə son bazar icmalında da Ələt AİZ Bakı Limanına bitişik istehsal və logistika mərkəzi kimi təqdim olunur. Bu modelin əhəmiyyəti ondan ibarətdir ki, investor üçün iki ayrı üstünlük bir məkanda birləşir: Bakı Limanı – beynəlxalq bazarlara fiziki və multimodal çıxış; Ələt AİZ – istehsal, investisiya və biznes fəaliyyəti üçün xüsusi iqtisadi və hüquqi mühit. Bu inteqrasiya Azərbaycanın tranzit funksiyasını istehsal və ixrac imkanları ilə tamamlamasına şərait yaradır.
Məhz buna görə 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun “Industrial Platforms and Free Economic Zones: Azerbaijan as a Regional Manufacturing Hub” sessiyasında sənaye platformalarının logistika infrastrukturu, əlavə dəyər yaradan istehsal və regional təchizat zəncirləri ilə əlaqələndirilməsi ayrıca müzakirə mövzusu kimi müəyyənləşdirilib.
İsa Qasımov qeyd edib ki, Bakı Limanının investisiya cəlbediciliyində rolunu daha geniş kontekstdə Orta Dəhlizdən ayrı nəzərdən keçirmək mümkün deyil. “AIIF 2026” proqramında Orta Dəhliz üzrə ayrıca sessiyanın mövzuları arasında trans-Xəzər bağlantısı, multimodal nəqliyyat infrastrukturu, dəmir yolu, liman və logistika imkanlarının inkişafı, Mərkəzi Asiya–Azərbaycan–Çin arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsi, eləcə də tranzitdən istehsal, emal və əlavə dəyər yaradan fəaliyyətlərə keçid xüsusi qeyd olunur.
Bu kontekstdə Bakı Limanının əhəmiyyəti yük axınlarının sadəcə Azərbaycan ərazisindən keçməsi ilə məhdudlaşmır. Əsas imkan həmin axınların ölkə daxilində investisiya, istehsal, emal, logistika və ixrac fəaliyyəti üçün istifadə edilməsidir. Bakı Limanı Orta Dəhlizin Azərbaycan ərazisindəki fiziki qovşağı olmaqla yanaşı, onun iqtisadi dəyər zəncirinin formalaşmasına xidmət edən əsas platformalardan birinə çevrilə bilər.
Bununla yanaşı, investisiya cəlbediciliyi yalnız yeni infrastrukturun yaradılması ilə təmin olunmur. İnvestor üçün logistika sisteminin sürəti, proqnozlaşdırıla bilməsi və inteqrasiya səviyyəsi də ən az fiziki infrastruktur qədər vacibdir. Bu baxımdan liman, dəmir yolu, avtomobil yolları, gömrük, sərhəd prosedurları və logistika xidmətlərinin vahid sistem kimi işləməsi mühüm əhəmiyyət daşıyır.
2025-ci ildə Bakı Limanının Azərbaycan Dəmir Yollarının strukturuna inteqrasiyasından sonra liman və dəmir yolu əməliyyatlarının vahid idarəetmə modelində əlaqələndirilməsi, eləcə də limanda Vahid Tranzit Mərkəzinin yaradılması bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Bu mərkəzdə gömrük, sərhəd, miqrasiya və digər əlaqəli xidmətlərin bir araya gətirilməsi logistika proseslərində vaxt itkisinin azaldılmasına yönəlib. Bu təcrübə göstərir ki, Azərbaycanın növbəti mərhələdə rəqabət üstünlüyü yalnız infrastrukturun həcmi ilə deyil, onun və əlaqəli xidmətlərin nə dərəcədə səmərəli və əlaqələndirilmiş işləməsi ilə müəyyənləşə bilər.
Beləliklə, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun gündəliyi Azərbaycanın investisiya cəlbediciliyinə yanaşmada mühüm bir istiqaməti önə çıxarır: ölkənin strateji coğrafi mövqeyi artıq yalnız tranzit üstünlüyü kimi deyil, regional bağlantı, istehsal, investisiya və iqtisadi dəyər yaratmaq imkanları ilə birlikdə nəzərdən keçirilir.








Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır