“Azexport” portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə ixrac genişləndirilir

“Azexport” portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə ixrac genişləndirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı tərəfindən növbəti sərbəst satış sertifikatları təqdim olunub. Sertifikatlar Azərbaycanda istehsal olunan 200 və 1000 millilitrlik ölçülərdə nar şirəsi məhsulunun Dominikan Respublikasına ixracı üçün nəzərdə tutulub.

Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq, “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Bu sertifikatın əldə olunması Azərbaycan məhsullarının Karib hövzəsi kimi yeni və perspektivli bazarlara çıxışını təmin edərək, ölkəmizin ixrac coğrafiyasının genişlənməsində mühüm rol oynayır. Eyni zamanda, Dominikan Respublikası bazarına giriş milli məhsullarımızın qlobal miqyasda rəqabətədavamlılığının və yüksək keyfiyyətinin göstəricisidir.

Ümumilikdə 2018-ci ilin aprel ayından 2026-cı il iyun ayına kimi 773 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın təqdim edilməsi sahibkarların xarici bazarlara çıxış imkanlarını genişləndirərək qeyri-neft ixracının artırılmasına və “Made in Azerbaijan” brendinin təşviqinə dəstək olur.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.