Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Bakıda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı həyata keçirilib. Sözügedən layihə Azərbaycanın bərpa olunan enerji mənbələri (BOEM) sahəsində aparıcı beynəlxalq investorlarla əməkdaşlıq çərçivəsində yeni generasiya güclərinin formalaşdırılması istiqamətində mühüm mərhələ hesab olunur. Bu açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi enerji transformasiyası ilə bağlı strateji yanaşmanın praktiki təzahürü kimi çıxış edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsində sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə mövzu ilə bağlı "İki sahil"ə müsahibə verib. O bildirib ki, müsahibədə qeyd olunan 2030-cu ilə qədər 6 qiqavat, 2032-ci ilə qədər isə 8 qiqavatlıq BOEM gücünün milli enerji şəbəkəsinə inteqrasiyası hədəfləri, enerji saxlanc sistemlərinin yaradılması və ötürücülük qabiliyyətinin 20–40 giqavatadək genişləndirilməsi hədəfləri, məhz bu kimi layihələrin sistemli şəkildə reallaşdırılmasını tələb edir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası həmin hədəflər çərçivəsində enerji sisteminin dayanıqlılığının artırılması və istehsal portfelinin şaxələndirilməsi baxımından funksional rol oynayacaqdır. Eyni zamanda, yerli şirkətlərin də BOEM sektoruna qoşulması ölkədə yeni enerji bazarının formalaşması, texnologiyalar üzrə rəqabətliliyin genişlənməsi və özəl sektor iştirakının artması baxımından müsbət dinamikanın göstəricisi kimi qiymətləndirilə bilər. Prezidentin çıxışında qeyd olunduğu kimi, BOEM üzrə istehsalın artması nəticəsində ixrac üçün daha çox qaza qənaət edilməsi, yaşıl keçidin iqtisadi səmərəlilik və enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini göstərir.
İİTKM-in sektor müdiri qeyd edir ki, Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi məsələlər ölkədə BOEM-in inkişafı, enerji sisteminin gücləndirilməsi və gələcəkdə Azərbaycanın qabaqcıl texnologiyalar üzrə regional mərkəzə çevrilməsi istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirildiyini nümayiş etdirir. Bununla yanaşı, müsahibədə səsləndirilən “elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əlavə etsək, rolumuz daha da böyük olacaq” fikri Azərbaycanın enerji siyasətində istehsalın genişləndirilməsi ilə yanaşı, enerji dəyər zəncirinin şaxələndirilməsinə və yeni texnoloji və innovativ sahələrin formalaşdırılmasına yönəlmiş strateji baxışını əks etdirir. Müasir rəqəmsal infrastrukturun əsasını təşkil edən Məlumat Mərkəzlərinin (Data Center) fəaliyyətinin yaşıl enerji ilə təmin edilməsinin nəzərə alınması zərurəti, məhz bu baxışın praktik müstəvidə reallaşdırılması üçün strateji baza yaradır. Azərbaycanda qarşıdakı illərdə Məlumat Mərkəzlərinin bərpa olunan enerji mənbələri hesabına işləməsi, superkompüter və yüksək performanslı hesablama infrastrukturunun qurulması, süni intellekt texnologiyalarının geniş tətbiqi kimi istiqamətlər, ölkəmizi yalnız enerji resursları ilə deyil, həm də rəqəmsal xidmət və innovasiya potensialı ilə regional güc mərkəzinə çevirmək üçün əlverişli imkanlar formalaşdırır. Dünyanın aparıcı texnologiya şirkətlərinin yaşıl enerji ilə çalışan Məlumat Mərkəzləri təcrübəsi göstərir ki, bu yanaşma enerji səmərəliliyini artırmaqla yanaşı, rəqəmsal iqtisadiyyatın dayanıqlılığını təmin edir. Bu mənada, ölkə başçısının enerji sistemi ilə bağlı irəli sürdüyü gücləndirmə təşəbbüsləri, rəqəmsal transformasiya hədəflərinin dəstəklənməsi və süni intellekt ekosisteminin inkişafı üçün əhəmiyyətli rol oynaya bilər.
Nəticə etibarilə, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi və Prezidentin ötən müsahibəsində səsləndirilən fikirlər Azərbaycanın uzunmüddətli enerji transformasiyasının kompleks yanaşma əsasında reallaşdırıldığını, BOEM sektorunun inkişafının milli maraqlarla uzlaşdığını və bu prosesin enerji sektorunda texnologiya əsaslı inkişaf istiqamətləri ilə paralel aparıldığını nümayiş etdirir. Enerji və rəqəmsal infrastrukturun inteqrasiyası üzrə təklif olunan mexanizmlərin reallaşdırılması, ölkəmizin qlobal innovasiya bazarında mövqeyinin güclənməsinə, enerji resurslarının daha yüksək əlavə dəyər yaradan texnologiyalara transformasiyasına və Azərbaycanın beynəlxalq rəqəmsal xidmət ixracatçısı kimi formalaşmasına mühüm töhfə verəcək.







Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır